İctimai Palatada görünməmiş polemika

“Yol xəritəsi”nin müzakirəsi gərgin keçdi (VİDEO)

“Niyyətimizi çatdırırıq, görsünlər ki, geriyə yol var. Yeganə yol Hüsnü Mübarəkin seçdiyi dəmir barmaqlıqlar yolu deyil” 

Əli Kərimli: “Yeni Konstitutsiyanı da o hazırlayacaqsa, daha İlham Əliyevi niyə dəyişirik?”

Dünən Müsavat Partiyasının qərargahında İctimai Palatanın “Avtoritarizmdən demokratiyaya yumşaq keçid – yol xəritəsi” adlı sənədinin müzakirəsi keçirildi. Tədbirə ölkədə fəaliyyət göstərən siyasi partiyalar, QHT-in nümayəndələri, hüquqşünaslarla yanaşı hakim partiyanın da təmsilçiləri dəvət olunmuşdu. Amma YAP mətbuat vasitəsilə tədbirdə iştirak etməyəcəyini əvvəlcədən bəyan etmişdi.

Tədbiri giriş sözü ilə açan İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal məlumat verdi ki, artıq iki aydır, sənəd mətbuat vasitəsilə ictimai müzakirəyə təqdim olunub. Bu müddət ərzində sənədlə bağlı xeyli təkliflər aldıqlarını deyən V.Mirkamal vurğuladı ki, İP «Yol xəritəsi»nin müzakirəsində yalnız vasitəçidir. Cəmiyyətin müxtəlif kəsimləri bu sənədin məzmunu ilə bağlı təkliflərini verməkdə sərbəstdirlər. V.Mirkamal onu da bildirdi ki, sənədin son variantı avqustun 27-də İP-ın növbəti sessiyasında qəbul olunacaq.

«Yol xəritəsi”nin meydana çıxma səbəbi


Sonra çıxış üçün söz layihə ilə bağlı məruzəçi olan İP Koordinasiya Şurasının üzvü, tanınmış politoloq Zəfər Quliyevə verildi. Sənədin qəbul olunma tarixçəsi barədə qısa məlumat verən Z.Quliyev söylədi ki, «Yol xəritəsi»nin ilkin mətni İP üzvü Pnah Hüseynə məxsus olub. Bu ilin aprelində İP-ın sessiyasında ümumi müzakirəyə çıxarılan sənədin irad və təkliflərə uyğun təkmilləşdirilməsi qərara alınıb. O və P.Hüseyn də sənədin üzərində birgə çalışıb:
– İctimai Palatanın  “Demokratiyaya yumşaq keçid – yol xəritəsi” ingilis dilinə tərcümə olunaraq beynəlxalq təşkilatların nümayəndələrinə də təqdim olunub. Sənədin qəbulunda onların və ictimaiyyət nümayəndələrinin də bir sıra təklifləri nəzərə alınıb. Nəticədə ilkin mərhələdə hazırlanan geniş sənəd məzmununu qorumaq şərti ilə daha yığcam formaya gətirilib. «Demokratiyaya yumşaq keçid – yol xəritəsi”nin meydana çıxma səbəbi nədir? Rəsmi təbliğatda İctimai Palata tez-tez qeyri-konstruktivlikdə, radikalizmdə ittiham olunur. Amma İctimai Palata yarandığı gündən məqsədinin demokratiyaya keçid, köklü islahatlar olduğunu bəyan edib və bu istiqamətdə təşkilatımız bütün siyasi qüvvələrlə, o cümlədən hakimiyyətlə əməkdaşlığa hazırdır. Amma İctimai Palata Azərbaycanda islahatların, korrupsiyaya qarşı mübarizənin real, anti-inhisar komissiyasının düzgün fəaliyyət göstərməsini istəyir. Bu kimi fəaliyyətlər yalnız görüntü xatirinə olmamalıdır. Bu baxımdan İctimai Palata yaxın zaman üçün qarşısında duran məqsədləri yığcam formada bu «Yol xəritəsi»ndə göstərib. Bu sənədin əsas məqsədi hakimiyyəti dialoqa dəvət etməkdir. Bununla biz həm yerli, həm də beynəlxalq ictimaiyyətə ölkədə demokratik dəyişikliklərə nail olunması üçün müzakirələrə hazır olduğumuzu nümayiş etdirmək istəyirik. Əgər hakimiyyət həqiqətən də Azərbaycanda islahatlar aparmaq niyyətindədirsə, o zaman addımlar daha konkret xarakter almalıdır. Bundan sonra irəli sürülən təkliflərlə bağlı müzakirə başlaya bilər. Çünki bir çox məsələr konkret olaraq hakimiyyətin əməkdaşlığa hazır olmasından asılıdır. Bundan sonra irəli sürülən hər təklifin reallaşdırılması üçün konkret vaxt müəyyənləşdirilə bilər.

