Bu rejim artıq sonunu yaşayır

«Bunların islahat keçirib Azərbaycanı normal vəziyyətə gətirmək iqtidarı yoxdur»

Aqil Səmədbəyli: «Ölkədə hər kəsin haqqını vermək üçün böyük ürək sahibi, mərd olmaq və bu xalqa mənsub olmaq lazımdır»

 

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli ölkənin siyasi gündəminin aktual məsələlərilə bağlı “Azadlıq”ın suallarını cavablandırıb.

– Ictimai Palata yaranandan xeyli problemləri müzakirəyə çıxarıb, əhəmiyyətli dərəcədə təşkilatlanma işləri həyata keçirib. Buna baxmayaraq, hakimiyyət təmsilçiləri hələ də bu təşkilatı qəbul etmək istəmir, hətta Ictimai Palatanı “Ictimai Palata adlanan qurum” adlandırırlar.
– Hakimiyyətin məsələlərə yanaşması, ictimai-siyasi hadisələrə, dünyada baş verənlərə, ümumiyyətlə Azərbaycan xalqına münasibəti anormaldır. Normal təfəkkür sahibi olanlar məsələlərə normal prizmadan baxırlar və düzgün nəticə çıxarırlar. Buna uyğun da addım atırlar. Bizim hakimiyyət “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyir. Nəinki Ictimai Palatanı, hətta Azərbaycan xalqını, eyni zamanda beynəlxalq təşkilatları da veclərinə almırlar. Onların tələblərini, istəklərini qulaqardına vururlar. Özlərini eşitməzliyə, görməzliyə vururlar. Bütövlükdə bu hakimiyyəti idarə edən məntiq, düşüncə sağlam deyil. Primitiv, avtoritar düşüncədir. Ölkəni betonlaşmış təfəkkür idarə edir. Bunun nəticəsidir ki, Azərbaycan xalqının bu gün yeganə mərkəzləşmiş siyasi qüvvəsi olan Ictimai Palatanı bu cür qiymətləndirirlər. Eyni zamanda Ictimai Palatanı beynəlxalq təşkilatlar, Azərbaycan xalqının qəbul etdiyi, diqqətə aldığı halda, hakimiyyət onu görməməyə çalışır. Təbii ki, bunun ciddi təşkilat olduğunu başa düşürlər. Yaxın zamanlarda bu təşkilat öz gücünü  Azərbaycan hakimiyyətinə göstərəcək. Ancaq hakimiyyət hələ ki, öz məntiqi ilə hərəkət etməkdə davam edir.

– 2 aprel aksiyası zamanı həbs edilənlərin məhkəməsi davam edir. Proseslə bağlı qənaətiniz nədən ibarətdir?
– Azərbaycanda təəssüflər olsun ki, müstəqil məhkəmə yoxdur. Bütün hakimiyyət icra hakimiyyətinin əlində cəmləşib. Onlar həm qanunverici, həm icraedicidilər, həm də məhkəmə nəzarətini həyata keçirirlər. Buna görə bəri başdan məhkəmənin ədalətli qərar çıxaracağına çox ciddi şübhələrim var. Əgər müstəqil məhkəmə olsa, həbs olunanlar azadlığa buraxılmalıdır. Ancaq onların həbsi birbaşa siyasi qərardır.

