Serdyukovun kadr canfəşanlığı nəyə xidmət edir?

Cəsur Sümərənli: «Rusiyada hazırlanan kadrlar Azərbaycanın silahlı qüvvələrində çalışanda Moskvanın maraqları naminə istifadə edilə bilər»

Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev arasında keçirilən görüş zamanı Rusiya tərəfi diqqət çəkən təkliflə çıxış edib. Serdyukov Azərbaycana Silahlı Qüvvələr üçün kadr hazırlanması kvotasını artırmağı təklif edib. Qeyd edək ki, bu, Rusiyanın ilk belə təklifi deyil. Bəs Moskvanın bu təklifi hansı maraqlardan irəli gəlir?
“Doktrina” Ictimai Birliyinin rəhbəri Cəsur Sümərənli son illər Azərbaycanın silahlı qüvvələrində kadrların yerli və xarici imkanlar hesabına hazırlandığını deyir. Rusiyanın bu prosesdə rolu isə minimum endirilib. Bu səbəbdən Moskvanın narahatçılığını anlamaq olar.
Ekspertin fikrincə, Rusiyada hazırlanan kadrlar Azərbaycanın silahlı qüvvələrində çalışanda Moskvanın maraqları naminə istifadə edilə bilər. Çünki Rusiyada hazırlanan kadrların xüsusi xidmət orqanları üçün yararlı olması ehtimalı yüksəkdir. Ekspert Rusiyanın eyni zamanda Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına keçidinin qarşısını almağa çalışdığını da qeyd etdi. Rusiya Azərbaycan silahlı qüvvələrini bəyan edilmiş prioritetlərdən geri çəkmək, yaxud prosesi ləngitmək istəyir.
C.Sümərənlinin sözlərinə görə, Moskva digər tərəfdən ordu daxilindəki proseslərə nüfuz etmək, müəyyən hərbi sirləri öyrənmək istəyir. Rusiyanın kadr hazırlığı istiqamətində fəallıq nümayiş etdirməsinin əsas səbəbi məhz budur.

Fizzə