Ortada iki fərqli sənəd var


Daha sonra hazırlanan sənədlə bağlı söz İP üzvü Pənah Hüseynə verildi. P.Hüseynin fikrincə, bu cür mühüm sənədin müzakirəsinə ölkənin siyasi təşkilatlarının, ictimaiyyət nümayəndələrinin dəvəti mətbuat vasitəsilə olmamalı idi:
-Əslində hazırda müzakirəyə çıxarılan sənəd əvvəlkindən köklü dərəcədə fərqlənir. Hazırda müzakirə olunan «Yol xəritəsi»ndən əsas ideyalar çıxarılıb. Nəticədə sənəd qeyri-müəyyən hala salınıb. Bu cür sənədlərdə deyilən ünvanı konkret göstərmək lazımdır. Bu baxımdan hesab edirəm ki, bu sənəd siyasi, hüquqi, nəzəri cəhətdən pisləşdirilib. Birinci sənəddə sərbəst toplaşmaq azadlığının təmini üçün iqtidardan konkret olaraq «Azadlıq» meydanının aksiyalar üçün açılması istənilib. Amma sonrakı sənəddə nədənsə bu, çıxarılıb və sərbəst toplaşmaq azadlığının müvafiq yerlərdə təmini ilə əvəz olunub. Bundan başqa birinci sənəddə təklif olunurdu ki, AzTv və İctimai Televiziyada müxalifətin çıxışı üçün konkret saatlar ayrılsın. Bu hissə televiziyalarda diskusiyaların aparılması ilə əvəzlənib. Ən əsas məsələlərdən biri – birinci sənəddə təklif olunurdu ki, ölkədə yeni Konstitusiya qəbul olunmalıdır. Amma sonrakı sənəddə indiki konstitusiyaya əlavə və dəyişikliklərin olunması istənilir. Bu mümkün deyil. Hazırkı situasiyadan bir başqasına mövcud Heydər Əliyev Konstitusiyası ilə keçmək qeyri-mümkündür.

Avtoritarizmin bel situnu prezidentdir

P.Hüseyn bundan başqa müzakirəyə təqdim olunan sənəddə proporsional sistemin majoritar sistemlə bərabər tutulmasını yanlış sayır. P.Hüseyn hesab edir ki, proporsional sistemin olmaması ötən müddət ərzində ölkədə partiyaların fəaliyyətinə neqativ təsir göstərib. Ona görə də proporsional sistemin daha üstün formada bərpası ölkədəki partiyaların dirçəlişi üçün bir yol ola bilər:
– Əvvəlki sənəddə Azərbaycanda parlamentli respublikanın yaradılmalı olduğu xüsusi vurğulanmışdı. Çünki hazırda ölkəmizdə avtoritarizmin bel sütunu prezident hakimiyyətidir. Hətta bir müddət əvvəl Ziyalılar Forumunun hazırladığı «Demokratiyaya doğru yeddi addım » xartiyasında parlamentli respublikaya keçidin vacibliyi vurğulanıb. Parlamentli ruspublikanın yaradılmalı olduğu dəfələrlə səslənib və bunu bir sosial sifariş saymaq olar. Mən düşünürəm ki, bu sənədin bu formada müzakirəyə təqdim olunmasını belə şərh etmək olar. İndidən bəzi siyasətçilər nə vaxtsa prezident olacaqlarını gözlərinin önünə alaraq səlahiyyətlərinin məhdudlaşdırılmasını istəmirlər. Mən bunu bu cür şərh edirəm.

