Gənc fəalların işinə baxan hakimə kütləvi etirazlar

Əhəd Məmmədli polisdəki dəhşətlərdən danışdı

Ictimai Palatanın 2 aprel aksiyasına görə həbs olunan 4 gəncin işi üzrə dünən Nəsimi rayon Məhkəməsində proses davam etdirilib. Hakim Şahin Abdullayevin sədrlik etdiyi məhkəmə iclası gənc fəal Rüfət Hacıbəylinin vəkili Elçin Namazovun vəsatətilə başladı.

Hakimin savadına ciddi şübhələr yaranıb…

E.Namazov bildirdi ki, hakim Şahin Abdullayev avqustun 9-da keçirilən məhkəmə iclasında ciddi qanunsuzluğa yol verib:
– Həmin məhkəmə iclasında hüquqlarını müdafiə etdiyim Rüfət Hacıbəyli ittihamın mahiyyətinin ona aydın olmadığını bildirib və nədə ittiham olunduğunun ona izah edilməsini məhkəmədən xahiş edib. Çox təəssüf ki, hakim Şahin Abdullayev ittihamin mahiyyətini izah etməyə çətinlik çəkdiyini göstərməklə, müdafiə tərəfində hüquqi savadına ciddi şübhələr yaradıb. Bunu sübut etmək üçün tək bir suala hakim Şahin Abdullayevin verdiyi cavaba baxmaq kifayətdir. Həmin iclasda müdafiə tərəfinin sualı belə oldu ki, “ictimai qayda nədir?”. Hakim bildirdi ki, “ictimai qayda insanların istirahətidir”. Hakimin bu cavabını iş üzrə şahid qismində dindirilmiş süpürgəçilər, limonsatanlar və ayaqqabı təmir edənlərin verdikləri ifadələrlə müqayisə edərək, müdafiə tərəfi o qənaətə gəlib ki, süpürgəçilər, limonsatanlar və ayaqqabı təmir edənlər suallara daha məntiqli cavab verirlər.

Hakim YAP-a xidmət edib…


Vəkil hakimi hazırkı rejimin siyasi maraqlarının müdafiəçisi, seçki saxtakarı kimi qiymətləndirdi:
– Hakim Şahin Abdullayevin 1998-2000-ci illərdəki fəaliyyətini nəzərə alaraq, düşünürəm ki, ona etiraz edilməlidir. Şahin Abdullayev həmin illərdə YAP hakimiyyətinə xidmət edib. Azərbaycan xalqının seçki hüququnun zorlanaraq kobud şəkildə saxtalaşdırmalarla yadda qalmış 1998-ci ilin prezident, 1999-cu ilin bələdiyyə seçkilərində Şahin Abdullayev Mərkəzi Seçki Komissiyasında baş məsləhətçi işləyib. Müdafiə tərəfi olaraq, bizdə ciddi şübhələr var ki, Abdullayev bu xidmətlərinin mükafatı olaraq, hakim vəzifəsinə təyin edilib. Bu məhkəmə işi ilə əlaqədar sərgilədiyi qanunsuz davranışlarıyla Abdullayev bu şübhələrimizi xeyli möhkəmləndirir. Qeyd olunanlar sübut edir ki, hakim işin nəticəsində maraqlıdır. Odur ki, Cinayət Prosessual Məcəlləsinin 109.1.8-ci maddəsinə əsaslanaraq, Şahin Abdullayevə etiraz edirəm.

