Cübbənizi yandırın, cənab hakimlər!

Insanlar haqları pozulanda son ümid yeri kimi məhkəmlərə üz tutur və ədalətin məhz burda təmin ediləcəyinə inanır. Bu, təbii ki, normal, qanunların işlədiyi və hakimlərin, məhkəmələrin azad olduğu cəmiyyətlərə aiddir. Azərbaycandakı məhkəmlərə bunu şamil etməyi kimsə ağlının ucundan belə, keçirmir. Iki gün öncə Səbail rayon məhkəməsində zorən cinayətkar elan olunan müxalifətçilərin növbəti məhkəməsi keçirilirdi və yekdil şəkildə məhkəməni aparan hakim Famil Nəsibova etiraz edildi, işin başqa hakimə tapşırılması haqqında iddia qaldırıldı. Qısa şəkildə desək,  Famil Nəsibov, bir türkiyəli həmkarımın dediyi kimi, rəddi-hakim tələbi ilə üz-üzə qaldı. 

Məncə, bu tələblə Famil Nəsibova böyük yaxşılıq edildi. Madam ki, bu işin ədalətsiz və allahsızlıq olduğunu bildiyi halda imtina, ya da imtinaya cəsarət edə bilməmişdi, gərək elə işi o aparıb tarixin ittihamı ilə də üz-üzə qalaydı. O başqa məsələ ki, məhkəmədə hamılıqla hakimin dəyişdirilməsinin tələb olunması da  mübarizənin bir formasıdır, amma yenə də mənəviyyat və vicdandan yoxsul olanlar qoy sona qədər özlərini kirlətsinlər. Bu imkanı onlardan almaq belə, adamlara böyük lütfdür!

Montöskye yazırdı ki, cəmiyyətdə ən böyük güvən duyğusunu hər şeyin sonunda ədalətli bir məhkəmənin olacağına inam yaradar. Bunu Azərbaycan kimi ölkələrdə tarixin uzun vədəli inamı kimi dəyərləndirmək istəyənlər ortaya çıxa bilər, amma hər kəs nə zamansa bu gün ölkəni rəzil hala salmışların ədalət məhkəməsi qarşısında cavab verəcəyinə inanır. Təbii ki, bu gün gedən ədalətsiz məhkəmələrə görə də mütləq cavab veriləcək.

Məhkəmə salonlarında hakimlik edənlərin etdikləri əməllərə vicdan və mənəviyyat məsələsi kimi yanaşsaq, xüsusilə bir hakimin ədalətinə şübhə edilərək işdən kənarlaşdırılması yekdil tələb olunursa, o hakim yaxşı olar ki, bir daha cübbəsini geyinib ədalətin bərpası adına kürsüyə əyləşməsin. Məhkəmələrdəki  qərarlar toplumun ədalətə olan inamını bərpa edib, vicdanları rahatlatmaq üçündü. Azərbaycanda isə məhkəmə qərarları toplumu daha çox yaralayıb inamsızlaşdırır, ədalətə olan ümidini nəinki zədələyir, hətta onun kökünü qazır.

Bu gün Azərbaycanda müxaliflərə qurulan məhkəmələrin hər birində hakimlərin rolu sadəcə əvvəldən bəlli olan hökmün oxunmasına gedən yolu qət etmək, hər hansı tamaşada aktyorun rol alması kimi bir şeydir. Əgər hakimlər bu rolu özlərinə rəva görürlərsə, deyəcək söz yox. Hər məhkəmədə üzünə diqqətlə baxıb hansı məqamdasa əzab, ya da rahatsızlıq duyduğunu müəyyən etməyə çalşdığım hakimlərin üzündəki sakitlik və özünə əminlik məndə ancaq ikrah doğurur.

Azərbaycan hakimiyyətinin cinayətkar adlandırıb ittiham etdiyi insanlar – müxaliflər, bitərəflər heç bir cinayət törətməyiblər. Kimlərsə atasının malı kimi yiyələndiyi hakimiyyəti onlardan alıb sahibinə, xalqa qaytarmaq istədiklərinə görə bu adamları cinayətkar saya bilər. Amma siz, cənab hakimlər, nə itirəcəksiniz? Sizdən vəzifədə böyük olanlara verdiyiniz rüşvəti, böyunbükmələri, aldığınız aşağılayıcı əmrləri, adam yerinə qoyulmadan hər cür cinayətə və ədalətsizliyə ortaq olmağa məcbur edilməyi, oxuyub ədalət naminə çalışmaq istədiyiniz halda, qanun və haqqı hər gün tapdayıb insanlıq, xalqın və tarix qarşısında qazandığınız günahları.
Sizin itirəcəyiniz bunlardı. Eləsə nədən qorxursunuz? Ac, pulsuz qalıb səfil olacağınızdan? Işsizlikdən?!.. Yeyib tox qarınla dolaşdığınız ədalətsizliyin dəhlizlərində özünüzü səfildən artıq sayırsınız məgər?

Cəsarət və ədalət, cənab hakimlər… 

Cübbələrinizi yandırın. Buna gücünüz yetmirsə, siz çıxarın, biz – bu ölkədə ədalət istəyənlər o köləlik simgəsi cübbələrinizə od vurub yandırarıq.Yenisinisə azad hakim kimi geyinərsiniz…