İP maliyyə amnistisyası ilə bağlı mesaj ünvanlamalıdır


Çıxış edən İP üzvü, ekspert Ərəstun Oruclu hesab edir ki, hazırkı mərhələdə iqtidarı daxildən parçalamaq üçün İP-nın ünvanlayacağı birinci mesaj maliyyə amnistiyası ilə bağlı olmalıdır:
– Hazırda Azərbaycanda böyük məbləğdə leqal statusu olmayan maliyyə vəsaitləri toplanıb. Ona görə bu mühüm məsələ ilə bağlı İctimai Palata öz mövqeyini ortaya qoymalıdır. Bu hakimiyyət düşərgəsində çat yarada bilər. Çünki hazırkı mərhələdə yalnız bir neçə şəxs istisna olmaqla heç kimin əmlakına və maliyyəsinə təminat verilmir. Hakimiyyət isə İctimai Palatanın bu mesajının müqabilində həmin şəxslərə əmlaklarının təhlükəsizliyinin təmin olunacağı mesajını verə bilməyəcək. Bu ideya bir qədər qeyri-populyar səslənə bilər, amma hazırkı reallığa uyğun təklifdir.

İslahatlar mümkünsüzdürsə, inqilab yaxınlaşır

İP üzvü, vəkil Fəxrəddin Mehdi hesab edir ki, ciddi Konstitusiya islahatları zərurdir. Əksər inkişaf etmiş ölkələrin parlamentli respublika qurluşuna sahib olduğunu deyən F.Mehdi vurğuladı ki, parlamentli respublika Azərbaycanın tarixi ənənəlrinə də uyğun gəlir. Çünki ADR özü də vaxtı ilə parlamentli respublika olub. Hakimiyyətin təkliflərə münasibətinin mənfi olacağına gəlincə isə F.Mehdi bildirdi ki, Ruzveltin sözlərinə görə, əgər hakimiyyət islahatları mümkünsüz edirlərsə, o zaman inqilabı yaxınlaşdırırlar.
AXCP sədrinin müavini, İP üzvü Nurəddin Məmmədli isə bildirdi ki, əgər hakimiyyət özünü xilas etmək istəyirsə, o zaman islahatlara getməlidir:
– Avtoritar rejimlərin iki seçim yolu var. Ya islahatlar yolu ilə hakimiyyəti xalqa qaytarmalıdırlar, ya da repressiv tədbirləri gücləndirməlidirlər. Dünayda baş verənlər göstərdi ki, repressiv tədbirlərin güclənməsi istənilən effekti vermir.

Avtoritarizm sözü çıxarılmalıdır


İP üzvü Xaliq Bahadır isə hesab edir ki, hazırda müzakirəyə çıxarılan sənədin qəbulu üçün zaman yanlış seçilib:
– İctimai Palata güclənərək millətin içərisinə getməlidir. Bundan sonra bu cür sənədin qəbuluna keçmək olar. İlham Əliyev bu gün ermənilərlə dialoqa gedir, amma bizimlə bir masa arxasına oturmur. Biz öncə İctimai Palata olaraq hakimiyyətin alternativinə tam çevrildiyimizi təsdiqləməli, bu cür təkliflərin sosial-siyasi bazasın yaratdıqdan sonra onları müzakirəyə təqdim etməliyik.
İP üzvü, VHP-nin şöbə müidri Arif İsmayılbəyli isə hesab edir ki, əgər İP hakimiyyətlə dialoqa nail olmaq istəiyrsə, “Avtoritarizmdən demokratiyaya yumşaq keçid – yol xəritəsi”ndən avtoritarizm sözü çıxarılmalıdır. Çünki əgər hakimiyyət bu sənədlə müzakirələrə getməyə hazır olsa, o zaman özünün avtoritar olduğunu etiraf etmiş olacaq. Bu isə bir qədər inandırıcı görsənmir.
Professor Sultanhəmid Məlikovun fikrincə, hər bir sənədin üstün cəhətləri var. İP-nın bu sənədinin ümumxalq mövqeyinə çevrilməsi üçün geniş müzakirələrin təşkilinin tərəfdarı olan S.Məlikov vurğuladı ki, öncə növbədənkənar parlment seçkilərinin keçirilməsinə nail olunmalıdır ki, sonrakı mərhələdə demokratiyaya keçid üçün hazırlanan sənədləri məhz legetim parlament qəbul etsin.

