İran generalı Azərbaycanı niyə Aran adlandırdı?

Vəfa Quluzadə: «Iranın Azərbaycana qarşı ərazi iddiası bütün dövrlərdə olub və bunu heç vaxt gizlətməyiblər»

Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadinin bir neçə gün əvvəl Azərbaycana, konkret olaraq prezident Ilham Əliyevə ünvanladığı hədə dolu açıqlama mətbuatın gündəmindən düşmür. Amma maraqlısı odur ki, məsələ ilə bağlı əsasən iranlı generalın I.Əliyevi hədələməsi, Azərbaycan Xarici Işlər Nazirliyinin Iran hökumətinə rəsmi etiraz notası verməsi qabardılır. Halbuki açıqlamada yer alan olduqca ciddi məqamlardan biri Firuzabadinin Azərbaycanı Aran adlandırmasıdır. General onu da bildirib  ki, Aran əhalisinin damarlarında Iran qanı axır.
Maraqlıdır, Həsən Firuzabadinin ölkəmizi Aran adlandırmasının arxasında Iranın Azərbaycana qarşı ərazi iddiası dayana bilərmi?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Iranın Azərbaycana qarşı ərazi iddiası bütün dövrlərdə olub və onlar bunu heç vaxt gizlətməyiblər: “Gah Xəzər dənizini göl adlandırırlar, gah Azərbaycanı Iran ərazisinə aid edirlər, gah deyirlər ki, gəlin, Iranla birləşin. Onlar ərazi iddialarını heç vaxt gizlətmirlər. Azərbaycanı həmişə tarixi ərazisi hesab edirlər. Sözsüz ki, bunu Iran xalqı və ziyalıları yox, hökumətdə olan siyasi elita edir. Özü də qərəzlə edir. Iran Azərbaycandan narazıdır. 1999-cu ildə mən bəyanat verəndə ki, Azərbaycan NATO bazalarını qəbul etməyə hazırdır, iki dövlət – Iran və Rusiya mənim əleyhimə bəyanat verdi. Məni gülmək tutdu. Görün, bu onlar üçün nə dərəcədə təhlükəli, qəbuledilməz sayılıb. Rusiya da, Iran da Azərbaycanın daxili işlərinə qarışırlar. Onlar bizə göstərmək istəyirlər ki, biz hara daxil ola bilərik, hara yox, nəyi edə bilərik, nəyi yox, hansı dövlətlə dostluq, hansı dövlətlə düşmənçilik etməliyik. Çox qəribə mövqedir. Məsələn, Irana nə aidiyyəti var ki, Azərbaycanın Israillə əlaqəsi nə cürdür. Iranın təzyiqlərinə görə, bugünə qədər Azərbaycanın Israildə səfirliyi yoxdur. Çünki Iran Azərbaycanı hədələyir, bizim də onlardan asılığımız var”.
V.Quluzadənin sözlərinə görə, ermənilərin işğalçı siyasətini dəstəkləyənlərdən biri də Irandır: “Iranın köməkliyi ilə bizim torpaqlarımızı işğal ediblər. Bizim Naxçıvana quru yolumuz Irandan keçir. Addımbaşı hədələyirlər ki, bu yolu bağlayırıq. Bir gərginlik olanda o yolda çətinlik yaradırlar. Yük maşınları saatlarla dayanır, mallar korlanır. Yəni, Iranın bizə qarşı mövqeyi bundan ibarətdir”.

Gültəkin