«Azərbaycan dövlət olaraq PKK-nın ən böyük maliyyə mənbələrindən biridir»
Qurban Məmmədov: «Xalq sıxılan yay kimidir, o açılanda İlham Əliyevin harada olacağını düşünəndə adamın ürəyi ağrayır»
Tanınmış vəkil Qurban Məmmədov hazırda ictimai-siyasi gündəmi məşğul edən əsas mövzularla bağlı “Azadlıq”ın suallarını cavablandırıb.
– Qurban bəy, hazırda mətbuatın gündəmini iki məsələ – birinci Iranlı generalın Azərbaycanın dövlət başçısını hədələməsi, ikinci dindarların kütləvi həbsi zəbt edib. Sizcə, bu iki hadisə arasında hər hansı əlaqə varmı?
– Bir çox hallarda dindarların Iran meylli qüvvələr kimi təqdim olunaraq həbs olunması qətiyyən qəbul edilə bilməz. Mənim anam dünyasını dəyişənə qədər dinə xidmət edib, hicab taxıb. Amma heç yerdə bəyan etməyib ki, Irana meyllidir. Iran generalının hədəsinə gəlincə, bu açıqlamanı başa düşmək olar. Çünki hər hansı dövlət başqa bir ölkənin ərazisində ona qarşı aparılan təbliğata mövqe bildirmək hüququna malikdir. Bu baxımdan Azərbaycan ərazisindən Irana qarşı istifadə olunacaqsa, Iran generalının, sıravi vətəndaşının etirazını başa düşmək lazımdır. Iran bir dövlət olaraq Azərbaycan ərazisindən ona qarşı istifadə olunacağı təqdirdə cavab vermək hüququna malikdir.
– Axı, Iran generalı bu bəyanatı Azərbaycan tərəfdən heç bir açıqlama olmadığı halda, səsləndirib…
– Bəlkə də regionumuzda bizə məlum olmayan hadisələr baş verməkdədir. Dünyada ən güclü təşkilatlardan biri Iran kəşfiyyatıdır. Ola bilsin ki, onlara nəsə məlum olduğundan, qabaqlayıcı tədbirlər görürlər. Amma, hətta heç nə məlum olmasa belə, Iran dövlətinin hüququ var ki, Azərbaycan ərazisindən ona qarşı istifadə ediləcəyi təqdirdə, güc işlədəcəyini bəyan etsin. Necə ki, biz Iranı Ermənistana etdiyi yardımlara görə həmişə qınayırıq.
Iranın da hüququ var ki, Azərbaycan ərazisindən ona qarşı istifadə olunmasına etiraz etsin.
– Niyə Iran Azərbaycanla bu dərəcədə təhdid dilində danışır?
– Bu təhdidlərin səbəbi Azərbaycanda hakimiyyətin legitimliyi ilə bağlı deyil. Hakimiyyət legitim oldu-olmadı, hər hansı hərbi çevriliş yolu ilə hakimiyyətə gələn quldur da Azərbaycanı idarə edirsə, o, Iranın mənafeyi naminə addım atmayıbsa, belə hədələr gələ bilməz. Görünür, Iran kəşfiyyatında ciddi məlumatlar var ki, Azərbaycan ərazisindən onlara qarşı istifadə oluna bilər. Şəxsən mən özüm də bir azərbaycanlı kimi ərazimizdən başqa dövlətin əleyhinə istifadəsinin əleyhinəyəm. Çünki Azərbaycandan atılan mərmi ilk növbədə orada yaşayan azərbaycanlının başına düşəcək. Əgər ABŞ həqiqətən demokratiya, legitim hakimiyyətlərin formalaşdırılmasının tərəfdarıdırsa, birinci bizim Azərbaycandan başlamaq lazımdır.
Ilham Əliyevin zəif olması hamıya bəllidir. Çünki öz xalqından güc almayan, xalqın əli ilə hakimiyyətə gəlməyən hökmdarlarla istənilən dildə danışmaq olar. O cümlədən Iran generalının dili ilə. Ona görə də Ilham Əliyev özü maraqlı olmalıdır ki, Azərbaycanda korrupsiyaya son qoyulsun. Azərbaycan müxalifətinin və xalqın səsini eşitsin. Növbədənkənar parlament və prezident seçkiləri keçirilsin. Hakimiyyət də xalqın gücü ilə formalaşsın. Bu gün mən Ilham Əliyevi müdafiə etmək fikrində deyiləm. Çünki hər addımında mənim, qohumlarımın hüquqlarını tapdalayıb. Məhz onun rəhbərliyi altında olan bu ölkədə korrupsiya gün-gündən çiçəklənir, rüşvət dərinləşir. Dövlət orqanları hamısı bu bəlaya tutulub. Mən belə adamı niyə müdafiə etməliyəm ki?