***

Vəkil əlavə olaraq dedi ki, avqustun 9-da keçirilən məhkəmə iclasında Şahin Abdullayev müdafiə tərəfinə işin mahiyyətini aydınlaşdırmağa imkan verməyib, suallara cavab verməkdən imtina edib:
– Ən başlıcası isə, müdafiə tərəfi hakimə etiraz etdiyini bildirdiyi halda, etirazın təqdim olunmasına imkan vermədi. Bununla da Heydər Əliyevin imzasıyla təsdiqlənmiş Cinayət Prosessual Məcəlləyə zidd olaraq, bir mərhələ bitməmiş, başqa mərhələyə keçdi. Müdafiə tərəfinin etiraz hüququnu məhdudlaşdırmaqla hakim işin nəticəsində maraqlı olduğunu bir daha sübut edib.
“Siz nə işlə məşğul olmusunuz?”
Ülvi Quliyevin vəkili Osman Kazımov hakimdən E.Namazovun ittihamlarına arayış verməsini tələb etdi. Hakim isə ittihamlara qeyri-dəqiq cavab verməklə həmin dövrdə MSK-da işlədiyini təsdiq etdi. Amma saxtakarlıqda rol oynaması barədə heç nə demədi. O bildirdi ki, həmin illərdə MSK-da beynəlxalq şöbədə işləyib və xaricdən gələn qonaqların yerləşdirilməsini təmin edib.

Şəxsiyyət defisiti

Əhəd Məmmədlinin vəkili Yalçın Imanov da hakimə etirazı dəstəkləyərək Azərbaycan məhkəmələrində hakimlərin şəxsiyyət defisiti yaşadığını dedi. Onun sözlərinə görə, bu, siyasi işlərdə daha qabarıq müşahidə edilir.
Elnur Məcidlinin vəkili Mənsum Bayramov məhkəmələrin asılı vəziyyətdə olduğunu qeyd edərək hakimə etiraz etdi:
– Hesab edirik ki, məhkəmə polis hakimiyyətindən, rejimdən qurtulub müstəqil olmalıdır. Lakin məhkəmə istintaqdan gələn ittiham aktını hökmə köçürməklə işini yekunlaşdırır. Polis istədiyini tutur, məhkəmə isə buna göz yumur. Həmkarımın vəsatətini müdafiə edirəm və təmin edilməsini istəyirəm.
E.Məcidlinin vəkili Xalid Bağırov da müvəkkilinin nədə ittiham olunduğunu başa düşmədiyini hakimin nəzərinə çatdırdı. Vəkilin sözlərinə görə, E.Məcidli nədə ittiham olunmasıyla bağlı hakimdən yazılı cavab istəsə də, bu günə kimi o cavabı ala bilməyib.
Özünə olan etirazlarla bağlı qərar qəbul etmək üçün hakim müşavirə otağına yollandı. Təxminən yarım saatlıq müşavirədən sonra hakim etirazın baxılmamış saxlanılması barədə qərarını açıqladı.

9 sual

Elçin Namazovun növbəti vəsatəti müdafiə etdiyi şəxsə verilən ittihama aydınlıq gətirilməsi barədə oldu. Bunun üçün o, 9 sualın cavablandırılmasını tələb etdi. Suallar isə aşağıdakılardan ibarət idi:
– “Ictimai qayda” dedikdə nə nəzərdə tutulur?
– Ictimai qaydalar hansı normativ hüquqi aktlarla tənzimlənir?
– Rüfət Hacıbəyli hansı ictimai qaydanı pozmaqda günahlandırılır?
Vəkil tələb etdi ki, ittihamın mahiyyəti və tövsif barədə veriləcək izahat-cavab protokolda qeyd olunmaqla yanaşı, yazılı izahat verilsin.
Yerində müşavirə keçirən hakim bu vəsatəti də təmin etmədi.

Vəkil vəsatət verməkdən, hakim onları rədd etməkdən yorulmur

Daha sonra Elçin Namazov Rüfət Hacıbəylinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırdı. O bildirdi ki, müdafiə etdiyi şəxsin sağlamlığında ciddi problemlər var. Vəkil xatırlatdı ki, 2 dəfə analoji vəsatətlə çıxış etdiyindən və hər dəfə hakimdən rədd cavabı aldığından hakimin vəsatətə mövqeyi bəri başdan bəllidir. Buna görə də o, hakimə də şifahi etiraz verir.
Hakim ev dustaqlığı ilə bağlı vəsatəti müzakirəyə çıxarmaq istədikdə Elçin Namazov dedi ki, hakimə etiraz verildiyi üçün vəsatəti müzakirə etməsi mümkün deyil. Bundan sonra hakim etirazla bağlı qərar qəbul etmək üçün müşavirə otağına yollandı. 20 dəqiqəlik müşavirədən qayıdan hakim bildirdi ki, vəsatət şifahi verildiyindən təmin edilmədi. Bu zaman Elçin Namazov yazılı vəsatət hazırlamaq üçün prosesdə fasilə verilməsini istədi. Təxminən 10 dəqiqəlik fasilədən sonra Elçin Namazov hakimə yazılı etirazını təqdim etdi.
Bu vəsatət də təmin edilmədi. Bundan sonra Elçin Namazovun Rüfət Hacıbəylinin barəsindəki qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti müzakirə edildi. Prokuror vəsatətin rədd edilməsini istədi.