Artıq bu rejim məhv olub

– Məhkəmələrdə diqqət çəkən başqa bir məqam da şahidlərlə bağlıdır. Istər Vidadi Isgəndərlinin məhkəməsi, istərsə də 2 aprel aksiyası iştirakçılarının məhkəməsində şahidlər ya polisdi, ya vaxtilə cinayət işlədənlər, ya da əqli cəhətdən problemi olanlardır. Görünür hakimiyyət onun maraqlarından çıxış edəcək normal şahid də tapa bilmir. Bu məqamı necə qiymətləndirirsiniz?
– Məhkəmələrin gedişi, orada dindirilən şahidlər Azərbaycandakı rejimi bütövlükdə ifşa edir. Hətta DSK, MnSK-nın üzvləri seçki məcəlləsini bilmədiklərini məhkəmədə açıq şəkildə ifadə edirlər. Şahid kimi ora gələnlərin əksəriyyətinin məsələdən xəbərsiz olduğu üzə çıxır. Şahidlərə deyirlər ki, orda sənə beş dəqiqə sual verəcəklər, ona cavab ver, vəssalam. Şahidlər gəlib orada tamam başqa mənzərə ilə rastlaşırlar. Ümumiyyətlə, oradakı ittihamla əlaqəli ifadə vermirlər. Onlar deyir ki, biz bu adamları görməmişik, tanımırıq. Bunlar bizə heç bir zərər vurmayıb. Məlum olur ki, bütün o ittihamlar mərkəzləşdirilmiş qaydada, şablon şəkildə əvvəlcədən hazırlanıb. Çalışırlar ki, şahidlər tapsınlar. Orda da iflasa uğrayırlar, doğru-düzgün şahid tapa bilmirlər.
Azərbaycan xalqı bir daha sübut etdi ki, doğrudan da qəhrəman xalqdır. Çünki nə qədər bu rejim xalqı məhv etməyə çalışdı, amma istədiyinə nail ola bilmədi. Bu gün artıq Azərbaycan xalqı haqqın tərəfindən dayanmağa özündə cəsarət tapıb. Məhkəmələr də bunu açıq şəkildə göstərdi ki, bu rejim məhv olub. Ancaq hakimiyyət, rejim mənsubları inadkarlıq edirlər. Geri çəkilmək niyyətində deyillər. Bunların islahat keçirib Azərbaycanı normal vəziyyətə gətirmək iqtidarı yoxdur.

Bunlar ancaq Lukaşenkonu doğma sayırlar

– Ərdoğanın səfəri zamanı Ilham Əliyev iki ölkə arasındakı münasibətlər barədə bəyanatlar verdi. Səfər nəyi dəyişdi və Əliyevin sözləri ilə əməlləri üst-üstə düşürmü?
– Azərbaycanla Türkiyənin münasibətləri xalqlar səviyyəsində yaxşı olsa da, hakimiyyətlər səviyyəsində münasibətlər pisdir. Bu da Azərbaycan hakimiyyətinin Türkiyəyə qarşı qeyri-səmimi mövqeyi ilə bağlıdır. Hakimiyyət bəzi məsələlərin tezliklə həllində maraqlı deyil. Bunun əsas səbəbi odur ki, Türkiyə demokratik ölkədir. Azərbaycan isə demokratik ölkə deyil. Bir misal çəkim. Dünya azərbaycanlılarının qurultayı zamanı Ilham Əliyev üçün xüsusi kürsü qurulub. Onun çıxışından dərhal sonra kürsü dəyişdirilib və digər çıxışçılar başqa kürsüdən istifadə etməli olub. Budur bunların mahiyyəti. Bunlar istəməz ki, Azərbaycan demokratikləşsin. Hakimiyyət demokratik cəmiyyətlərdən, demokratik hakimiyyətlərdən uzaq durmağa çalışır. Ancaq harda ki, özlərinə bənzər, Beluras kimi rejimlər var, onları özlərinə doğma hesab edirlər. Belə rejimlərlə əməkdaşlıq edirlər və lazım olanda bir gecəyə 100 milyonlarla dolları onlara verirlər.
Viza məsələsini həll etmədilər. Bu Azərbaycan hakimiyyətinin qeyri-səmimiliyinin konkret nümunəsidir. Türkiyə birtərəfli qaydada viza rejimini aradan qaldırsa da, Azərbaycan hakimiyyəti bunu həll etmir. Nabucco məsələsində birmənalı mövqe tutmurlar. Eyni zamanda Türkiyəyə satılan qazın qiymətində bir neçə dəfə problem çıxıb. Halbuki Süleyman Dəmirəl Naxçıvana 100 milyon dollar vermişdi. Heydər Əliyev o pulu qaytarmadı, Türkiyə də o pulu bağışladı. Bu gün Azərbaycanın ən çətin anlarında onu dəstəkləyən, yanında dayanan Türkiyədir. Iran sərhədləri pozanda, ölkəmizə psixoloji təsir edəndə türk şahinləri Azərbaycana mənəvi dəstək verdilər. Irana və dünyaya Azərbaycanın yanında olduqlarını göstərdilər. Bütün bunların müqabilində Azərbaycan hakimiyyətinin Türkiyəyə qarşı münasibəti çox soyuq, qeyri-səmimi görünür. Sözdə qardaş, əməldə isə tamamilə başqa münasibətlər mövcuddur.