Azərbaycan ərazisində PKK bəslənilir
– Bir müddət əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri baş tutdu. Amma bu səfər heç bir sənədin imzalanmaması ilə yadda qaldı. Əsas müzakirə mövzularından biri isə Türkiyə ilə Azərbaycan arasında viza rejiminin hələ də saxlanılması ilə bağlı olub. Viza məsələsini bu qədər düyünə salmaqda məqsəd nədir?
– Türkiyə ilə rəsmi gediş-gəlişlər yalnız protokol xatirinə həyata keçirilir. Ərdoğan növbəti parlament seçkilərində yüksək faizlə qalib gəlib. Baş nazir birinci səfərini jest üçün Şimali Kiprə etdi. Ikinci səfəri isə Azərbaycana etdi. Bu səfərlər Türkiyənin yeni seçilən hakimiyyətinin xarici siyasətindəki istiqamətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətlidir. Amma Ilham Əliyevin kim olduğu, onun hakimiyyətə necə gəlməsi və hansı üsullarla iqtidarda qalması Ərdoğana məlumdur. Türkiyə gözəl bilir ki, Azərbaycan ərazisində PKK bəslənilir, ona yardımlar edilir. Azərbaycan dövlət olaraq PKK-nın ən böyük maliyyə mənbələrindən biridir. Sadəcə olaraq, onlar da Azərbaycandakı vəziyyətlə barışmaq məcburiyyətindədirlər. Çünki Azərbaycan xalqı yazıq, məzlum, hakimiyyəti hələ ki, dəyişmək imkanında deyil. Ona görə də bu səfərlər zərurət ucbatından edilməlidir. Amma eyni zamanda bu səfərlər Azərbaycan xalqına bir mesajdır ki, Ilham Əliyevin kim olması onlara məlumdur. Ərdoğan səfərləri ilə göstərir ki, Ilham Əliyev Azərbaycan-Türkiyə dostluğunun real tərəfdarı deyil. Türkiyə əleyhinə Azərbaycan ərazisindəki ciddi təhlükələrə qarşı mübarizə aparmaq, viza rejimini ləğv etmək istəmir. Mesaj verilir ki, bunun haqqında xalq, sən özün düşünməlisən. Eyni zamanda Ilham Əliyev korrupsiyaya qarşı mübarizə aparmaq niyyətində deyil. Türkiyəli iş adamlarına Azərbaycanda yaranan çətinliklər, verilən hər bir rüşvətin haqqında Ərdoğanda, dövlət başçısı Abdulla Güldə məlumat var.
Türk iş adamlarının süründürməçiliyi haqqında kifayət qədər şikayətlər yazılıb. Bu səfər, əslində, göstərdi ki, türk iş adamlarına qarşı Azərbaycanda ögey münasibət var, onların bizneslərinin çiçəklənməsinə mane olunur.
Amma əsas mesaj xalqadır. Ey xalq, dur ayağa. Nə qədər Ilham Əliyev ölkə başçısıdır rüşvət və korrupsiya çiçəklənəcək, viza rejimi isə qüvvəsində qalacaq.
Əliyevin PKK-nı tanımasının hüquqi- siyasi anlamı yoxdur
– Türkiyənin Azərbaycandakı səfiri Ərdoğanın səfərindən sonra etiraf etdi ki, əsas müzakirə mövzusundan biri PKK ilə bağlı olub. Ilham Əliyev Ərdoğanla görüşdən sonra PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan edib. Amma burada ziddiyyətli bir məqam da var. Bəziləri dövlət başçısının bəyanatının kifayət etmədiyini düşünür və əlavə qanunvericilik bazasının da yaradılmasını zəruri hesab edir. Bir hüquqşünas kimi necə düşünürsünüz, bu cür məsələlərdə yalnız şifahi qərar yetərlidirmi?
