Kəmaləddin Heydərov tez-tez yanından keçdiyi təhlükəyə niyə əhəmiyyət vermir?
Hacıqabul rayonunda “Azpetrol” yanacaqdoldurma məntəqəsində baş verən partlayış bu problemi yenidən gündəmə gətirdi. Faciəli hadisə paytaxt Bakıda yerləşən yanacaqdoldurma məntəqələrinin əhali üçün real təhlükə mənbəyi olduğunu ortaya qoydu. Söhbət ondan gedir ki, Bakıdakı yanacaqdoldurma məntəqələrilə yaşayış evləri və ictimai binalar arasındakı məsafənin çox az olması insanların həyatına açıq-aşkar təhlükədir. Odur ki, yanacaqdoldurma məntəqələrinin əhalinin sıx olduğu məkanlarda yerləşməsi məsələsilə bağlı ölçü götürülməlidir.
Fövqəladə Hallar Nazirliyi (FHN) yanacaqdoldurma məntəqələrində yanğın və partlayışların qarşısını almaq üçün zəruri olan tədbirlərlə bağlı təlimatını açıqlayıb. Nazirlik qeyd edir ki, yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi ən təhlükəli obyektlər siyahısına daxildir. Odur ki, yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırmalar aparmalıdır. Yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40 faizdən çox olmayan yerlərdə salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10 min metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərinə 250 metr, körpü keçidlərinə isə 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədəuyğun hesab olunur.Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı, 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur.
Təlimatda o da bildirilir ki, partlayış, yanğın təhlükəli yüklər daşıyan avtomobillərin yüklə birlikdə yanacaqdoldurma məntəqələrinə daxil olması yolverilməzdir. Qığılcımsöndürən qurğuları olmayan traktorların yanacaqdoldurma məntəqələrində yanacaqla təmin olunması da qadağandır.Yanacaqdoldurma məntəqələrinə daxil olan və buradan çıxan avtomobillərin yolları bir-biri ilə kəsişməməli, hərəkətin sürəti 20 km/saatı keçməməlidir.Yanacaqdoldurma məntəqələri binaların yanındadır
Indi gəlin, diqqət yetirək. Məsələn, paytaxtın Şərifzadə küçəsindəki “Günəş Petrol” yaşayış evinə bitişikdir. Elə həmin küçədə, ITV-nin yaxınlığında “Azpetrol”un arxasında 9 mərtəbəli bina yerləşir. Mətbuat prospektindəki “Murad Petrol” 16 mərtəbəli bina və istirahət parkının bir neçə addımlığındadır. Bu siyahını xeyli uzatmaq da olar. Amma məqsəd təkcə bu cür faktları sadalamaq deyil.
Əslində, dünyanın Paris, Roma, Berlin, Madrid, Nyu-York kimi inkişaf etmiş şəhərlərində əhalinin sıx olduğu yerlərdə yanacaqdoldurma məntəqələri var. Amma məsələ burasındadır ki, o şəhərlərdə təhlükəsizlik çox ciddi şəkildə qorunur.
Azərbaycanda isə müvafiq qurumların vətəndaşların təhlükəsizliyinə münasibəti hər birimizə yaxşı məlumdur.
Ən pisi odur ki, məsul şəxslər bu cür biganəlik, səhlənkarlıq üzündən baş verən partlayışlardan, ölümlərdən nəticə çıxarmırlar. FHN də yalnız təlimat yaymaqla işini bitmiş hesab edir. O təlimata əməl olunub-olunmadığı isə, deyəsən, heç kimi maraqlandırmır. Hər halda, yəqin ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və müavinlərinin tez-tez istifadə etdiyi yollardakı yanacaqdoldurma məntəqələrilə bağlı durum bunu deməyə əsas verir.
Ramin Deko


