«Prezident kompensasiyası» adıyla insanlara 250 manat da əlavə verirlər
Bakıda söküntü bumu davam edir. Şəmsi Bədəlbəyli, Füzuli küçələrinin, Neftçilər prospektinin sakinlərini yurdlarından didərgin salandan sonra növbə Yusif Səfərov küçəsi, 1 ünvana çatdı. Sözügedən ünvan Bakı şəhər Baş Polis Idarəsinin yeni binasının yaxınlığında yerləşir. Insanlara zülm isə buranın işçilərinin gözü qarşısındadır.
“72 kvadrat metrdən 35-ni sayırlar”
Sakinlərlə görüş zamanı məlum oldu ki, avqustun 6-da küçənin sakinlərini elə polislərin gözü qarşısında döyüb evlərindən çıxarıblar. 30 ailədən yalnız 7 ailə hazırda burada yaşayır. Onlar da hər gün təhdid içində yaşayırlar. Qaz, su, işıqlarını kəsəcəkləri ilə qorxudurlar. Sakinlərin sözlərinə görə, 1905-ci ildə tikilmiş birmərtəbəli binalar sökülür. 21 saylı mənzilin sahibi Natiq Babayev deyir ki, heç bir rəsmi sərəncam olmadan onun evini sökmək istəyirlər. Binanın söküləcəyi barədə onlara Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Ağəli Əhmədov bildirib.
Babayev deyir ki, sakinlərə “ədalətsiz kompensasiyalar”, yəni şəhərin bu hissəsində mənzilin dəyərindən xeyli az vəsait təklif edilib. Belə ki, hər kvadrat metr yaşayış sahəsi üçün 1250 manat üstəgəl 20% “prezident kompensasiyası” təklif olunur. Ancaq insanlar “prezident kompensasiyası”nın nə olduğunu soruşanda – hər kvadratmetr üçün əlavə 250 manat adlandırırlar.
“Bizim ailəyə 35 kvadratmetr yaşayış sahəsi üçün 47 min manat təklif olunb. Mənim iki evim var. Biri 42, digəri isə 30 kvadratdır. Kompensasiya ödəyəndə isə 35 kvadrat üçün verirlər. Bu cür özbaşınalıq harada ola bilər? Halbuki qonşuluqdakı yeni binalarda təmirsiz mənzilin bir kvadrat metri 1500 dollardır. Bu binalarda 80-100 kvadrat metrdən az sahəsi olan mənzil satılmır”.
Insanlar icra hakimiyyətinin 30 kvadratmetrlik birotaqlı tikililəri nəzərə almaq istəməməsindən şikayətlənirlər. Deyirlər ki, rayon icra hakimiyyətinin 1989-cu il tarixli sərəncamı əsasında qanuni olaraq evlər tikilib: “Onlar bu tikilinin nəzərə alınmayacağını deyiblər. Amma onu diqqətlə ölçüblər və fotoşəklini çəkiblər. Bu, mənzillərin alqısı zamanı korrupsiyaya yol verildiyini düşünmək üçün əsas verir”.
Park tikiləcək, yoxsa göydələn?
Evləri başlarına uçurulanlar kompensasiyanın ödənilməsinin qeyri-şəffaf həyata keçirildiyini deyirlər: “Apreldə pulu Kapital Banka köçürüblər, ancaq məlum olub ki, orada pul yoxdur. 3-4 ay sonra pulların ”VTB-Azerbaijan” bankında olduğu ortaya çıxıb”.
Natiq Babayev ona çatacaq puldan imtina edir və ədalətli kompensasiya tələb edir: “Biz qeyri-adi bir şey tələb etmirik. Qoy hər kvadratmetr üçün 1500 manat, üstəgəl ”20% prezident kompensasiyası” ödəsinlər, ya da tikiliyə görə də kompensasiya ödəsinlər. Yalnız bu halda mən şəhər daxilində 5 nəfərlik ailə üçün mənzil ala bilərəm”.
Bizimlə söhbət edən sakinlər qeyd edirlər ki, 30 ailədən 23-ü hədələrə və polisin təzyiqinə davam gətirə bilməyib və pulu alaraq mənzillərini tərk ediblər: “Qalan 7 ailəni istənilən an heç bir məhkəmə qərarı olmadan küçəyə ata bilərlər”.
Nəsimi rayon icra başçısının birinci müavini Ağəli Əhmədov mətbuata açıqlamasında bildirib ki, sakinlərə hər kvadratmetr üçün 1500 manatdan kompensasiya təklif olunub və 34 ailədən 16-sı vəsaiti alaraq köçüb. Yalnız sənədi olmayan tikililər üçün əlavə pul tələb edənlər qalıb: “Lakin kompensasiya 1 saylı forma arayışı və mülkiyyət hüququ haqqında sənədlərə əsasən yaşayış sahəsi üçün verilir.
Icra başçısının müavini qeyd edib ki, pullar rəsmi olaraq bank hesablarına köçürülür, həm də komisyon xidmətləri vətəndaşların hesabına ödənilir. O bildirib ki, sözügedən ünvanda yaşayış evləri park kompleksinin tikintisi ilə əlaqədar sökülür.
Ancaq sakinlər buna inanmırlar. Onlar deyirlər ki, burada park adıyla “göydələn” tikəcəklər: “Istəmirlər ki, əlavə səs-küy yaradılsın. Ona görə də belə edirlər. Məgər park salmaq üçün başqa ünvan tapa bilmirdilər?”.
Sakin Nəriman Nəsirovun mənzilinin sahəsi 66 kvadrat metrdir. 1987-ci ildən burada yaşayan Nəriman müəllim deyir ki, ona kompensasiya üçün 25 kvadratını hesablayıblar: “41 kvadrat göydə qalır. 1500 manatdan kompensasiya verilir. Deyirlər ki, hər kvadrat metr üçün 1250 manat, prezidentin ehtiyat fondundan 250 manat əlavə ödəyirlər”.
Sakinlər deyirlər ki, burada yaşayan bir neçə vəzifəli sənəddə yazılandan da artıq kompensasiya alıb: “Bir sakin yaşayırdı, prezident qvardiyasında işləyir. Onun evinin sahəsi 22 kvadratmetr idi, ancaq 49 kvadratmetr üçün kompensasiya ödənildi. Belə biabırçılıq olar? Bizim haqqımızı kəsirlər, ancaq vəzifəli şəxsə dəyərindən artıq verirlər”.
***
Növbəti haqsızlıq. Yenə insanlar mənzillərindən didərgin salınır. Son illər vətəndaşların məcburi köçürülməsi faktları kütləvi hal alıb. Bu zaman bəzilərinə pul, digərlərinə şəhər kənarında mənzillər təklif olunur. Bu kampaniya qeyri-şəffaf, dövlət orqanlarının rəsmi qərarları olmadan və çox vaxt söküntünün dayandırılması haqqında məhkəmə qərarlarına zidd olaraq həyata keçirilir. Çox vaxt vətəndaşlar polis gücünə evlərindən çıxarılır.
Indiyədək nə Nazirlər Kabineti, nə Bakı meriyası kompensasiyaların müəyyən edilməsi metodikasını açıqlayıb. Görünür, bundan sonra da açıqlanmayacaq…
Ramin DEKO


