Biz hansı quruluşda yaşayırıq?

…Şıxov çimərliyindən üzü Salyana doğru Xəzər sahili demək olar ki, hasara alınıb. Hasarın tipi və hündürlüyü, aralarındakı sərhədlər kilometrlərlə uzanan bu zolağın bir neçə nəfərə aid olduğu haqda təsəvvür yaradır. Əldə olunan məlumatlara görə, Xəzərin bu sahili artıq Arif Paşayev, Nazim Ibrahimov, Oqtay Əsədov kimi hakimiyyətdə xüsusi çəkisi olan şəxslərə müvəqqəti olsa da “məxsusdur”. Hakimiyyətin ömrü qədər olacaq bu dəniz nağılının yəqin ki, sonu olacaq. 
Istər Xəzərin digər sahilləri, istərsə də ölkənin ən bərəkətli torpaqları iri məmurlar tərəfindən artıq zəbt edilib. Qəribədir ki, dünyanın dəniz dövlətlərindən heç biri sahillərini nə hasara alıb, nə də özəlləşdirib, nə də qanuna dəyişiklik edib. Dəniz, onun nemətləri həmişə, hətta müxtəlif rejimlərdə belə, xalqa məxsus olub. Misal üçün bu yaxınlarda mərhəba dediyimiz Panamada, balığın kilosu maksimum 30 qəpiyədir.
…Ixtisasca tarixçi olmağıma baxmayaraq, həmişə “biz hansı ictimai-siyasi quruluşda yaşayırıq” sualına cavab verməkdə “çətinlik çəkirəm”. Ictimai-siyasi münasibətlər baxımından  MƏMUR KAPITALIZMI deyilən analoqsuz bir dövr yaşayırıq. Eyni zamanda feodal qanunları ilə idarə olunan bir dövlətik. Bu baxımdan Avropanın XVI əsrin ortaları ilə müqayisə oluna bilərik. Oxşarlıq çoxdur, beş əsr öncə Ingiltərədə də, zadəganlar kəndliləri qovaraq, torpaqları çəpərləməyə başladılar. Bu proses bizdə, artıq başa çatıb. Hətta bunları tənzimləyən və hər ikisi oktyabrda (tarixin ironiyasına baxın!) qəbul edilən  1549 (Ingiltərə) və 2008  (Azərbaycan) qanunları da sanki bir-birinin təkrarıdır.
Süni əngəllər nəticəsində, torpağını becərə bilməyən kəndli, çarəsiz qalaraq, onu iri torpaq sahibinə sataraq muzdlu işçıyə çevrilir. Məmur bu torpaqları almaq üçün bir neçə il səbr edir, özü də əkib becərmir, elə ki, istədiyi kasıb kəndli torpaqlarını ələ keçirdi, başlayır torpağı əkib becərməyə…

Rejimə dəstək, tarixə dirsək

Bu günkü tarix dərsliklərində, xüsusən də müqayisəsini apardığımız erkən orta əsrlər tarixi, hiyləgərcəsinə və əhəmiyyətli dərəcədə dəyişdirilib. Orta əsrlərin qəddar qanunları, amansız yaşam şərtləri tarixçilərimiz tərəfindən, hakimiyyətin maraqları xatirinə “yumşaldılır”. 2005-ci ildə nəşr olunmuş 8-ci sinif üçün orta əsrlər tarixi buna ən parlaq misaldır. Əvvəllər bir neçə tədris saatı ayrılan  çəpərləmələrə, cəmi bir neçə ziddiyətli cümlə ayrılıb. Oxuduqca bilmirsən torpağı əlindən alınan kəndliyə, yoxsa bunu onlardan alıb, özlərini isə, ucuz işçi qüvvəsinə çevirən lorda (məmura-X.Ə) haqq qazandırasan. Bəhs etdiyimiz çəpərləmələr dövrünün, eləcə də Avropanın  ən mühüm, tarixi hadisələrindən olan Robert Ket üsyanının dərsliklərdən yığışdırılması isə, Azərbaycan iqtidarına və XVI əsr Ingiltərəsinə tarixi bir jestdir. Bu tarixdən bəhs edib onun adını çəkməmək, xürrəmilər hərəkatından danışıb, Babəki yada salmamağa bərabərdir.  Belə getsə, növbəti nəşrdə, gənc nəsli tarixə, bütövlükdə YAP-ın prizmasından baxmağa məcbur edəcəklər. 
…Daha bir maraqlı məqam isə, dərslikdə kalvinizmə hiss olunacaq dərəcədə rəğbətdir. Təsəvvür edirsinizmi, dünyanın ən zərərli məzhəbi izahsız, olduğu kimi gənc nəslə çatdırılır. Buyurun, nöqtəsinə vergülünə dəymədən bir hissəni sizin ixtiyarınıza buraxırıq. “Kalvin deyirdi ki, allah əvvəlcədən insanları iki hissəyə bölmüşdür. Əgər bu həyatda insanın işləri yaxşı gedirsə, varlana bilirsə, deməli, o, ”seçilmiş adamdır”. Kim ziyana düşürsə, işləri uğursuz olursa, deməli allah onu cəhənnəm əzabına layiq bilmişdir”. 
Rəğbətin hardan qaynaqlandığını izah etməyə ehtiyac yoxdur. Çox tanış ideologiyadır. Tarixçilərimizin, orta əsrlərin bu tip ideologiyalarının faciəvi sonluqlarının nədən dərsliklərdən yığışdırılmalarının səbəbini anlamıram.