“Sandi Tayms” Kadırovun seks kölələrindən yazıb

Britaniyada çıxan “Sandi tayms” qəzeti Çeçenistan prezident Ramzan Kadırovun seks kölələri saxladığından yazıb.

Qəzet Zalina İsrailova adlı bir qızın taleyindən bəhs edərək yazır ki, o, Kadırovun dəhşət saçan təhlükəsizlik xidmətinin yüksək mənsəbli əməkdaşlarından biri tərəfindən zorlanıb və hamilə qalıb.

Adlarının çəkilməsini istəməyən hüquq müdafiəçilərinin dediyinə görə, uşaq doğulandan sonra atası onu qadının əlindən alıb, onun özünü isə oğurlayaraq hansısa “təlim-məşq bazası”na göndəriblər.
“Sandi tayms” yazır: “Orada onu digər qızlarla birlikdə silah altında saxlayıblar. Qızları çılpaq şəkildə saxlayırmışlar. Yaraqlıları hər gün gəlib onları zorlayır, həmçinin döyürmüşlər”.
Qəzetin yazdığına görə, Zalina bu bazada 4 ay qalıb, sonra qaça bilib. Ona mühafizəçilərdən birinin yazığı gəlib və qaçmasına yardım edib. Çeçen qızı əvvəlcə Sankt-Peterburqa, daha sonra Qərbi Avropaya qaçmağa müvəffəq olub.
Britaniyalı jurnalist yazır ki, 2008-ci ilin aprelində valideynləri 33 yaşlı Zalina İsrailovanı dilə tutaraq yenidən Çeçeinstana qayıtmağa razı salıblar. O. ata-anası ilə görüşmək üçün vətənə qayıdıb və tezliklə öldürülərək ad-soyadı göstərilmədən naməlum məzarda dəfn edilib.

“Memorial” təşkilatının rəhbəri Natalya Estemirova qəzetə danışıb ki, sözü gedən bazada qızları bir böyük otaqda saxlayırdılar: “Onlar burada yeyir-içir, yuyunurdular. Axşamlar kişilər gəlirdi və onları daima zorlayırdı. Bazadan bazaya aparılarkən qızların gözlərini bağlayırdılar. Onlar həmişə dəyişirdi. Çox pis vəziyyətdə idilər. Bəziləri isə ilim-ilim itirdi”.

“Sandi tayms” yazır ki, İsrailova hüquq müdafiəçilərinə “zorlama bazası”na baş çəkən kişilərdən bir neçəsi Çeçenistan prezidenti Ramzan Kadırova yaxın adamlar olub. Seks köləsi olan qızlardan biri kişilərdən birinin mobil telefonunu oğurlayıb yaddaşını gözdən keçirərkən Kadırovun telefon nömrəsini görüb.
İsrailovanın sözlərinə görə, həmin qız Kadırova zəng edib və baş verənlərdən ona şikayətlənib. Buna cavab olaraq prezident telefonun yiyəsinə acıqlanıb ki, o, nəyə görə fahişələrin onunla telefon əlaqəsi yaratmasına imkan verib.

Britaniyalı jurnalist qeyd edir ki, Natalya Estemirova Çeçeinstanda qadınların başına gətirilən oyunlarla bağlı hesabat hazırlamaq məqsədilə kölə qızlarla ikinci dəfə görüşmək istəyib, ancaq onun özünü 2009-cu ilin iyulunda oğurlayıb öldürüblər.

“Sandi tayms”ın reportyoru müdhiş iddialara cavab almaq üçün Çeçenistan prezidentinin administrasiyasında olub, onunla görüşüb. Kadırov ittihamları rədd edərək deyib ki, özünə hörmət edən çeçen soyunan qadına baxmaz, o da ola seks köləsi saxlasın.