“Azadlıq”, “Istefa” qışqırmağa görə adamı həbs edərlər?

Vəkil Osman Kazımov vəsatətin əsaslı olduğunu bildirdi və təmin edilməsini istədi. O dedi ki, bundan da qatı cinayətkarları məhkəmə azadlıqda saxlayır:
– Dövlət əmlakını talan edirlər, heç kim səs çıxarmır. Burada isə 4 uşağın üstünə düşüblər. 233-cü maddə ilə kimisə həbsdə saxlamaq mümkün deyil. Çünki bu maddənin tərkibində cərimə cəzası da var. Qatı cinayətkarları, narkotik alverçilərini məhkəmə azadlığa buraxır. Bu gün bir uşağı azadlığa buraxmamaq nə deməkdir? Kimdən qorxurlar? Bu uşaqlar nə edib ki? “Azadlıq!”, “Istefa” qışqırıblar, lap yaxşı ediblər, buna görə adamı həbs edərlər?
Vəkillərin birmənalı mövqeyinə baxmayaraq, hakim vəsatəti təmin etmədi.

Hakim “mister NOT” rolunda

Elçin Namazov növbəti vəsatətində müvəkkilinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin avqustun 14-də başa çatdığını bildirərək, onun dərhal azadlığa buraxılmasını istədi.
Eyni vəsatətlə Əhəd Məmmədlinin vəkili Yalçın Imanov da çıxış etdi. O bildirdi ki, Ə.Məmmədlinin barəsindəki müddət avqustun 9-da başa çatıb. Y.Imanov qeyd etdi ki, müdafiə etdiyi şəxs bir həftədir qanunsuz həbsdə saxlanılır. Vəkil Ə.Məmmədlinin dərhal azadlığa buraxılmasını istədi.
Hakim bu vəsatətləri də təmin etmədi.

***

Nəhayət məhkəmə təqsirləndirilən gənc fəalların dindirilməsinə başladı. Rüfət Hacıbəyli ittihamın mahiyyətinin ona aydın olmadığını əsas gətirərək, hazırkı mərhələdə ifadə verməkdən imtina etdi. Eyni mövqeni Elnur Məcidli də nümayiş etdirdi.

Gənclər ittihamı rədd edir

Ifadə verən gənc fəal Ülvi Quliyev bildirdi ki, qanunsuz və əsassız ittihamlarla mühakimə edilir. O, konstitusion hüquqlarından istifadə edərək, öz təşəbbüsü ilə ölkədəki özbaşınalığa, korrupsiyaya etiraz etmək üçün mitinqə çıxdığını bildirdi. Ülvi dedi ki, onları həbs etdirməkdə hakimiyyətin məqsədi dirçələn Azərbaycan gəncliyinin gözünü qorxutmaqdır: “Mən aksiyada ”Azadlıq!” şüarları səsləndirmişəm. Buna görə də məni həbs ediblər. Hər kəsin sərbəst toplaşmaq hüququ var. Amma icazə verilmədiyini əsas gətirib aksiyanın keçirilməsinə mane olurlar. “Icazəsiz aksiya” anlayışı yoxdur. Aksiyanın keçirilməsi barədə əvvəlcədən xəbərdarlıq edilir. Icazə verilsə də, verilməsə də, aksiya keçirilməlidir.
Aksiyada fəal iştirak etdiyini deyən Ü.Quliyevin sözlərinə görə, polislər mitinq zamanı vətəndaşları xüsusi vəhşiliklə döyüb:
– Nəsimi rayon Polis Idarəsinin rəis müavini Süleyman Nemətovun Müsavat partiyasının üzvləri – Tofiq Yaqublu və Mustafa Hacıbəylini döydürməsinin şahidi olmuşam. Biz aksiyada nə istəmişik? Ölkədə korrupsiyaya son qoyulmasını tələb etmişik, buna görə də həbs edilmişik.