Bu sənəd İctimai Palatanın platforması deyil


Aparılan müzakirələri məhsuldar və önəmli sayan AXCP sədri Əli Kərimlinin fikrincə, bu bir daha İP daxilində demokratiyanın olmasına dəlalət edir:
– Biz demokratiyanın verə biləcəyi bütün imkanlardan faydalanırıq. İctimai Palata daxilində demokratik mühitin olması göz önündədir. Bundan da artıq sərbəstlik demokratiya yox, anarxiya olar. Müxalifət daxilində heç bir siyasi qüvvə ilə dialoq problemimiz yoxdur. Hamı ilə danışır, məsləhətləşir, çıxış yolları arayırıq. Bu başqa məsələ ki, əgər kimlərsə bizimlə hədəfləri, ona çatmaq yollarını eyni görmürlərsə, biz onların hüququna hörmətlə yanaşırıq. Biz öz işimizi görürük, hədəfimizdən yayınmırıq. Bu gün müzakirə etdiyimiz sənədə gəlincə, bir məsələni yaddan çıxarmayaq ki, bu sənəd İctimai Palatanın platforması, proqramı deyil. Yaxın günlərdə biz İctimai Palatanın köklü dəyişikliklərlə bağlı platforma sənədini təqdim edəcəyik. Bu gün müzakirəsini apardığımız sənəd isə rejim dəyişikliyinin mexanizmi kimi nəzərdə tutulub. Ona görə də xahiş edirəm, kimin gələcəklə bağlı hansı arzuları burda öz əksini tapmayıbsa, yadına salsın ki, əgər bizim bütün arzularımızın hamısı İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə reallaşacaqsa, yeni Konstitutsiyanı da o dəyişəcəksə, daha onu niyə dəyişirik? Bu sənəd nəzərdə tutulub ki, hələki legitim olmasa da hakimiyyətdə olan bir şəxs var və həmin hakimiyyətin legitimləşdirilməsi üçün prezident seçkiləri keçirilməlidir. Sənədin axırı da prezident seçkilərinin keçirilməsi ilə bitir. O prezident seçkilərinin demokratik keçirilməsindən sonra artıq xalqın hakimiyyəti bərqərar olacaq və bundan sonra bizim proqramlarımızın həyata keçirilməsi məsələsi gündəmə gələcək. Ona görə də xahiş edirəm bu sənədi şişirtmək haqqında düşünülməsin. Oxuyanda da kimsə düşünməsin ki, bəs filan məsələ qaldı. Bəli, bəzi prinsipial əlavələri eləmək olar ki, bu keçid dönəmində daha çox insanın hüquqları təmin olunsun. Əvvəla iqtisadi siyasətlə bağlı antikorrupsiya tədbirləri, sosial tədbirlər nəzərdə tutulub. Amma bura yəqin ki, həqiqətən də iqtisadi azadlıqların, mülkiyyət hüququnun təmin olunması kimi fundamental hüquqları əlavə eləmək olar. Bu sənədin özəlliyi ondan ibarətdir ki, sənəd balanslı hazırlanıb, ölçülüb-biçilib Azərbaycanın milli maraqları əsas götürülüb. Yalnız müxalifətin, iqtidarın yox. Sənədin ilkin variantını Pənah Hüseyn hazırlayıb. Sonradan Koordinasiya Şurasının tapşırığı ilə Zəfər Quliyev onun üzərində iş aparıb. Son təqdim olunmuş variantın müəllifliyi təkcə Zəfər bəyin deyil Koordinasiya Şurasınındır. Bu sənəd təqdim olunanda biz düşünmüşük ki, əlbəttə, müxalifətçi dostlarımızın bir çoxu onu tənqid edəcək. Nəyə görə? Birincisi, dərhal tənqid eləmək olar ki, kimdir bu sənədi qəbul edən, hakimiyyət qətiyyən qəbul etməz. Başqa bir tənqid, bilirdik, o olacaq ki, niyə sənəd bu qədər yumşaqdır? Biz başa düşürük, belə tənqidlər olacaq. Amma biz istəmişik ki, ağılabatan, mümkün olan bir dəyişiklik konsepsiyası ortaya qoymaqla hakimiyyətin də əgər məntiqini itirməyibsə, razılaşa biləcəyi bir variant tapaq. Bu variantla ölkə qarşıdurmasız, qansız-qadasız dəyişikliklərə gəlib çıxa bilsin. Bax, konsepsiya bundan ibarətdir.

