Dövlət başçısı, yoxsa özbaşınalıqların başçısı

Leyla Yunusun evinin yerlə-yeksan edilməsi həm də siyasi xarakter daşıyır. Bu, sözsüzdür. Orada başqalarının da evini sökdülər, amma Leyla xanıma başqalarına edilən anlaşmanı belə, təklif etmədilər. Indi o da bəlli olur ki, Leyla xanımın xarici mətbuatda sərt çıxışının sabahısı gün evi traktorların ağzına veriblər.  Özbaşınalığın son həddidir, heç olmasa evin içindəki əşyaları qorumadılar. Oradakı maddi və mənəvi mülki də kənara çıxarmadılar. Düşmən kimi dağıtdılar…

Leyla Yunus ictimai adamdır, kifayət qədər aydın mövqeyi olan bir hüquq müdafiəçisidir, hakimiyyətin qanunsuz əməllərini sərt tənqid edir. Tutaq ki, ona qarşı bu düşmən münasibət ictimai mövqeyi ilə bağlıdır, lakin başqalarına, heç bir ictimai tənqidə sahib olmayan vətəndaşların mülkiyyət hüququna qarşı özbaşınalıqlar niyə var?
Mətbuatdan, az qala iki ildir izlədiyim bir dava var: Bakı Dövlət Universitetinin dosenti Səidə Useynova ilə Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov arasında mülki mübahisə. Səidə Useynova Leyla Yunus kimi ictimai fəallıq edən, hakimiyyətin nöqsanlarını deyən bir adam deyil. Dərinə gedib axtarsaq, bəlkə də YAP-çıdır. Amma bu adamın da mülkünü saxtakarlıqla ələ keçiriblər və dağıdıblar.  
Görün, Səidə xanım nə deyir: “Bu, ötən ilin avqust ayında baş verdi. Elə həmin ayın 21-də bağa köçəndə gördük ki, vurub bizim hasarı da uçurublar, ərazimizdə tennis kortu tikiblər. Qapı-qapı düşdük ki, bu tikintini kim aparır. Nə fəhlələr, nə də tikintiyə rəhbərlik edən bu barədə heç nə demədi. Dedilər ki, bizi bura firma göndərib, tikintinin sahibini tanımırıq”“.

Səidə xanımın qızı Tubuxanım deyir: «Gördük ki, traktorla fundament daşlarını çıxarıblar, dedik neynirsiniz, bu, ümumi evdir, indi bizim hissə də dağılacaq. Fəhlələr dedilər bizim «xozeyin» fundamenti çıxarıb sizin evin altında 1500 kvadratlıq təzə tikili üçün kanalizasiya qovşağı edəcək. Bizim otağa bitişik həmin otağa maşınlarla peyin tökmüşdülər. Ona bitişik yerdə isə 25 fəhlə üçün üstü açıq ayaqyolu tikmişdilər. Şərikli mülkiyyətdə, divarla bölünən ümumi evdə necə mal-qara tövləsi etmək olardı, hələ də bizə çatmır”“.”

Tikintinin sahibi tapılıb nəhayət. O, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovdur.  Leyla xanımın evinin uçurulması ilə oxşar situasiya deyilmi bu hadisə? Eyni özbaşınalıq deyilmi? Orada ki Qış bulvarı tikmirlər, bəs niyə başqasının mülkünü başına uçururlar?! Bu ailə məhkəmələrdə qalıb, haqqını təsdiq etdirə bilmir. Məhkəmənin biri qərar verir, digəri ləğv edir.

Mülkiyyət məsələsini qoyaq bir yana. Avqustun 10-da vətəndaş Aydın Aydınlının idarə etdiyi “Range Rover”“” markalı maşınla 2 yaşlı Altay Rəhimovun vurulub öldürülməsi barədə mətbuatda xəbər yayıldı. Biz başa düşürük, sürücünün günahının dərəcəsindən  asılı olmayaraq, bu, qəsdən törədilmiş cinayət deyil. Lakin məlum olur ki, istintaq orqanları ölən körpənin yaxınlarına təzyiq edir. Mərhumun babası Tofiq Rəhimov deyir ki, avqustun 12-də işi araşdıran Nəsimi Rayon Polis Idarəsinin müstəntiqi Pərviz Abdinov onu polis idarəsinə çağırıb. Bundan sonra müstəntiqin yanına gedib və təzyiqlə üzləşib: “Müstəntiq mənə xəbərdarlıq etdi və dedi ki, bu işdən əl çək. O, mənə bildirdi ki, şikayət etmə, onsuz da heç nə çıxmayacaq. Onu da dedi ki, iş sizin xeyrinizə deyil, həmin maşının heç bir yerində cızıq yoxdur. O, maşının uşağa dəymədiyini, uşağın maşına gəlib dəydiyini bildirdi. Uşaq təzə-təzə yeriyirdi. Müstəntiqin dediyinə görə, guya uşaq arxadan gəlib maşına dəyib.”

Axı müstəntiqin nəyinə lazımdır ki, iş kimin xeyrinədir, yaxud kim-kimdən şikayətçidir. Istintaqını apar və işi yolla məhkəməyə. Bu nə özbaşınalıqdır?Bütün bunlardan sonra adamın bir sualı qalır. Bu ölkədə hakimiyyəti tək əlində cilovlayan Ilham Əliyev dövlət başçısıdır, yoxsa özbaşınalıqların başçısı?!