Özünü başqasının yerində görmək

Mən bu ölkədə çox şeyi başa düşmürəm. Məsələn, mən başa düşə bilmirəm ki, bu ayın mərhəmətindən bu hakimiyyətin, onun hakimlərinin ürəyinə niyə pay düşmür? Hə, bizim dostlarımız bu isti yayı məhbəsdə, məhkəmə zalında keçirməyə məcbur oldular. Təsəlli üçün çox söz demək olar və biz bunu çox vaxt edirik. Amma azadlıq yanğısı ilə alışan insanlara nə təsəlli? Onlar üçün ən böyük təsəlli elə azadlıq ola bilərdi…
Mənim yadıma bir sovet filmi düşür. Artistlər etiraz edir, bir neçə gün teatrı tərk etmirlər, hətta yoldaşlarından da biri ürək çatışmazlığından vəfat edir. Nəhayət, bir gün aksiyanı dayandırırlar və vəfat etmiş dostlarını çiyinlərinə alıb küçəyə çıxırlar. Zənn edirlər ki, indi  küçədə insanlar onları qarşılayacaq, amma küçəni tamam boş görürlər. Hə, insanlar bir çox hallarda beləcə laqeyd olurlar və çox vaxt adamı məhz belə laqeydlik sıxır, üzür, hətta öldürür… Ingiltərədən sakit ölkə təsəvvür etmək çətindir. Fəqət, bir neçə günün içində aləm biri-birinə dəydi. Indi bu olayın təfərrüatlarına varmaq istəmirəm. Sadəcə, elə ölkələr var ki, orada hətta bir insana qarşı edilmiş zorakılıq, qəddarlıq, haqsızlıq bütün cəmiyyətə qarşı və cəmiyyətin hər bir üzvünə qarşı hərəkət kimi qəbul edilir. Oralarda insanlar həmişə “Bu zəng kimin üçün çalınır?” sorğu – sualını unutmurlar. Buralarda isə daha çox başqa sual dəbdədir: mənə nə dəxli?..
Heç kim düşünmür ki, bu gün əzilənin yerində sabah o ola bilər. Hamı düşünür ki, bundan tamam sığortalanıb. Çox qəribədir ki, bu sığortanı təmin edən həyat fəlsəfəsi də var və bunu hər biriniz bilirsiniz. Məsələn, deyirlər, hakimiyyətlə hakimiyyətlik etmək olmaz! Deyirlər ki, kafirə “dayı” de, işinin xatirinə! Əgər sən həyatda bunları tətbiq edə bilirsənsə və bu tezislərlə yaşayırsansa, özündən arxayın ola bilərsən, bu dünyanı beli bükük olsa da, hər halda, sakitcə başa vuracaq və elə bir problem yaşamayacaqsan, amma təbii ki, bu dünyada! Mən özüm də adidən də adi bəndələrdən biriyəm və özümü o biri dünyanın sirlərinə və mətləblərinə agah bir insan kimi təqdim etmək istəmirəm. Lakin düşünürəm ki, insan nə vaxtsa, haradasa hesabat verməlidir. Görünür, bunu öz vicdanı qarşısında edə bilməyənlər başqa bir yerdə etməli olacaqlar…
Hər halda, bu dünyanın bir tərəzəsi – mizanı var və hamı üçün nə vaxtsa bu tərəzi – mizan qurulacaq. Təbii, laqeydlik təqsir deyil, heç kimi laqeyd, etinasız və biganə olduğu üçün məsuliyyətə cəlb etmək olmaz. Amma laqeydlik günahdır, ona görə ki, biz öz ibadətlərimizlə təkcə özümüzü mənəvi təmas üçün hazırlamır və həm də başqalarının iztirablarını duymağa çalışırıq və buna çalışmalıyıq. Insan özünü təkcə bəxtəvərlərin, bəxti gətirənlərin yerində təsəvvür etməyi bacarmamalıdır, həm də bu dünyada iztirab çəkənlərin, əzab və əziyyətə, bu dünyada məhrumiyyətə qatlaşanların yerində də təsəvvür etməyi bacarmalı və buna cəhd etməlidir. Məhz başqasının dərdini hiss etmək, şərik olmağa cəhd etmək adamı insan edir – hər halda, F.Dostoyevski belə yazırdı. Insan həmişə xoşbəxtliyə can atır və bu, belə də olmalıdır, çünki onun xoşbəxtliyə canatımı fundamental azadlıq kimi qəbul edilib. Zira özünü uğursuzların və əzab çəkənlərin yerində də hiss etməyi bacarmaq lazımdır, bunun da xüsusi bir mükafatı var və bu mükafat da insanlıqdır ki, heç də hamının haqqındaca dünyasını dəyişəndən sonra “Yaxşı insan idi!” – demirlər.

Siyasətin hərarəti

Bəli, siyasətin hərarəti yayın qızmar günlərinə təsadüf etmədi. Bizim məntiq ilə hər şey öz qaydasındadır. Amma dünyanın da məntiqi var. Suriya, Liviya bir yana, Ingiltərədə siyasi termometr tamam başqa şey göstərir. Elə dünya birjaları da od tutub yanır, hamı növbəti böhran dalğası haqda düşünür. Nə etmək olar? Bizə əvvəllər temperamentli xalq deyirdilər, indilər deyəsən çox islah olunmuşuq. Amma mən həmişə demişəm ki, əfqanlar kimi döyüşkən olmaq da bir şey deyil. Fəqət, bu günlərdə bir əfqan yazıçının müsahibəsini oxudum. Sən demə, onlar da elə hamı kimidirlər, bütün xalqlar kimi işləmək və yaşamaq istəyirlər!