
Türkiyə prezidenti Suriya diktatoruna “etdiyiniz əməllərə görə peşman olduğunuzu görmək istəməzdim” yazıb
Türkiyə prezidenti Abdulla Gül Suriya diktatoru Bəşər Əsədə məktub göndərib. Gül Əsədə ərəb dünyasında baş verən dəyişiklər qarşısında mane olmamağı tövsiyə edib. Əksinə, onu islahatçı lider olmağa səsləyib.
Türkiyə prezidenti Əsədə məktubunda “Bir gün geriyə baxdığınız zaman etdiyiniz əməllərə və edə bilmədiyiniz şeylərə görə peşman olduğunuzu görmək istəməzdim” yazıb. Suriyada axan qardaş qanının Türk insanının ürəyini sızlatdığını vurğulayan Gül Suriyanın kritik və tarixi bir dövrdən keçdiyini bildirib. Türkiyə rəhbəri Suriya diktatorunu liderlik cəsarətini ortaya qoymağa və ölkədə köklü islahatların başında durmağa çağırıb.
Xalqın demokratiya tələblərinin səmimiyyət və sürətlə yerinə yetirilməsinə yönəlik çağırışlarını təkrarlayan Gül Suriyadakı gərginliyin tezliklə aradan qalxacağına da əmin olduğunu vurğulayıb. Abdulla Gül məktubunda yazıb ki, dəyişiklük küləyi qarşısında sovrulmaq əvəzinə həmin dəyişikliklərə dəstək verəcək Əsəd tarixi addım atmış olacaq.
Maraqlıdır ki, Abdullah Gül İraq müharibəsindən öncə xarici işlər naziri olduğu dövrdə İraqın ikinci şəxsi sayılan Taha Yasin Ramazanı gizlicə Ankaraya dəvət edərək Səddam Hüseynə xəbərdarlıq ünvanlamışdı. Ancaq Səddam Hüseyn Abdulla Gülün xəbərdarlığını heçə saymışdı. Onun taleyi hər kəsə bəllidir. Bundan başqa Türkiyə rəhbəri 2003-cü il mayın 28-də Tehranda keçirilən İslam Konfransı Təşkilatının toplantısında islam ölkələrinin liderlərini islahatlar aparmağa və xalqlarının tələblərini nəzərə almağa çağırmışdı. Əks halda dünyada baş verən dəyişikliklər dalğası qarşısında dayana bilməyəcəklərini söyləmişdi.
İnformasiya şöbəsi