– Dövlət başçısının hər hansı təşkilatın tanınması haqqında elə bir səlahiyyəti yoxdur. PKK-nın və başqa terror təşkilatlarının terror təşkilatı kimi tanınması üçün qanunverici orqanın – parlamentin səviyyəsində qərarı olmalıdır. Azərbaycan parlamenti mütləq bu məsələni müzakirə etməli, bu barədə qanun qəbul olunmalıdır. Daha sonra həmin qanundan irəli gələn məqamlar var. Onlar nədən ibarətdir. PKK üzvlərinin Azərbaycana daxil olması üzərində nəzarət güclənməlidir, onlar təqib edilməli, həbs edilərək Türkiyəyə təhvil verilməlidir, onların Azərbaycandakı mənbələri araşdırılmalıdır. Ona görə, nə qədər ki, parlament PKK-nı terror təşkilatı kimi tanımayıb, Əliyevin nə deməsinin hüquqi və siyasi baxımdan heç bir anlamı yoxdur.
– PKK ilə bağlı mübarizədə hakimiyyətin ciddi addımlar atmaması nəylə bağlıdır?
– Əgər mən Qurban Məmmədov prezident olaraq, rüşvətxorluğa qarşı mübarizə aparmıramsa, deməli, bu bəlanın çiçəklənməsində maraqlıyam. Əgər korrupsiyaya qarşı mübarizə aparmıramsa, deməli onun başında mən dayanıram. Eləcədə əgər PKK mənim ölkəmdə çiçəklənirsə, PKK-ya buradan milyonlarla sərvət toplanırsa, deməli dolayısı ilə mən PKK-nın fəaliyyətində maraqlıyam. Marağımın isə nədən ibarət olduğunu istintaq araşdırmalıdır.
– Azərbaycanda PKK- nın fəaliyyətilə bağlı istər Türkiyə, istərsə də bizim mətbuatda vaxtaşırı müxtəlif məlumatlar verilib. Elə bu günlərdə türk mediasında belə bir xəbər getdi ki, seçki zamanı kürdlərin partiyasına Azərbaycandan yardım olub?
– Azərbaycan hakimiyyəti çox informasiyanı, təklifi qulaqardına vurur. Azərbaycan hakimiyyəti gözünün qabağında Dövlət Reyestr Xidmətində, vergi orqanlarında baş verən rüşvətxorluğa göz yumursa, Türkiyədən gələn hər hansı mesaja diqqət yetirəcəkmi? Burada hakimiyyətin marağı var. Burada qeyri-adi heç nə yoxdur.
Bolşevik babalarının yoluyla gedirlər
– Tanınmış hüquq müdafiəçisi Leyla Yunusun ofisinin dağıdılması ciddi beynəlxalq təpkiyə səbəb oldu. Hazırda şəhərin mərkəzində vətəndaşların mülkiyyət hüququ kobud şəkildə pozulur. Qiyməti də, köçürülən şəxslərin harada yaşayacağını da bu, şlə məşğul olanlar müəyyənləşdirir. Biz hansı əsrdə yaşayırıq?
– 21-ci əsr olmasına baxmayaraq, Azərbaycan hakimiyyəti feodal təfəkkürü ilə yaşayır. Amma feodal təfəkkürdə belə xüsusi mülkiyyətə bu cür yanaşma yox idi. Iki misal çəkmək istəyirəm. Türkiyə sultanı Süleyman Qanuninin dövründə yol çəkilir. Yolun çəkilişi gedir kasıb bir adamın evinə dirənir. Ona nə qədər pul təklif olunmasına baxmayaraq, o, əmlakından imtina etmir. Sonda xəbər gəlib sultana çatır. Sultan Süleyman həmin kasıbın evinə öz nümayəndəsini göndərir ki, bəs həmin evi o, almaq istəyir. Bu zaman kasıb evinin sultana qurban olduğunu deyir. Sonda həmin torpaq böyük maliyyəyə alınır.
