Təbrizin simvolu – Ərk qalası

Şöhrəti Mədain sarayına bərabər

Təbrizdən söz açıb burada Azərbaycan tarixini əks etdirən  unikal abidələr haqqında danışmamaq mümkün deyil. Bir zamanlar möhtəşəm paytaxt rolunu oynayan bu əfsanəvi şəhərdə bir-birindən gözəl abidələrin sayı-hesabı yoxdur. Onların sırasında Ərk qalası özünəməxsus yer tutur, şübhəsiz.  Iranda Mədain sarayına bərabər tutulan Təbriz Ərk qalası (Əlişah qəsri) öz dövründə dünyanın ən böyük müsəlman memarlıq nümunəsi olmuşdur. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci illərdə tikilmişdir. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət almışdır.
Elxanilər dövrü orta əsr Azərbaycan memarlığı və şəhərsalma sənətinin inkişafında ən məhsuldar mərhələ olmuşdur. Bu dövrün memarlıq fonomenlərindən biri vəzir-memar Əlişah Təbrizidir.
Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Təbrizi zəngin tacir və Elxanilər dövlətinin vəziri olmaqla yanaşı, XII əsrin sonlarından ömrünün axırınacan memarlıq-şəhərsalma sənəti ilə məşğul idi. Onun zəngin yaradıcılıq irsindən Təbrizdə Əlişah Cümə məscidi kompleksi, Sultaniyyədə saray ansamblı, xeyriyyə kompleksi, cümə məscidi aşkarlanıb tətqiq edilmişdir.
Özülü Xacə Tacəddin Əlişahın vəzir təyin olunduğu 1311-ci ildə qoyulan və tikintisinə ömrünün axırlarınacan – 1324-cü iləcən başçılıq etdiyi bu kompleksə cümə məscidi, mədrəsə, türbə, hamam və bazarlar daxil idi. Təbrizin ən böyük məhəlləsinin meydanında – Narmiyan məhəlləsinin Meydanı Köhən-Köhnə meydan adlanan yerində tikilmiş və Islam dünyasının ən iri dini komplektlərindən olmuş bu nadir memarlıq ansamblından Əlişah Cümə məscidinin Ərk qalası adı ilə məşhur olan bir bölümü qalmışdır.
Memarın başlıca məqsədi Sasanilərin əzəmət simvoluna çevrilmiş və keçilməz sayılan Mədaindəki Xosrov tağını (Taq-i Kəsrani) ölçücə ötüb keçmək idi. Buna da nail oldu. Kəsra eyvanının aşırımı 25,65 m olduğu halda, Əlişah məscidi tağbəndinin aşırımı 30,15 m olmuşdur. Kəsra eyvanının hündürlüyü 37 metrdir. Əlişah məscidinin tağbəndinin hündürlüyü 40 metrdən uca imiş.
Əlişah məscidi hələ tikilib qurtarmamış bütün islam dünyasında məşhur olmuşdur.
Əlişah məscidinin əsasına qoyulan ideya sonrakı inkişafını Türkmənistanda aldı. Hökmdar Əmir Teymurun (1370-1405) tikdirdiyi iri ölçülü komplekslərin – Şəhrsəbzdə Ağsaray, Səmərqənddə Bibi xanım və Türküstan şəhərində xoca Əhməd Yasəvi xatirə-kompleksi kimi məşhur abidələrin ümumi memarlığının ilham qaynağı Əlişah məscidi olmuşdur.
Qacar şahzadəsi Abbas Mirzə sonradan burada qorxana-gözətçi yeri tikmişdir. XX əsrdə Təbrizin şəhər qala divarları kimi iç qalası da dağıldıqdan sonra Ərk qalası adı Əlişah məscidinin qalığına keçmişdir. Bəzi qaynaqlarda “Əlişah Ərki” kimi də qeyd edilir.
Indi Ərk qalası Təbrizin simvolu, böyük Elxani dövlətinin paytaxtı olmasının son şahididir.
Zamanla görkəmi dəyişmiş qala

