Ömrümüzə qəsd edənlər

Bəli, indi bunlar tolerantlıqdan, multi-kulturalizmdən dəm vururlar. Bəzən hətta düzgün tələffüz edə də bilmirlər. Güman ki, bu sözlərin hətta mənasını da düzgün başa düşmürlər. Məsələn, tolerantlıq təkcə dini baxışlara dözüm və səbr mənasını vermir, ümumiyyətlə, fərqli dünyagörüşlərinə münasibəti özündə ehtiva edir. Bəli, biz tolerant ölkəyik – siyasətdən danışanın az qala dilini, öz haqqını tələb edənin isə az qala əlini kəsirik! Yaman tolerantlıqdır! Adam lap çaşıb qalır. Bəlkə kimsə bu ölkədə özünü azad hiss edir, amma o kəslər bizlər deyilik, çünki bu ölkə bizim üçün məhbəsdir – yeknəsəq həyat, tamam perspektivsizlik, üzücü durum… Mən təsəvvür etmirəm ki, başqa bir ölkədə də həyat bu qədər maraqsız ola bilər. Təbii, insan təbiətən narazı və tələbkar olur, amma bu, təbiətin doğurduğu narazılıq deyil. Həyat elə gətirdi ki, biz siyasətə qoşulduq, bəlkə də səhv etmişdik, bunu bilmirəm, hər halda qırx yaşından sonra bu haqda danışmaq mənasızdır. Amma həyat bizim bu siyasətə qoşulmağımızın mənasız olmadığını göstərdi, çünki biz öz səyimiz ilə siyasətdə naşı olmadığımızı sübut etdik, bu sahədə müəyyən uğur əldə edə biləcəyimizi sübut etdik. Amma nəticəsi nə oldu? Bu hakimiyyət bizim ömrümüzə qəsd etdi, səslərimizi aldı və uğurlarımızı heç etdi. Bəlkə də bir çox adam bizim mandatla parlamentdə oturub və bir çox məmur hökumətdə və qulluqda bizim yerlərimizi tutub. Bəli, bizləri bu ölkənin uğursuzlarına, lap acizlərinə çevirdilər. Amma aciz idikmi? Mən bu hakimiyyətin on səkkiz il keçəndən sonra söylədikləri bəzi sözlərə qulaq asıram. Biz bunları neçə il bundan əvvəl yazır və deyirdik? On beş il bundan əvvəl, bəlkə də daha çox!

Amma bu gün bundan danışmaq mənasızdır. Mən indilər ömrünü Stalinin düşərgələrində keçirən insanları xatırlayıram. Hətta o insanlar da belə illəri indiki kimi hədər keçirməmişdilər. Biz hədər keçirdik ömrümüzü. Bizi buna vadar etdilər. Yox, mən etdiklərimizə görə peşimançılıq çəkmirəm, məhz elə etmədiklərimizə görə acıyıram. Biz çox şey edə bilərdik. Bəlkə də onlarla və daha çox kitablar yazıla bilərdi, dissertasiyalar müdafiə edilərdi. Biz bunları edə bilmədik. Illər də keçdi, keçdi. Mən bütün bunların günahını məhz bizim hakimiyyətdə görürəm. Elə daha praqmatik olanlar da çox şey edə bilmədi, uzağı özləri üçün titul qazandılar. Bir vaxtlar deyirdik ki, elə bir dövr gələcək ki, bu ölkənin peşəkar siyasətçiləri olacaq. Elə özümüz ilk peşəkarlar olduq və səhvimiz bu oldu ki, bu cür adamların dövründə siyasəti peşəyə çevirib başqa məşğuliyyətləri atdıq. Səhvimiz də onda idi ki, bizlər peşəkar siyasəti də müəyyən qaydalar daxilində dərk və qəbul edirdik. Amma bu hakimiyyət üçün siyasət qaydasız döyüşdür, onlar onu ancaq qaydasız döyüş tək başa düşürlər – qarşıda rəqib var və onu nəyin bahasına olursa-olsun məğlub etmək lazımdır! Bəli, bu hakimiyyətin fəlsəfəsi budur və belə fəlsəfəni qəbul edənlər bu gün tolerantlıqdan dəm vururlar. Heç kim də soruşmur ki, necə olur ki, siz dini icmalarla, xalqlarla, etnik qruplarla dil tapdığınız halda ölkə müxalifətilə dil tapa bilmirsiniz! Bəlkə soruşan çox olardı, amma bunlar heç kimə söz vermirlər…

Kiçik sözardı

Bəli, bir qədər gileyli yazı oldu. Amma nə etmək olar? Insan yaşa dolduqca bir qədər deyingən olur. Bəli, tarixdə özü və dövrü ilə harmoniyada yaşayan insanlar da olub. I.Kant bütün ömrü boyu Kenisberqdən qırağa çıxmayıb və ən maraqlısı da elə budur ki, bu, ona universitetdə coğrafiyadan mühazirə oxumağa mane olmayıb. Siyasətə münasibəti də fəlsəfi olub. Kenisberqi rus ordusu müvəqqəti işğal etdiyi zaman o, yeni hökumətə qarşı da itaətkarlıq nümayiş etdirib. Mən bunları niyə görə deyirəm? Bəli, insanlar ömrü boyu harmoniya axtarır, baxmayaraq ki, bir çoxu heç bunun adını belə bilmir, amma onu axtarır və axtarır! Onu tapmayan insanlar həmişə özlərilə, ətrafla, cəmiyyətlə ixtilafda olurlar. Mən bilmirəm, nə daha yaxşıdır? Bunu, yəni harmoniyanı tapmaq, ya tapmamaq? Doğrudan da çətin sualdır, özü də çox çətin…