Ikinci misal Bakıda olub. 20-ci əsrin əvvəllərində Azərbaycan milyonçularından biri şəhərin mərkəzində ev tikmək üçün evləri alır. Iş gəlib çatır Isgəndər adlı bir şəxsin evinə. Amma həmin şəxs evini satmır. Nəticədə Bakı milyonçusu 120 min dinara Italiyadan arxitektor çağıraraq, ona sifariş verir ki, elə bir bina tiksin ki, Isgəndər kişinin evinin nə işığı, nə suyu kəsilsin. Bakıdakı arkalı məşhur bina belə tikilir. Isgəndər kişinin evi həmin arkanın mərkəzinə düşür və o heç bir maneə olmadan orada yaşayır. Amma bolşeviklər hakimiyyətə gələndə bədbəxt Isgəndərin evini vurub sökürlər ki, bu, binanın görüntüsünə mane olur. Indiki hakimiyyət də babaları bolşeviklərin münasibətini davam etdirir.
“Qış bulvarı” adı altında məlum ərazi sökülür. Evi sökülən sakinlərdən birini də mən müdafiə edirəm. Təsəvvür edin, 1 saylı Iqtisad Məhkəməsinə Bakı Şəhər Icra Hakimiyyətinin addımları ilə bağlı müraciət etmişik. Çox gülməli bir cavab almışıq. Qərarda yazılıb ki, həmin ərazidəki evlərin kvadrat metrinin 1500 manatdan alınması haqqında Bakı Şəhər Icra Hakimiyyətinin qərarı var. Ona görə evlər düz sökülüb. Məhkəmələr hələ dərk etmirlər ki, onların vəzifəsi bu hakimiyyəti qorumaq deyil. Beynəlxalq norma, Mülki Məcəllə var. Malın qiymətini bazar müəyyənləşdirir. Bazar qiyməti alıcı ilə satıcının razılığa gəldiyi qiymətdir. Mən Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələrinə bildirmişəm ki, müdafiə etdiyim şəxsə pul lazım deyil. Mənə altmış kvadrata sökdüyünüz rayonda ev verin. Indiki hakimiyyət barbarcasına adamların evlərini sökdürür, onlara dəyər-dəyməzinə pul verir. Bu, vəhşilikdir. Xalqa, beynəlxalq hüquqa meydan oxumaqdır. Biz xalq olaraq bilməliyik ki, hansı rejimlə üzbəüzük. Nə qədər bu rejim hakimiyyətdədir bu cür qanunsuzluqlar davam edəcək.
Azərbaycan xalqı sıxılan yaya bənzəyir
– Hazırda 2 aprel məhbuslarının məhkəməsi gedir. Bu prosesin perspektivini necə görürsünüz?
– Bu suala cavab vermək üçün müsahibənin əvvəlinə qayıtmaq istəyirəm. Hicab uğrunda mübarizə aparanlara amansızcasına, vəhşicəsinə divan tutuldu. Hakimiyyətin bu münasibətinin əsas səbəbi Islam dinindən qorxmasıdır. Çünki bircə iman əhlindən başqa hamını ələ almaq olar. Hakimiyyət də çox qorxur ki, bir gün hicablılar o qədər çoxalacaq ki, başların qaldırıb soruşacaqlar ki, kimdir bizə rəhbərlik edən, hanı bizim sərvətimiz, neftimiz? Bu zaman olan üsyan çox qorxuludur. Ona görə hicaba görə ayağa qalxan kütləyə elə dərs tutulmalıdır ki, başqalarına dərs olsun. Bu, bir qorxu, xof mexanizmidir. Bu baxımdan Ictimai Palatanın 2 aprel mitinqində həbs olunanlara qarşı elə qanunsuz qərarlar verilməlidir ki, dərs olsun. Hakimiyyət bu məqsədlə bu işləri aparır. Amma kökündən yanılır. Çünki bizim xalq bir insanın başına gətirilə biləcək bütün müsibətləri görüb. Azərbaycanda həbsxanadan gözəl, rahat yer yoxdur. Mən bütün millətin cavanlarını səsləyirəm ki, çəkinmədən, qorxmadan həbs olunmağa can atsınlar. Çünki çöldəki azadlıqlarımız daha qısırdır. Bu siyasət davam edərsə, xalqın qəzəbi böyük olacaq. Bu gün Azərbaycan xalqı sıxılan yayı xatırladır.
Vay bu hakimiyyətin halına ki, nə vaxtsa bu yayın zəncirləri qopa. Bu zaman Ilham Əliyevin və yaxınlarının harada olacağını düşünəndə adamın ürəyi ağrayır.
Hikmət