Oğlunun ağır xəstəlikdən sonra vəfat etməsi və Ayaz Mütəllibova qanundankənar, amma milli adət-ənənəyə uyğun yaradılan şərait eks-prezidenti əməlli-başlı rəncidə edib. Ki, Ayaz müəllim “ümummillisinin” qəbrini ziyarət etməklə möhtərəmimizə sayğı və hörmətini izharlayıb, yaxşılığını dəyərləndirdiyini diqqətə çatdırıb.
Mütəllibovlar ailəsinə baş verən faciə ilə əlaqədar möhtərəmimizin jesti və Ayaz Mütəllibovun bunu dəyərləndirməsini normal qarşılamaq istəyərdim. Hətta onun Heydər Əliyevin məzarını ziyarətində də bir gərəksizlik görmədim; bu, ölkədən didərgin salınmış prezident, oğul faciəsini yaşayan ata, ömrünün ahıl çağını vətəndə yaşamaq istəyən mühacir, yazıq və zavallı azərbaycanlının bir minnətdarlığıydı Ilham Əliyevə. Doğrudur, ziyarət minnətdarlıq sərhədini keçməkdir və bu sərhədin aşılması Azərbaycanda başqa cür adlanır, amma eyb etməz, deyə düşünürdüm.
Təki elə bu ziyarətlə də işini yekunlaşdırmış olaydı Mütəllibov; hətta təki “Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna xidməti olub” sözləriylə məsələni büküb-bağlayaydı. Amma olmadı, bağlamadı, daha irəli getdi!
Mütəllibov rəhmətlik möhtərəmi ziyarətdən sonra deyir ki, “onun mücəssəməsi qarşısında durduqda bir an ərzində Heydər Əliyev rəhbərliyi altında istehsalat birliyinin baş direktoru vəzifəsindən nazir, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSRI Ali Sovetinin deputatınadək keçdiyim yol gözümün qarşısında canlandı. Bütün vəzifələrdə mən ulu öndərin mənə göstərdiyi etimadı doğrultmaq üçün bütün gücüm və savadımla çalışmışam”.
Deməli, Ayaz Mütəllibov hazırkı möhtərəmimizə yox, möhtərəmimizin atası möhtərəmimizə öz ictimai-siyasi karyerasına görə təşəkkür edir! Səmimidirmi? Ürəkdən deyirmi bu sözləri?
Hazırkı ümummillinin Azərbaycana qayıdışı, 1991-ci ilin fevralında Naxçıvandan seçilmiş, “gözü zəif görən və qulağı ağır eşidən” ağsaqqal deputat Heydər Əliyevə qarşı münasibət nəyin göstəricisiydi? Heydər Əliyevin “mənim dövlət xadimi olmağımdakı müstəsna xidmətlərinin?”.
Ayaz Mütəllibov bu məsələlərə “Qarabağ – Qaralan bağ” kitabında aydınlıq gətirib, Moskvanın təzyiqləri səbəbindən Heydər Əliyevi ölkəyə buraxa bilmədiyini qeyd edib. Hətta Heydər Əliyevlə bir söhbətinin olduğunu da yazıb. Yadımda qalan odur ki, Heydər Əliyevdən Dağlıq Qarabağ düyününün açımını bilib-bilmədiyini soruşub. Heydər Əliyev “bilirəm” deyib. Mütəllibovun “necə” sualına isə Heydər Əliyevin cavabı kəsə olub: “Niyə deməliyəm?”
Zaman və dünya tərsinə çönəndən sonra Ayaz Mütəllibovun Heydər Əliyevdən analoji xahişi gəlirdi: şərait yarat, ölkəyə qayıdım!
Heydər Əliyev şərait yaratmadı – ölənə qədər! Hətta Ayaz Mütəllibovun atası öləndə də ona ölkəyə gəlib yasda iştirak etməyə imkan verilmədi. Bu münasibətlərin fonunda Mütəllibovun açıqlamasını necə dəyərləndirməliyik?
Mütəllibov dayanmaq əvəzinə bir az da irəli gedir, “Azərbaycanın bu gününü görərkən hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir və Azərbaycan inkişaf edir, irəliləyir” deyir.
Nə Azərbaycanın, nə də cənabi-möhtərəmin bu “yüksək dozalı” minnətdarlığa ehtiyacı var! Bilirsizmi Azərbaycanda bu sözləri demək xoşbəxtliyi qazanmış və bu sözləri demək intizarıyla növbəyə düzülmüş nə qədər yaltaq var? Bilirsinizmi bu sözləri deyənlər qətiyyən mal və can sığortasına nail olmurlar? Bilirsizmi bu cür xoşbəxtlərin neçəsi türmələrdə bədbəxt olmaqla məşğuldur?
Ayrı cür fikirləşib, tamam ayrı cür danışmaq və yaltaqlanmaqla baş girələdiyini düşünən zavallı və miskin aktyorlarımızın sayı milyonlarladır, indi də olsun neçəsə milyon bir! Noolsun ki, bu “neçəsə milyon birinci” adam “mücəssəmə” adlı yeni istilah gətirir dilimizə. Bununla kimsəni təəccübləndirmək olmaz: Heydər Əliyevə, hətta Allah da deyilib, “mücəssəmə” nədir ki, təəccüblənək də!..
Nə isə, Mütəllibov yazıq adamdır.
Allah onu yazıq etməsin, yazıqdır!