Günün birində Azərbaycan xalqı ayağa qalxacaq

Amma bu gün üçün bu sənədi İctimai Palatanın hakimiyyətə qəbul elətdirmək imkanları çox böyük deyilsə, o demək deyil ki, sabah da belə olacaq. Ölkədə şərait dəyişir. Bu dəyişikliklər hamını əhatə eləyəcək. Ona görə də biz niyyətimizi Azərbaycan xalqına, dünyaya, hakimiyyətə çatdırırıq. Düşünsünlər, görsünlər ki, açıq qapı, geri çəkilməyə yol var. Yeganə yol Hüsnü Mübarəklərin seçdiyi dəmir barmaqlıqlar, Qəddafinin seçdiyi özünün və yaxınlarının məhv olması yolu deyil.
Bu sənəddə Konstitusiyaya əlavə və düzəlişlərdən söhbət gedir. Onun ifadə formasını bir az da dəqiqləşdirməliyik. Söhbət konstitusiyaya hansı əlavə və düzəlişlərin edilməsindən gedir. Hakimiyyət bölgüsü real olmalıdır. Bu gün Azərbaycanda superprezidentlik var. Prezident səlahiyyətləri məhdudlaşdırılmalı, Milli Məclisin, hökumətin səlahiyyətləri genişləndirilməlidir. Proporsinoal seçki sisteminə keçid olmalıdır. Seçki komissiyaları ilə bağlı müvafiq dəyişikliklər olmalıdır. Amma biz hazırda yeni Konstitusiyanın müzakirəsini məqbul saymırıq. İstəmirik ki, rejim dəyişikliyi gündəmimizi böyük bir nəzəri diskussiya tutsun. Gündəmin dəyişməyini istəmirik. İstəyimizi köklü dəyişikliklərə nail olmaqdır. Əlbəttə, bizim qətiyyən fikrimiz yoxdur ki, gələcəkdə Azərbaycanı indiki konstitusiya ilə idarə edək. Yeni seçkilər keçiriləndən sonra bizim iradəmiz var ki, ölkənin milli demokratik qüvvələrinin birinci görəcəyi iş yeni konstitusiya layihəsinin başlanması olacaq. Hakimiyyət dəyişikliyi olana qədər bizim bütün addımlarımız qarşılıqlı kompromislə əldə olunacaq. Biz hər hansı bir proyektimizi o zaman reallaşdıra bilərik ki, hakimiyyət də buna razılıq versin. Amma bu təkliflərə razılıq verməsi üçün hakimiyyətdə dərin zəka yoxdur. Elə hakimiyyətin bugünkü müzakirəyə qatılmaması bunun ilkin siqnalıdır. Bizim əsas hədəfimiz indiki hakimiyyət, İlham Əliyevdir. Biz onlara deyirik ki, biz millətin maraqları naminə bu sənədi təqdim edirik, bu gün siz razı olmasanızsa da ən yaxın gələcəkdə bu mövzuya qayıda bilərsiniz, lakin istədiyiniz vaxt qayıda bilməzsiniz. O qədər vaxtı keçirərsiniz ki, artıq gec olar. Biz özümüz üçün müəyyən etməliyik ki, bu Azərbaycan müxalifətinin təqdim etdiyi keçid variantıdır. Bu yaxınlarda söhbət etdiyim bir diplomat dedi ki, Azərbaycanda vəziyyət Suriya ilə çox yaxındır. Amma nəyə görə orada adamlar kütləvi şəkildə mübarizə aparır. Amma Azərbaycan xalqında o kütləvi mübarizə yoxdur. Mənim versiyam ondan ibarətdir ki, Azərbaycan xalqı düşünür ki, bizdə vəziyyət çoxpartiyalı Suriyadan hələ də fərqlidir. Xalqın hələ də müxalifətdə, Avropa strukturlarından gözləntisi var. Xalq güman edir ki, biz bu yola Azərbaycanı yumuşaq demokratiyaya apara biləcəyik. Xalqın bizdən gözləntisi var. Amma bunun o biri tərəfi də var. Azərbaycan xalqı sonsuzluğa qədər gözləyə bilməz. Azərbaycan xalqı görəndə ki, müxalifətin təklfiləri qəbul olunmur, beynəlxalq təşkilatların tövsiyələri qulaqardına vurulur, o zaman günün birində Azərbaycan xalqı ayağa qalxacaq. O zaman Azərbaycan hökuməti bilməlidir ki, nə Qədaffidən daha dəli, nə Bəşər Əsəddən acımasız olmaq, nə də Hüsni Mübarəkdən çox təhlükəsizlik qüvvəsi yaratmaq mümkün deyil. Xalq ayağa qalxanda heç bir diktatorun onunla bacarmadığı bəllidir. Bu gün bizim mesajımız, xoş niyyətimiz odur ki, normal, sivil yolla edilən təklifi qəbul elə. Əks təqdirdə haqqı uğrunda mübarizəyə qalxan xalqla üz-üzə qalacaqsan. O zaman isə heç bir keçid xilas eləməyəcək.

