Mən itirdiyimiz insanlar haqqında elegiya və ya müxtəlif üslubda ağlaşma mətnləri yazmağı bacarmıram. Bunu nə bacarıram, nə də istəyirəm. Hətta sonradan baxıram ki, o adamlar haqqında yazdığım yazı ölənin özündən çox, qalanlar barədədir. Üstəlik, Ceyhunun ölümü içimdə kədərdən çox, qəzəb oyatdı. Çünki mən gözəl bilirdim ki, indi hamının dediyi kimi, hamının yazdığı kimi, Ceyhun Nağı heç də qəflətən ölmədi.
Ölənə qədər tanımadığınız insanı öləndən sonra necə tanıyacaqsınız?! Mən isə onu tanıyanlardan idim. Onun hansı zülmlərlə üzləşdiyini bilirdim. Son aylarını deyə bilmərəm, amma “Gündəlik Azərbaycan”“a işə gəldiyindən sonrakı 4 ildə onun problemlərini, dərdlərini bilirdim. Ondan əvvəlkiləri də…O, ədalətsiz bir cəmiyyətdə yaşamaq məşəqqətləri ilə üzləşən sadə və ədalətli bir insan idi. Vəssalam. Köməyi, arxası yox idi, çevrəsi də əsasən özü kimi adamlar idi. Digər tərəfdən də, uğur qazanmaq üçün əclaflıq edə bilmirdi. Çox mübariz adam olmasa da, çox sərt xarakter nümayiş etdirə bilməsə də, əclaflıqla barışa bilmirdi, haqsızlığa dözmürdü. Küsürdü. Təklənirdi. Işdən çıxırdı. Işsiz qalırdı. Pulsuz qalırdı. Borcları artırdı. Dərdləri çoxalırdı. Mən indi onun haqqında bu həqiqəti necə deməyim?!
Ceyhun bu murdar ictimai mühitdə özünə yer tapa bilmirdi. O, düşdüyü problemlərin ictimai-siyasi səbəblərini axtarmırdı, amma bir ədalətsiz zamanənin cəngində olduğunu gözəl başa düşürdü. Bir tikə çörəyi güclə qazana bilirdi, bu halda yəqin ki, o özünə dərman almaq haqqında düşünmürdü də. Yaxud da çox gec başlamışdı buna. Onsuz da üstünə hər yandan problem gəlirdi. O cür həssas və düz adam üçün bunlar çox çətin idi. Hətta bu dərdləri bölüşmək də ona çətin idi. Düzdür, sonda hər şeyi yoluna qoyurdu, həll edirdi, amma indi aydın olur ki, bütün bunlar üçün özünü fəda edib.
Ceyhun Nağı istedadlı adam idi, gözəl də ürəyi vardı. Amma o, məhz yaşadığı cəmiyyətin talesizliyindən özünün də yaxşı tərəflərini tam göstərə bilmədi. Hətta çox yaşaya bilmədi. Bu cəmiyyət onu asta-asta öldürdü. Asta-asta. Yəni, birdən ölmədi.
Böyük etimadını, ərkini, sevgisini hiss edirdim. Mənim də yalnız böyük etimadımı gördü. Bir dəfə toyda mənə dedi: “Toya sevgilimlə gəlmişəm, bizi maşınla düz evimizəcən apara bilərsənmi?”
Həyat yoldaşını çox sevir və ona “sevgilim”“” deyirdi. Dedim: “Şəxsi sürücünüz kimi mən öndə, siz arxada oturacaqsınız!”“.”
Məhz eləcə də onları evə apardım. Zarafat da öz yerində idi. “Yaxınlıqda yaşayırıq, əslində sizi yox, özümü evə gətirmişəm”“”, – dedim.
Amma öldüyü gün mən uzaqdaydım, başqa vaxt onun gətirildiyi xəstəxanaya ən yaxın mən olardım. Ən tez də mən çatardım ora. Biləndə ki, keçindi, yalnız bu sözləri dedim: onsuz da 6 saylı xəstəxana adam sağalda bilməzdi. Çünki mən o xəstəxananı da tanıyıram. Bu ölkənin bütün hallarını xeyli yaxşı bilirəm. Bu ölkə indi Ceyhun kimi namuslu, sadə, düz adamların asta-asta keçinməsi üçün bir ölüm kamerasıdır. Heyf Ceyhun kimilərindən. Heyf bu ölkədən…
Bu ölkədə oğlunun dəfninə gəlmək üçün insanı padşahın atasının qəbrinə baş əydirirlər. Insanlar da ya asta-asta ölməyi seçir, ya da baş əyir. ***
Bir dəfə valideynlərsiz böyüməyin məşəqqətlərindən söz düşmüşdü. Ceyhuna irad tutdum ki, çağdaş dünyada valideynsiz insan, ən azı maddi məşəqqət yaşamır. Onun dövləti var və dövlət gerçəkdən dövlətli olmalıdır. Onda sual etdi ki, yəni, bizdə də belə ola bilərmi? “Olar!” dedim.
Ümid edirəm ki, heç olmasa bu arzu gerçək olacaq və onun bircəcik balasının qarşısında gözü kölgəli olmayacağıq.