Əslində, zamanla bu abidənin görkəmi çox dəyişmişdir. Qalanın Təbriz muzeylərindəki şəkilləri və indiki görünüşü də bunu deyir.
1967-ci ildə qalaya bayırdan pilləkənlə çıxmaq olurmuş. Indi pilləkən hissəsi tamamilə sökülüb. 1967-ci ildən daha əvvəllərə aid foto isə göstərir ki, tarixi Ərk qalası dörd qala divarından ibarət imiş. Sonralar isə qalanın giriş divarı uçurdulub.
Son zamanlar abidənin məhv olmaq təhlükəsi ilə bağlı böyük narahatlıq yaranmışdır. Bunun səbəbi qalanın qarşısında böyük bir məscidin tikintisidir. Yeni tikilən nəhəng məscid Ərk qalasını, demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünmür, yalnız dördüncü tərəfdən baxdıqda, Təbrizin simvolu bu məşhur qalanı görmək olur. 
25 ildən artıqdır ki, Təbrizdən Oslo şəhərinə köçmüş azərbaycanlı Əsəd Tağızadənin uşaqlıq xatirələri Ərk qalası ilə bağlıdır. O, qalanın yaxınlığındakı məhəllələrdən birində yaşayıb:
“Ərkin arxa divarlarında toplardan açılan atəş izləri var idi. O divar Səttarxanın səngəri idi. O zaman Ərk topla vurula-vurula yıxılmayıb. Bu, mənim üçün bir ideal idi ki, Ərk ayaq üstədir, Təbriz ayaq üstədir. Biz düşünürdük ki, Ərk nə qədər ki, topla yıxılmayıb, Təbrizin inqilabçılığı da yıxılmayacaq. Onun ətrafında bir bağ da vardı, indi dağıdıblar oranı. Əvəzində namaz üçün bir yer düzəldiblər, bu da ki onun arxitekturasını bir-birinə vurub”.
Əsəd Tağızadə hesab edir ki, hökumətin abidələrə münasibətində ayrı-seçkilik özünü göstərir:
“Qeyri-fars millətlərin abidələrinə əhəmiyyət verilmir. O cümlədən, Ərk qalasına. Orda yüksək amfiteatr var idi, inqilabdan sonra söküb-dağıtdılar. Məncə, bu, assimilyasiya siyasətinin əsasındadır… Hətta burda YUNESKO tərəfindən tanınan abidələrə də əhəmiyyət verilmir. Hətta onların da məhv olmasına yardım edirlər. ”Bir millət, bir mədəniyyət” şüarı ona gətirib çıxarıb ki, bu abidələr də, tarix də, iqtisadi azadlıqlar da diskriminasiyaya məruz qalırlar”.

Qalanın yox olmaq təhlükəsi

Şübhəsiz ki, Azərbaycan tarixinin mühüm bir hissəsi Arazın o tayında qaldığına görə, o izlərin silinməsi keçmişlə bağlı böyük bir boşluq yaradır. Müəyyən zaman kəsiyindən sonra kim isbat edə bilər ki, bu torpaqlarda Azərbaycan tarixinin mühüm bir parçası yaşayır. Axı millətlərin keçmişini silinməyə və itib getməyə qoymayan ilk növbədə zamana qarşı dayanan memarlıq abidələridir. Kanada universitetində şərqşünaslıqdan dərs keçən Əlirza Əsgərzadə də tarixi abidələrə yad münasibətdən narahatdır. O, bunu aradan qaldırmaq üçün bir neçə mexanizmin olduğunu deyir:
“Biri odur ki, orada-Azərbaycanda bizim insanlarımız bu işin qarşısında müqavimət göstərsinlər. Ərki dağıdıb məscid tikəndə gərək özləri çıxsınlar xiyabanlara, qoymasınlar bu işi görməyə. Təbrizdə, Urmiyada, Ərdəbildə gənclər bu məsələləri düşünürlər, etirazlarını bildirirlər. Amma bu gərək daha çox olsun, hökumətin qulağına yetişsin ki, xalq narazıdır bu vəziyyətdən. Onun tarixi abidələrinə, kültürünə, hürriyyətinə hörmətsizlik olur. Çünki o tarixi abidələr xalqın hürriyyətinin bir parçasıdır”.
Ərk qalası ilə bağlı bir neçə il öncə Təbrizdən olan millət vəkili Əkbər Ələmi də parlamentdə tənqidi çıxışlar etmişdi. Amma tənqid qalaya münasibəti dəyişməmişdi.
Əlirza Əsgərzadə Talibanın tarixi abidələrlə davranışını nümunə çəkərək deyir ki, bu, bəşəri məsələdir:
“Əfqanıstanda Buddanın heykəllərini, mücəssəmələrini vurub dağıdanda, bütün dünya bu vəhşiliyə etiraz etdi. Çünki o, yalnız Əfqanıstanın abidəsi deyil, bütün bəşəriyyətin mədəni mirasıdır. Eyni sözü Azərbaycanın abidələri haqqında da demək olar”.
Şərqşünas-alim problemin YUNESKO-nun, BMT-nin diqqətinə çatdırılmasının vacibliyini bildirmişdi.ÿ
Bəli, hər bir millət üçün uzaq və yaxın tarix anlayışının önəm dərəcəsi dəyişməz. Çünki o, milləti dünəndən bu günə və gələcəyə götürən əsas bağdır. O bağ qırıldığı zaman arxada buraxıb gəldiklərinə nə əlin çatar, nə ünün yetər…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir