Ərdoğanın bəyanatı Bakıya da mesajdır

Elxan Şahinoğlu: «Hakimiyyət, içində PKK ilə əməkdaşlıq edən qüvvələri neytrallaşdırmalıdır»

Ədalət və Inkişaf Partiyasının (AKP) 10-cu ildönümü mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürdlərin təmsil olunduğu BDP-yə və PKK-ya növbəti sərt mesajlar göndərib. “Bıçaq sümüyə dirənib, əvəzi ağır olacaq” deyə Ərdoğan vurğulayıb. Ərdoğanın bu cür sərt tona keçməsini ekspertlər Türkiyə rəhbərliyinin PKK ilə mübarizədə ciddi addımlar atmağa hazırlaşmasının mesajı kimi dəyərləndirirlər.
Bu baxımdan Ərdoğanın PKK-ya qarşı mübarizədə hansı addımları atmaq niyyətində olduğu maraq doğurur. Son günlər Türkiyə mətbuatında Azərbaycanla PKK-nın əlaqələrinə dair yeni məlumatlar dərc olunub. Bəzi informasiyalara görə isə seçkilər zamanı kampaniyanın aparılması üçün kürd partiyasına Azərbaycandan maliyyə dəstəyi edilib. Ərdoğan Bakıda səfərdə olarkən I.Əliyevin Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanımasını bəyan etməsi isə məsələni bir qədər qəlizləşdirir. Belə olan halda, Ərdoğanın son sərt açıqlamasından sonra Türkiyə Azərbaycandan PKK ilə bağlı konkret addımların atılmasını istəyə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, hələ Ərdoğan iqtidarı yenicə hakimiyyətə gələndə kürdlərin siyasəti ilə bağlı xeyli yeniliklərə imza atdı. Bu kursun seçilməsində məqsədin PKK probleminin bütövlükdə sivil yolla həll edilməsi olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, zaman ötdükcə göründü ki, əksinə, kürdlərin tələblərinin artmasının fonunda, terrorizm meylləri daha da güclənir: “Hazırda kürdlərin Türkiyədə xeyli hüquqları var. Onlar artıq öz ana dillərində təhsil ala, dil kurslarına gedə bilərlər. Bundan başqa, TRT-də kürd dilində fəaliyyət göstərən ayrıca kanal da mövcuddur. Yəni, kürdlərə xeyli azadlıqlar verilib və onların vəziyyəti on il əvvəlki ilə müqayisədə yaxşıdır. Amma buna baxmayaraq PKK fəaliyyətini yenə genişləndirir və terrorçuları dağdan salmaq hələ də mümkün olmayıb. PKK-nın son əməliyyatı isə Türkiyə rəhbərliyini qəzəbləndirib. Ona görə də Türkiyə rəhbərliyi ordu və polislə bir olaraq PKK-ya qarşı geniş hərbi əməliyyatlara başlaya bilər”.
Bu istiqamətdə Türkiyənin yenidən Şimali Iraqa müdaxiləsini istisna etməyən E.Şahinoğlu vurğuladı ki, Ərdoğan kəskin addımlar deyəndə PKK bazalarına sarsıdıcı zərbələrin endirilməsini nəzərdə tuta bilər. Azərbaycandan PKK ilə bağlı addımların atılması tələbinin səslənmə ehtimalına gəlincə, E.Şahinoğlunun fikrincə, Ərdoğanın açıqlaması əslində bunun bir mesajıdır: “Azərbaycanın dövlət başçısının PKK-nı terror təşkilatı kimi tanıması barədə bəyanatından sonra Bakıdan bu istiqamətdə növbəti addımları gözləyirlər. Bu sırada ilk növbədə PKK-ya qarşı mübarizədə qanunverici bazanın yaradılması mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, tez-tez mətbuatda PKK-nın müxtəlif qollarının Azərbaycanda fəaliyyət göstərməsi və ya maliyyə alması barədə məlumat verilir. Rəsmi Bakı ya bu cür xəbərləri təkzib etməli, ya da onları ciddi araşdırmalıdır. Əks halda Ilham Əliyevin verdiyi bəyanatdan belə çıxacaq ki, Azərbaycan sözdə bir cür, əməldə isə başqa cür hərəkət edir. Əslində Ərdoğanın bu açıqlaması həm PKK-ya, həm də bu təşkilatı himayə edən qüvvələrə ciddi mesajdır. Bu baxımdan Azərbaycan rəhbərliyi də Ərdoğanın sözlərindən nəticə çıxarmalı və hakimiyyət içində PKK ilə əməkdaşlıq edən qüvvələri real şəkildə neytrallaşdırmalıdır”.

Xəyal