Bu yazını on beş saat aclıqdan sonrakı halımla yazıram. Mədəm keyiyib, başım azca hərlənir, ən çox da su içmək istəyirəm. Yemək adı gələndə ürəyim bulanır. Somalidəki insanları düşünürəm, aclıqdan əzab çəkmək, xəstəlik, ölümə bu qədər yaxın olmaq dəhşətdir. Insanlar qocalıqdan, çarəsiz xəstəlikdən, nə bilim daha nədən dünyalarını dəyişirlər, bu normaldır deyib üstündən keçmək olur. Amma Afrikanın şərqində yerləşən Somali yarımadasında insanlar bir qurtum susuzluq, bir parça çörəksizlikdən ölümə məhkum olublar. Uşaq həkimləri bildirirlər ki, pis qidalanan uşaqlar infeksiyalara daha həssasdırlar və belə ölüm halları daha çox beş yaşına qədər uşaqlar arasında yayılıb. Kütləvi aclığın hökm sürdüyü Afrikada hazırda iki milyon uşaq malyariya və kala-azar (leyşmaniya) xəstəliklərindən əziyyət çəkir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramının icraçı direktoru Josette Sheeran deyir ki, hər dörd uşaqdan biri doğrudan da təhlükəli durumdadır və bu uşaqlar qidasızlığın dördüncü dərəcəsinə çatsalar, ancaq 40 faizi xilas etmək mümkün olacaq.
Somali yarımadasında (Afrika buynuzu bölgəsi) hər gün 40-50 uşaq pis qidalanmadan ölür. Kenyanın ən böyük qaçqın düşərgələrinin birində 300 mindən çox uşaq poliomielit və qızılca əleyhinə vaksin qəbul edir.
Bu statistika adamı dəhşətə gətirir. Yadıma Sovet dövründə çəkilən ən sevdiyim film düşür-“Şərikli çörək”. Ikinci dünya müharibəsi siyasətin, savaşın nə olduğundan xəbərsiz insanların həyatına necə təsir etməsi çox gözəl görüntülənib. Vaqifin vaxtı ötmüş talonu ilə aldığı bir çörəyi məhəllənin az qala 20-yədək uşağı arasında bölüşməsi, ürəyimi parçalayır. Bu filmə hər baxanda iştahım qaçır. Az qala ekrana girib oradakı ac adamlara əlimdəki yeməyi vermək istəyirəm. Bu hisslərin on qatını Somalidəki ac əhalinin fotolarına baxanda keçirirəm. Orada da qəribə bir savaş gedir. Ərazini nəzarət altına alan yaraqlılar Somaliyə göndirilən ərzaq yardımının paylanmasına mane olmağa çalışır.
BMT-nin Ərzaq Proqramı son 60 ildə dəhşətli quraqlıqla üzləşən Somaliyə 14 ton ərzaq yardımı göndərib. Əl-Şabab qrupu yardımlara qadağa qoyub. Əl-Qaidə ilə əlaqəsi olan, ölkəni islam dövlətinə çevirməyə çalışan və Somalinin əksər hissəsini nəzarətində saxlayan islamçı Əl-Şəbab qruplaşması regionda şəriətə əsaslanan Islam dövləti qurmaq istəyir. Əl-Şəbab nəzarəti altındakı bölgələrdə daş-qalaq və qırmanc cəzalarını tətbiq edilir. Budurmu, ilahi dinin insanlara yansıması? Axı bu qruplaşma üzvləri özlərini nə hesab edirlər? Niyə ölkəyə gətirilən yardımlara mane olurlar?
BMT təxminlərinə görə, 11 milyon insan aclıqdan əzab çəkir. Indi Somali dünyanın ən kasıb və zorakı dövləti hesab olunur. Bu zorakılığı icra edənlər özlərinə Islam fədailəri adlandırır. Halbuki, Islam dinini hörmətdən salan, onun terror adı ilə bağlanmasına şərait yaradan bu cür radikal qruplaşmalar deyilmi?
Amma digər bir tərəfdən dünyanın hansısa köşəsində yaşayan xeyirxah insanlar da var axı. Hansısa formada Somalidəki aclığa məhkum insanlara yardım etmək zamanıdır. Bir çox inkişaf etmiş ölkələrdə insanlar tənhalıqdan, problemsizlikdən əzab çəkirlər. Bilmirlər necə faydalı olsunlar, halbuki faydalı olmaq üçün, işə yaramaq üçün o qədər səbəblər var ki. Inanıram ki, bu yazımı oxuyan hər bir kəs dünyamızda olan bu problem barədə az da olsa düşünəcək.
P.S: Bildiyim qədəri Dialoq və Əməkdaşlıq uğrunda Islam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlayıb. Yardım etmək istəyənlər vəsaitləri IKGF-nin DƏ-IKGF Avrasiya Üzrə Regional Mərkəz
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 334090194 42412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010 002944
saylı bank hesabına köçürə bilər, ya da IKGF-nin Bakı ofisinin 598 11 62 və ya 492 11 52 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.
Səbinə Vaqifqızı


