Şahin Mustafayevdən Ziya Məmmədova zərbə

Iqtisadi Inkişaf Nazirliyi Anar Məmmədovun «Transqeyt» şirkətiylə bağlı araşdırmalara başlayıb

Iqtisadi Inkişaf Nazirliyi Bakı kəndlərinə gedən marşrut avtobuslarda yoxlamalar keçirib. Nazirlikdən verilən məlumata görə, daxil olmuş müraciət əsasında  “Əzizbəyov” metrosu – Buzovna qəsəbəsi – “Əzizbəyov” metrosu istiqaməti üzrə 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən “Transqeyt” MMC-yə məxsus avtobuslarda sərnişindaşıma xidmətlərinin göstərilməsi zamanı qiymətlərin qanunvericiliyə uyğunluğu vəziyyəti yoxlanılıb.
Aparılan yoxlama zamanı, 7 nömrəli marşrut üzrə Maştağa və Buzovna qəsəbələrinə gedən və həmin qəsəbələrdən “Əzizbəyov” metrosuna gələn sərnişinlərdən artıq gediş haqqı alındığı müəyyən edilib. Belə ki, Azərbaycan Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən gediş haqqı Maştağa qəsəbəsinədək 25 qəpik, Buzovna qəsəbəsinədək 30 qəpik olduğu halda, 7 nömrəli marşrutda Maştağaya gedən sərnişinlərdən 30 qəpik, Buzovnaya gedən sərnişinlərdən isə 40 qəpik gediş haqqı alındığı aşkar edilib.
Qeyd olunanlarla əlaqədar, 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən “Transqeyt” MMC-yə məxsus avtobuslarda gediş haqlarının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Bakı Sərnişin Nəqliyyatı” MMC-yə göstəriş verilib və “Transqeyt” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Hazırda digər marşrutlarda süni qiymət artımına yol verilib-verilməməsilə bağlı araşdırmalar aparılır(APA).
Qeyd edək ki, qiymət artımında ittiham edilən “Transqeyt” MMC nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsusdur.