“Hələb oradasa, arşın burada…”

Əhli-iman işlərin şol dəmdə inkar etdilər,
Çün Nəsimini Hələb şəhrində bərdar etdilər.
Öylə kim cövr eyləyib zülm ilə haqqı basdılar,
Küfr edən imana gəlməz, gəlməyə ar etdilər.
(Imadəddin Nəsimi)

Suriya keçmişlərdən mənim xatirimdə Nəsiminin adıyla qalıb. Uzun illər öncə Hələb şəhərində bu ideya şairinin dərisinin soyulduğunu öyrəndim. Sonra eşitdim ki, onun məzarı da elə bu şəhərdədir. Bu ilin əvvəllərində oralara “ərəb baharı”nın rüzgarı əsməyə başladığı, insanlar amansızlıqla qətlə yetirildiyi zaman  yenidən böyük şairin siması gəldi gözlərimin önünə. Nədən bu ölkə mənə hey haqqın boynunun vurulduğu edam kötüyünü xatırladır ki?..
Indi Suriyada insanlar qaniçən rejimə, bu rejimin başçısı Bəşər Əsəd də dünyaya meydan oxuyur. Qətlə yetirilənlərin sayı-hesabı yox. Hökumət gücləri qarşısına çıxanı aman vermədən güllələyir, onların arasında bir körpə də var. Bəşər sözünün mənasını bilirsiniz, “insan” deməkdir. Amma son hadisələrdə bir daha əmin oldum ki, onda bəşərilikdən zərrə qədər əsər yoxmuş. Adam qurduğu çirkin rejimdən məmnun, axıtdığı qanlardan vicdan əzabı çəkənə isə heç oxşamır. Ədalət istəyən xalqa da “terrorçu” adı qoyub. Terrorçumu? Həqiqətən, kimdir terrorçu?
30 ildir Suriyanı mafiya qanunları ilə idarə edən, bütün rəqiblərini əzib sıradan çıxaran Əsəd rejimi, yoxsa adi insani haqlarını istəyən xalq? Bəlkə 1982-ci ildə dövlət gücləri ilə etirazçı Hama şəhərində 30 min insanı qətlə yetirən Hafiz Əsəd və Rifat Əsəddir terrorçu? Bəlkə fransız gilyotininin yeni formasını icad etməklə müxalif fikirli insanlara ən ağır işgəncə verməkdən zövq alan Bəşər Əsədin özüdür?
Çevrəsində baş verənləri görməzliyə vuran Əsəd nəyə nail olmaq istəyir? O, gerçəkdənmi bunu “vətən eşqiylə dolu qəlbinin” diktəsi ilə edir? Bu necə vətən eşqidir ki, orada bir ailənin komfortundan başqa heç nəyə yer yoxdur? Axı o, dünənə kimi indi ittiham etdiyi xarici güclərlə möhkəm dost idi. Elə bu “dostluq” sayəsində də illər uzunu xalqıyla ən qeyri-insani üsullarla istədiyi kimi davrana bilib. Tarix boyu öz xalqını “böyük siyasətə” qurban verən hansı hökmdar özü sonradan o siyasətin qurbanı olmayıb ki?
Amma indi Əsəd rejiminin zülmündən dəhşətə gələn dünya ölkələri hər gün səsinin tonunu qaldırır. Bu dəfə Türkiyənin mövqeyi daha sərtdir. Amma Əsəd yenə düzələnə oxşamır. Türkiyə tərəfinin çağırışlarına da məhəl qoymaq niyyətində görünmür. Qardaş ölkə isə qətiyyətlidir, minlərlə günahsız insanın qətlinə səbəb olan Əsəd probleminə lap öz “daxili məsələsi” kimi baxdığını da gizlətmir. 
Əslində, burada ağlıma ilişib qalan bir məqam da var. Türkiyə zamanında qüdrətli Osmanlı imperiyasının bir parçası olmuş bu torpaqların qan gölünə dönməsini özünə sığışdırmamaqda çox haqlı. Mənim təsəvvürümdə hər zaman acı mənzərələriylə canlanan Hələb şəhərinə Osmanlı tarixinin iziylə getdiyinizdə, o tablonun tamamən dəyişdiyini və rəngləndiyini görərsiniz.
Bəli, tarixçilərin “şərqin kraliçası” adlandırdıqları Hələb Osmanlının ən önəmli şəhərlərindən sayılmış, sənət mərkəzlərindən biri olmuş, hətta onun adı Türk ədəbiyyatında geniş yer almışdır. Türkiyədə indi də “Hələb oradasa, arşın burada” deyimi var. Amma maraqlı faktlar bununla da bitmir. Bu şəhər həm də zaman rüzgarlarının üzərinə toz belə, qondura bilmədiyi böyük eşq hekayətlərinə şahidlik edən tarixi bir məkandır. Oxuyub bildiklərimizə görə, Aşıq Əmrah sevdiyini Hələbdə aramış, Kərəm Əslinin eşqinə Hələbdə yanıb kül olmuşdur…
Yaxın zamanlarda Suriyanı nələr gözləyir? Bu sualın cavabı çoxumuza aydındır, nə olur-olsun Bəşər rejimi gedəcək. Amma əsas məsələ bu deyil. Sadəcə, höcət diktator bu gedişlə arxasında cəhənnəmə çevrilmiş bir Suriya qoyub gedə bilər. Atalar məsəlidir, cəhənnəmə gedən özünə yoldaş axtarar. Önəmli olan buna yol verməməkdir. Heç olmasa bundan sonra qan ağlayan Hələbin yerində, uzaq tarixin sənət və eşqlə rənglənmiş bir Osmanlı tablosunu görmək gözəl olmazdımı?..