Daşkəsəndə polis vəhşəti

Üç polis bir nəfəri döyüb ölümcül hala saldı (VİDEO)

Zəhərlənən övladına dərman almaq istəyən atanın özünü xəstəxanalıq etdilər

Daşkəsəndə polislər Rövşən Verdiyev adlı şəxsi ölümcül hala salıb. Bu barədə “Azadlıq”a zərərçəkənin yaxınları məlumat verib. Onların sözlərinə görə, Rövşən Verdiyev avqustun 14-ü axşam saatlarında zəhərlənmiş uşağı üçün dərman almaq məqsədilə evdən çıxıb. Aptekə gedən zaman yolda dayanmış 3 nəfərdən biri – rayonda “Şurik” ləqəbi ilə tanınan Zahid Məmmədliyev ona “cinayətkara oxşayırsan” deyə replika atıb. Rövşən Verdiyev polisin replikasına etirazını bildirdikdə, Zahid Məmmədliyev və digər həmkarları ona hücum çəkib. Elə oradaca vətəndaşı təpikləyən polislər daha sonra onu rayon polis şöbəsinə aparıblar. Şöbədə isə Rövşən Verdiyev daha qəddarlıqla döyüblər. Vətəndaş zərbələrdən huşunu itirib. Zahid Məmmədliyev Rövşən Verdiyevin ölə biləcəyindən ehtiyat edərək dərhal həmkarları ilə birgə onu Gəncə şəhər 3 saylı xəstəxanasına gətirib. Polislər onu xəstəxanaya ataraq tələsik oranı tərk ediblər.
Rövşən Verdiyevin yaxınları deyir ki, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər: “Ağciyərinə su yığılıb. Aldığı zərbələrdən hələ də özünə gələ bilmir”.
Rövşən Verdiyevin yaxınları ilə söhbətdən sonra əməkdaşımız Gəncədəki 3 saylı xəstəxənaya gedib. Lakin Rövşən Verdiyevin vəziyyəti ağır olduğundan onunla söhbət etmək mümkün olmayıb. Xəstəxananın travmatologiya şöbəsinin həkimi Fəxrəddin Həsənov əməkdaşımızla söhbətində bildirib ki, Rövşən Verdiyev xəstəxanaya döş qəfəsinin sol yarısının küt travması və ağ ciyərdə dəri altı emfizeması diaqnozu ilə  daxil olub. Hazırda vəziyyəti orta ağırdır. Rövşən Verdiyevin qardaşı Qüdrət Verdiyev isə əməkdaşımıza deyib ki, baş verən hadisə ilə bağlı Daşkəsən Rayon Prokurorluğuna, Daxili Işlər Nazirliyinə və dövlət başçısı Ilham Əliyevə müraciət edilib.
Mövzunu diqqətdə saxlayacağıq.

Ərşad