Əvvəl süd-qatıq satan gəlir.
Və uca səslə dörd-beş dəfə “süd var, qatıq var” anonsunu verir.
O zat səhər tezdən – saat 7-də təşrif buyurur. Ən azı bir saat süd-qatıq alveri davam edir.Sonra kimyəvi maddələr satan alverçilər təşrif buyurur.
Binanın hər blokunun qarşısında “xlor”, “mebel yağı”, “kislota” hayqırtısı iki-üç dəqiqə davam edir.
Saat doqquz-on arası “Jiquli”sinin baqajını tərəvəzlə dolduran birisi həyətdə “xiyar, badımcan, pomidor, kartof var” deyərək nərə çəkir.Sonra çiyninə palaz, kilim, hamam dəsmalı, örtük salanın zənguləsi eşidilir.
Ardınca süpürgə satan gəlir, meyvə satan gəlir.
Dəm çayniki, stəkan, büllur qab-qacaq satan peyda olur.
Daha sonra azyaşlı uşağının əlindən tutan peşəkar dilənçinin avazı eşidilir.Və qapı döyülür.
Biri su pulunu istəyir.
Ikincisi, işıq puluna görə gəldiyini deyir.
Üçüncüsü, qaz pulunu tələb edir.
Oxuduqlarınız uzaq bir məkanda yox, Bakıda təzahür edir.
Analoqsuz inkişaf edən Azərbaycanın paytaxtı olan Bakıda.
Və utanıb-qızarmadan dünyaya car çəkirlər ki, Azərbaycan iqtisadi qalxınmasına görə dünyanın lider dövlətidir.
900 min iş yeri açdıqlarını fəxrlə bəyan edənlərə sual edirəm, cənablar, dünyanın hansı ölkəsinin başkəndində belə bir mənzərə mövcuddur?
Dünyanın hansı ölkəsində vətəndaş meyvə-tərəvəzi, südü, qatığı, süpürgəni, hamam dəsmalını, kimyəvi maddələri yaşayış binasının qarşısında bağıra-bağıra satır?
Inkişafı olan dövlətin vətəndaşının qapısı işığa, qaza, suya olan borca görə döyülərmi?
Padşahın maşın karvanı keçən yolların sağ-solundakı binaların fasadlarını bahalı daşlarla bəzəyənlərə bir sözüm var.
Cənab büdcədağıdanlar, dövlətin inkişafı evlərin fasadlarına vurulan bəzəklə ölçülmür. Inkişaf dediyiniz məfhum mürəkkəb bir anlayışdır. “Inkişaf”ın içində təkcə rüşvətxor dövlət məmurlarının fironlarsayağı yaşamı yer almır axı. Ora xalqın da maddi durumu daxildir. Orada mədəniyyətin, təhsilin, səhiyyənin də yeri olmalıdır.
Ola bilməz axı bir dövlətin iqtisadiyyat maşını saatda 200 kilometr, mədəniyyət, təhsil maşını isə 20 kilometr sürətlə hərəkət etsin.
Sual edirəm, iqtisadi inkişaf sosial inkişafla düz mütənasib deyil?
Bakının siması məmur multimilyonerlərin inşa etdirdikləri obyektlərə və büdcədən pulsilmə əməliyyatlarına rəğmən dəyişir, bunu görməmək korluqdur.Şəhərin küçələrində “bura zibil tökənin…”, ictimai ayaq yollarında “su tökməyənin…” xəbərdarlıqları, liftlərdəki ürəkbulandıran mənzərələr, yolun kənarında asılmış heyvan cəmdəkləri necə, mədəni tərəqqimizdən xəbər verir?
Dövlət vahid bir orqanizmdir. Mümkün deyil ki, mədə və ya başqa orqan daha çox inkişaf etsin, fəqət baş inkişafdan qalsın. Belə hal yalnız xəstəliklər zamanı meydana çıxa bilər.
Nə yazıqlar ki, YAP başbilənləri bu patologiyanı görmürlər.
Məhz bu korluğa görə də nizamı itib Azərbaycanın.
Analoqsuz inkişaf edir Azərbaycan.
Yəni, bu inkişafın nə bir elmi əsası var, nə də nizamı.
Durumuna rəğmən kim nə bacarırsa, onu da edir.
Biri 7 ulduz hotel tikdirir, biri divara “bura zibil atanın…” yazır, biri xlor satır, biri də…