Osmanlı imperatorluğunun 10-cu padşahı Qanuni Sultan Süleyman 45 il 3 ay 7 gün hakimiyyətdə oldu. Padşahlığı dövründə atası I Səlimdən miras qalan 6,557 milyon kvadrat kilometrlik Osmanlı torpaqlarının miqyasını iki dəfədən çox böyüdərək, 14,893 milyon kvadrat kilometrə çatdırdı Sultan Süleyman. Böyük sərkərdənin dünyanı fəth etməsinin səbəbi nə idi?
Ən əsas səbəb Sultan Süleymanın Osmanlı dövlətini idarə edərkən 4 şərtə ciddi riayət etməsi oldu.Sultanın o dörd şərti bunlar idi:
1. Dövləti idarə etmək üçün güclü ordu lazımdır;
2. Ordunu saxlamaq üçün güclü iqtisadiyyat gərəkdir;
3. Güclü iqtisadiyyata nail olmaq üçün xalqın rifahı yüksək olmalıdır;
4. Xalqın rifahının yüksək olması üçün qanunların adilliyi vacibdir.
Sultan Süleyman bu dörd şərtdən birinə əməl olunmadığı halda, dövlətin çökməyə məhkum olduğunu deyirdi.Padşahlığı dönəmində bu şərtləri pozmayan Sultan Süleyman çox qüdrətli dövlət qura bildi.
Əğstəfurullah, kimsə düşünməsin ki, Sultan Süleymanla Azərbaycan padşahı Ilham Əliyevi müqayisə etmək fikrindəyəm. Sadəcə, Sultan Süleymanın 4 şərti barədə düşüncələrimi bölüşmək istəyirəm.
Lütfən, türk dünyasının qüruru olan Sultan Süleymanın şərtlərinə bir də nəzər salın. Müdrik dövlət adamının və cəsarətli sərkərdənin təxminən 500 il əvvəl diqtə etdiyi şərtlərin aktuallığını saf-çürük edin.
ORDU-IQTISADIYYAT-XALQ-QANUN faktoru DÖVLƏT üçün 500 il əvvəl nə qədər önəm daşıyırdısa, ində də o önəmi daşıyır. Bu gün ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya kimi qüdrətli dövlətlər məhz Sultan Süleymanın o 4 şərtindən bəhrələndiyi üçün vətəndaşlarını xoşbəxt güzəranla təmin ediblər.
Adını çəkdiyim dövlətlərin vətəndaşları hüzur içində yaşayır, illik gəlirləri cümlə problemlərinin həlli üçün yetərlidir, hüquqları qanun tərəfindən mühafizə olunur.
Qərbdə dövlət vətəndaşı sözün həqiqi mənasında cənnətdə yaşatmaq üçün çalışır. Yüzlərlə fakt göstərmək mümkündür.
Ayağı bir dəfə Qərb torpaqlarına dəyən Azərbaycan vətəndaşı dördgöz qalır, təəccübdən dərin xəyallara dalır və istər-istəməz getdiyi ölkə ilə Azərbaycan arasında paralellər aparmağa başlayır.
Və o qənaətə gəlir ki, Qərbdə insanlar INSAN kimi yaşayır. Daha dürüstü Qərbdə DÖVLƏT vətəndaşını INSAN kimi yaşadır.
Məhz buna görə də imkan əldə edən soydaşımız Azərbaycanı tərk etmək qərarına gəlir.
Tam əminliklə deyirəm, Azərbaycan vətəndaşları üçün viza problemi olmasa, minlərlə yox, yüz minlərlə soydaşımız Qərb ölkələrinə üz tutar.
Sultan Süleymanın 500 il bundan əvvəl yazdığı şərtlərdən Ilham Əliyevin güman ki, xəbəri olar. Nədən ki, savadlı adamdır, alimdir və 8 ildir Azərbaycana padşahlıq edir.Əlahəzrətin Sultan Süleymanın şərtlərinə necə yanaşdığını təhlil etmək oxucuların boynuna.
Bunun üçün öncə ordumuzu yada salın. Işğaldakı 20 faiz vətən torpaqlarını geri ala bilməməsi bir yana, ordudakı anormallıqlar-korrupsiya, rüşvət, “dedovşina”, müəmmalı əsgər ölümləri gün-gündən çiçəklənir.
YAP iqtidarı iqtisadiyyatda qalxınma var deyir. Sağ olsunlar ki, hərdən gizli iqtisadiyyatın, iqtisadi monopoliyanın, inhisarçılığın da mövcudluğunu dilə gətirirlər. Dedikləri o iqtisadi qalxınmanın da yağ içində böyrək kimi yaşayan rüşvətxor məmurlara aidiyyəti var, fəqət xalqa elə bir dəxli yoxdur.Və qanunların adilliyi barədə bir-iki kəlmə. Kimə agah deyil ki, Azərbaycanda qanunlar harın zümrənin qarşısında gündə neçə dəfə dombalaq aşır. Bizdə qanunların həm də iki üzü var. Rüşvətxor talançılara baxanda dişini ağardır, ancaq kasıb-kusub görəndə dişini qıcayır…
Sultan Süleyman diqtə etdiyi 4 şərtin bir-birinə sıx bağlı olduğunu göstərib yazdı ki, bu şərtlərdən biri pozulsa, dövlət çökməyə məhkumdur.Azərbaycanda cərəyan edən proseslərə nəzər salanda Sultan Süleymanın nə qədər müdrik hökmdar olduğu qənaətinə gəldim.
Bəs siz?

Sultan Süleymanın 4 şərti
•