Hakimiyyət Türkiyə ilə münasibətlərdə səmimi deyil

– PKK-nın Azərbaycanda dayaqlarının olması ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Ancaq Azərbaycan hakimiyyəti məsələnin araşdırılmasında maraqlı görsənmir. Bu susqun münasibətin arxasında nə dayanır?
– Ərdoğan Bakıya gələndə Ilham Əliyev şifahı bəyanat verdi. Azərbaycanda PKK-nın olduğu uzun illərdir müxtəlif səviyyələrdə, müxtəlif insanlar tərəfindən səsləndirilir. Azərbaycan xalqında da belə inam var ki, ölkədən PKK-ya ciddi maliyyə axını var. Hətta bir ara belə söz-söhbət də gəzdi ki, Türkiyə rəsmiləri Azərbaycan hakimiyyətinə PKK-nın burdakı fəallarının siyahısını təqdim ediblər. Onlar yaxın zamanlarda həbs olunacaqlar. Ancaq heç kim həbs olunmadı. PKK-çılar özləri də deyir ki,  Azərbaycan bizim ən güclü dayaqlarımızın olduğu ölkələrdən biridir. PKK-çıların bura dəstə-dəstə gəlib getdikləri barədə informasiyalar da var. Xüsusilə Naxçıvana, eyni zamanda Bakıya rahat gəldikləri barədə çoxsaylı informasiyalar var. Amma təəssüflər olsun ki, hakimiyyət bu məsələyə laqeyd yanaşır, göz yumur.
Məntiq etibarilə hakimiyyət sözdə qardaş dediyi xalqın qanını tökən təşkilatın nümayəndələrinə fəaliyyət göstərmək imkanı yaradır. Bu Azərbaycan hakimiyyətinin Türkiyəyə münasibətinin növbəti göstəricisidir. Bu, bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti sözdə Türkiyəyə qardaş deyir, əməldə isə başqa münasibət bəsləyir.

Ölkədə xalqa söykənən hakimiyyətin olması vacibdir

– Iki gün əvvəl Ərdoğan PKK ilə bağlı sərt bəyanat verdi və mübarizənin daha da güclənəcəyini dedi. Azərbaycan bu məsələdə qardaş ölkəyə hansı yardımı göstərməyə borcludur?
– Azərbaycan bu məsələdə birgə siyasət yürütməlidir. Sevincimiz kimi dərdlərimiz də ortaqdır. Türkiyə ilə Azərbaycanın siyasəti bir birinə dəstək olmalıdır. Azərbaycanda normal bir hakimiyyət olsa, ancaq bu cür siyasət yürütməlidir. Türkiyənin bu probleminin həllində ona əlində olan bütün imkanlardan istifadə edərək kömək etməli və Türkiyə ilə arada olan problemlərin ən qısa zamanda həll olunması üçün bütün səylərini səfərbər etməlidir. Ancaq biz bu hakimiyyətdən bunu görmürük və gözləmirik.

– Iran növbəti dəfə Azərbaycanı təhdid edib. Belə fikir var ki, hakimiyyətin qeyri-legitim olması, beynəlxalq aləmdən güclü dəstək almaması Iranı da arxayınlaşdırıb. Siz bu fikirlə razısınız?
– Bütün dünya Azərbaycanda hansı vəziyyətin olduğunu bilir. Iran da bundan xəbərdardır. Iran rəsmisinin Azərbaycanı hədələməsini pisləyirəm. Bunların davamlı olmaması üçün, eyni zamanda Azərbaycanın dünya səviyyəsində sözünün ciddiyə alınması üçün ölkədə rejim dəyişməlidir. Xalqa söykənən, arxasında xalqın dayandığı, ədalətə, qanunlara söykənən bir hakimiyyətin olması vacibdir.

