Sülhəddin Əkbər: «Rəsmi Bakı Türkiyə ilə birlikdə PKK-ya qarşı ciddi mübarizə aparmasa, Azərbaycana təzyiqlər daha da artacaq»
Azərbaycandakı məmurların PKK ilə əlaqəsi barədə növbəti dəfə məlumat yayılıb. “Yeni Müsavat” qəzetinin yazdığına görə, Türkiyənin hakim partiyası olan AKP-dəki qaynaqlara istinadən qardaş ölkənin millətçi “ART-QRUP” saytı şok məlumat yayıb. Qaynaq iddia edib ki, Azərbaycanın bir qrup məmuru millətçi kürdlərə dəstək verməkdədir. Məlumata görə, PKK-nın siyasi qolu olan Barış və Demokrasi Partiyasına dəstək verənlər arasında Azərbaycan da var.
“ART-QRUP” portalı AKP-dəki qaynaqlara istinadən yazıb ki, Ankara BDP-nin maliyyə qaynaqlarını araşdırarkən ortaya sensasion faktlar çıxıb. Belə ki, Türkiyədə keçirilən son parlament seçkiləri ərəfəsində seçim üçün fond yaradan BDP-nin bank hesabına Azərbaycandan külli miqdarda pul yatırılıb. Həmin vəsait BDP-nin Batmandan olan millət vəkili Bengi Yıldızın adına olan hesaba köçürülüb.
Bu vaxta qədər dəfələrlə Azərbaycanın ayrı-ayrı məmurlarının adı PKK ilə qoşa çəkilib. Bu dəfə seçki kampaniyasına pul ayıran şəxsin Bəylər Əyyubov olması barədə də yerli mətbuatda məlumatlar özünə yer alıb. Bu məbləğin təxminən 200 min avro olduğu bildirilir.
Onu da qeyd edək ki, bir müddət əvvəl Türkiyə tərəfi Azərbaycana PKK ilə əlaqələri olanların siyahısını təqdim edib. Lakin rəsmi Bakı bu məsələni diqqətdən kənarda saxlayır. Ərdoğanın Azərbaycana son səfərindən sonra isə bu ölkənin Bakıda səfiri Hulusi Kılıc PKK məsələsinə dair ciddi danışıqların aparıldığı barədə açıqlama verdi. Terror təşkilatının siyasi qanadının maliyyələşdirilməsi məsələsinin də müzakirə obyekti olduğunu istisna etmək olmaz. Bəs bu məsələnin həqiqətə uyğun olub-olmaması ehtimalı nə dərəcədədir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Azərbaycan-Türkiyə münasibətlərində hələ bir sıra ciddi problemlərin qaldığını deyir. Bu problemlərdən ən başlıcası PKK məsələsidir. Çünki hələ 1999-cu ildə Abdulla Öcalan həbs edilərkən PKK-nın MDB məkanında ən güclü dayağının məhz Azərbaycanda olduğunu açıqlamışdı.
Ekspertin sözlərinə görə, Türkiyə xüsusi xidmət orqanlarında PKK ilə Azərbaycan əlaqələri barədə çox geniş və konkret məlumatlar var. Zaman-zaman Türkiyə tərəfi Azərbaycana PKK-ya dəstək verən şəxslərin siyahısını təqdim edib və onlara qarşı tədbirlərin görülməsi tələb olunub.
Ekspert, Ərdoğanın son səfəri zamanı bu məsələnin çox kəskin şəkildə qoyulduğunu deyir. Ilham Əliyevin də PKK-nı terror təşkilatı kimi tanıdığını bəyan etməsi təsadüfi deyildi: “Bu danışıqlarda müəyyən ciddi razılaşmalar əldə olunub və bundan sonra əgər rəsmi Bakı Türkiyə ilə birlikdə PKK-ya qarşı ciddi mübarizə aparmasa, Azərbaycana təzyiqlər daha da artacaq”.
Ekspertin fikrincə, ara-sıra belə məlumatların ortaya çıxması Azərbaycan hakimiyyətinə basqı xarakteri daşıyır. Belə məlumatlar isə adətən xüsusi xidmət orqanları tərəfindən sızdırılır. Əgər Azərbaycan verdiyi sözlərə əməl etməsə, Türkiyə tərəfinin açıq basqıları artan xətlə davam edəcək.
Fizzə