Xalqın 90 faizi müxalifətdir

İP üzvü Qaya Əliyev təklif etdi ki, məhkəmə hüquq sistemində ciddi islahatlar sənəddə təklif olunduğu kimi ikinci yox, birinci mərhələdə reallaşdırılmalıdır. Çünki siyasi məhbusların azadlığının təmini üçün məhkəmə sistemində ciddi islahatlara ehtiyac var.
AXCP sədrinin ümavini Razi Nurullayev hesab edir ki, İP daha çox geniş sosial qrupların içərisinə gedərək təbliğatını ciddi şəkildə qurmalıdır:
– Azərbaycan xalqının 90 faizi müxalifət mövqeyindədir. Amma bu o demək deyil ki, bu insanların hamısı İctimai Palatanın çağrışı ilə küçələrə çıxmağa hazırdırlar. Düşünürəm ki, İctimai Palata ilk növbədə ortaya güc qoymalıdır ki, həmin gücə də adekvat olaraq bu cür sənədləri hakimiyyətlə müzakirəyə təqdim etsin.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə Pənah Hüseynin təkliflərinin bir çoxunun sənəddə əksini tapmasını istədiyini dedi:
– Hesab edirəm ki, yeni Konstitusiya qəbulu, parlamentli respublikaya keçid, proporsional seçki məsələsi sənəddə qoyulmalıdır. Ərəstun Oruclunun mülkiyyətlə bağlı qaldırdığı məsələ çox önəmlidir. Digər çox maraqlı təkliflər də səsləndi və bu barədə ciddi düşünmək lazımdır. Müzakirələrdə iştirak edən dostlarımıza bir həqiqəti yada salmaq istəyirəm ki, bu sənəddə irəli sürülən hər bir tezis nə qədər önəmlidirsə, onlardan daha önəmlisi sənədin özüdür. Ən önəmlisi İctimai Palatanın avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsini təqdim etməsidir. Biz bunu təqdim etməklə həm xalqımıza, həm hakimiyyətə, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirir ki, biz müzakirələrə açığıq. Önəmli olan bu mövqenin ortaya qoyulmasıdır ki, gəlin müzakirə edək. İsa Qəmbər İP-in 27 avqust sessiyasına qədər sənədin müzakirəsinin davam etdirilməsini və sessiyada sənədin yekun variantını qəbul eləməyi təklif etdi: “Yekun variantı qəbul edib rəsmən ictimaiyyətə və hakimiyyətə təqdim eləməliyik. O vaxta qədər bu sənəd müzakirəyə açıqdır. İrəli sürülən təklifləri də qiymətləndirəcəyik. Təkmilliyin sonu yoxdur.
Tədbirin sənədin 27 avqust sessiyasınadək müzakirə edilməsi və sessiyada qəbul olunması barədə qərar qəbul edildi.

Xəyal