“YAP-çıyam, amma hakimiyyətin siyasətilə razı deyiləm”

Ü.Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu da məhkəmə də açıqladı:
– Həbs olunana kimi YAP-ın üzvü olmuşam, amma bu partiyanın xalqa qarşı yürütdüyü siyasəti heç vaxt bəyənməmişəm, bu partiyanın siyasətinə qarşı mübarizə aparmışam. Partiyanın üzvü olmağımdan xəbərim olmayıb. Hələ Səbail rayonunda yerləşən 49 saylı orta məktəbdə oxuyarkən, məktəbin direktoru məni YAP-a üzv qəbul etdirib. Hakim partiyanın üzvü olsam da, aksiyada iştirak etmişəm. Çünki korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır. Mənim adıma YAP-ın vəsiqəsi var, həmin vəsiqəni də Nəsimi rayon Polis Idarəsində saxlayırlar.
O.Kazımov bildirdi ki, Ü.Quliyevin YAP tərəfindən verildiyi vəsiqəsi Nəsimi rayon Polis Idarəsində girov saxlanılır. Həmin vəsiqənin əhəmiyyətli olduğunu deyən vəkil vəsiqənin polis idarəsindən tələb edilməsini istədi. Hakim isə məsələyə münasibətini bildirmədi.

“Belimdə bir ay dəyənək izi qalıb”

Daha sonra Müsavat Partiyasının üzvü Əhəd Məmmədli ifadə verdi. O bildirdi ki, günahsız yerə həbs edilib, özünə qarşı ittihamları “şər, böhtan” adlandırdı. Ə.Məmmədli bildirdi ki, həbsdə saxlanılması siyasi sifarişin nəticəsidir. Onun sözlərinə görə, həbsdən azad olunması hakim səviyyəsində həll olunan məsələ deyil.
Aksiya keçirilən gün Nəsimi rayon Polis Idarəsinin rəisi Məmməd Mikayılovun göstərişi ilə həbs olunduğunu deyən gənc fəal saxlanılarkən və polis idarəsində rəisin göstərişilə amansızcasına döyüldüyünü də ifadəsində qeyd etdi. Əhəd dedi ki, onun bədənindən bir ay dəyənəyin yeri getməyib, bir müddət bədəninin sağ tərəfi işləməyib. Gənc fəal polisdə saxlanılarkən onlara su və çörək belə, verilmədiyini də işgəncə faktı kimi qeyd etdi.

Dili dolaşan polislər

Daha sonra zərərçəkmiş qismində tanınan Nəsimi rayon Polis Idarəsinin əməkdaşı Nicat Seyidov və Ilham Zamanov ifadə verdilər. Nicat Seyidov bildirdi ki, aksiya zamanı Ülvi Quliyev ona xəsarət yetirib. Vəkillərin sualı qarşısında hansı xəsarət aldığını deyə bilməyən polis serjantı sadəcə, “mən zərərçəkmişəm” deməklə kifayətləndi.
O, üzləşdiyi “zərəri” orijinal formada izah etdi:
– Ülvi sinəmdən vurdu, papağım yerə düşdü.
Ilham Zamanov Əhəd Məmmədlini saxlamasından danışarkən dedi ki, onun polisə qarşı heç bir təhqiramiz münasibətini görməyib. Vəkillərin tələbilə onun istintaqa verdiyi izahat oxundu. Ilham orada yazıb ki, Əhəd polis maşınına tüpürüb, onlara qarşı nalayiq ifadələr işlədib. Tüpürmək məsələsinin ortaya çıxması polisi pərt durumda qoydu, o, bu halı təkzib etdi. Amma həmin sözlərin izahatda necə yer aldığını da izah edə biləmədi…
Məhkəmə prosesi avqustun 18-də davam edəcək.

Natiq