Tarixi saxtalaşdırmaq tarixi cinayətdir

– Mütəllibovun Bakıya gəlişindən sonra eks-prezidentlərin statusu məsələsi yenidən gündəmə gəldi. Ancaq YAP təmsilçiləri bu statusun yalnız Heydər Əliyevə şamil olunmasını istəyir. Burda əsas məqsəd nədir?
– Eks-prezidentlərin statusu uzun müddətdir gündəmə gətirilir, sonra səngiyir. Bu məsələdə birbaşa hakimiyyətin apardığı siyasət onu göstərir ki, bunlar Azərbaycanın müstəqilliyinin bərpası tarixini, imkanları çatarsa, Rəsulzadədən başlayaraq üzü bu yana öz adlarına yazarlar. Saxtakardılar, tariximizi saxtalaşdırırlar. Hakimiyyətdən istifadə edib cinayət törədirlər. Tarixi saxtalaşdırmaq tarixi cinayətdir. Azərbaycan xalqına qarşı sayğısızlıqdı, hörmətsizlikdir. Azərbaycanın Milli Azadlıq mübarizəsinə hörmətsizlikdir. Bu məntiq mütləq məğlub olacaq, mütləq iflasa uğrayacaq. Necə ki, 70 il sovet imperiyası Məmməd Əmin Rəsulzadəni, Azərbaycanın azadlığı uğrunda mübarizə aparanları Azərbaycan xalqının düşməni kimi təqdim etdilər. Ancaq nəticədə yenə də o boyda imperiya iflasa uğradı.
Bu gün hər kəsin qəlbinin toxunulmaz guşəsində Məmməd Əminin abidəsi var. Baxmayaraq ki, Əliyevlər rejimi şəhərin mərkəzində ona abidə qoymağa cəsarət etmir. Eyni zamanda bu məsələdə onlar Heydər Əliyevdən əvvəl Azərbaycanda prezidentin olduğunu həzm edə bilmir. Bu, çox xəstə təfəkkür, xəstə məntiq, xəstə yanaşmadır. Hər kəsin haqqını vermək üçün böyük ürək sahibi, mərd olmaq lazımdır. Azərbaycan xalqının adət-ənənəsini mənimsəmək, bu xalqa mənsub olmaq lazımdır. Bu xalqın keçmişini həzm edə bilməyən, onu mənimsəyə bilməyən, özününkü saymayan məntiqə ad verməkdə çətinlik çəkirəm. Ona görə də hələ heç nə gözləmirəm. Azərbaycanın bütün problemləri kimi bu məsələ də rejim devriləndən sonra həllini tapacaq.

– Rəsulzadənin heykəli olmasa da, hər rayonda Heydər Əliyev muzeyləri, mərkəzləri var. Orada olan kitab və şəkillərə isə istənilən məmurun otağında rast gəlmək olar. Belə olan halda, bu qədər vəsaitin əhəmiyyətsiz işələr sərf edilməsinə nə ad vermək olar? Keçmiş prezidentin ailə üzvü kimi Elçibəyə belə münasibətin bəslənməsini istərdinizmi?
– Əbülfəz Elçibəyin ailəsinin Bakıda bir evi var. Indiki məmurlar kimi onlarla evi yoxdur. Azərbaycanın Milli Azadlıq Hərəkatının lideri, demokratik yolla seçilən ilk prezidenti olmuş, Türk Dünyası Xalqları Assambleyasının fəxri sədri seçilmiş, Azərbaycanın azadlığı uğrunda həyatını qurban vermiş bir şəxsiyyətin bu rejim işığını kəsib. Amma Heydər Əliyevin ölkə daxilində və xaricdə heykəllərinin ucaldılmasına on milyonlarla pul xərclənir. Azərbaycanın tarixi bütövlükdə Heydər Əliyevləşdirilir. Bu, çox davam edə bilməz. Bunun bir sonu olmalıdır. Məhkəmə kulminasiya nöqtəsidir. Rejim sonunu yaşayır. Xalqa ögey münasibətin nəticəsi olmalıdır. Demokratik cəmiyyət uğrunda mübarizə başlayıb. Xalq layiq olduğu demokratik dəyişikliyə nail olacaq.       

Fizzə Heydərli