Oğul Əliyevin başçılığındakı Azərbaycan bu gün demokratik dünyanın başlıca problemlərindən birinə çevrilib. Qəzzafi, Əsəd, Əhmədinecat, Lukaşenko… sonra gəlir bizim diktator – Ilham Əliyev. Qəzzafini bitmiş sayırıq. Ardınca da Antibəşər Əsədi. Beləliklə, Ilham Əliyev demoktatik dünyanın, eləcə də Ərəb xalqının çalışmalarının sonucu olaraq diktator beşliyindən çıxarıldıqdan sonra diktator üçlüyündə (Əhmədinecat, Lukaşenko, Ilham Əliyev) yer alır.
Sözsüz, yer alır. Bu yeri ona kimsə vermir, o özü alır. Konkret fakt: I.Əliyev bugünlərdə Lukaşenkoya, – Avropanın sonuncu diktatoru adlandırılan keçmiş sovxoz direktoruna, – 0,01 faiz kreditlə 300 milyon dollar… bağışladı!. Bu, demokratik dünyanın blokadaya aldığı iki diktatorun iş birliyi, bir diktatura yatırımıdır. Bu pul Belarus xalqını dirçəltmək üçün, ona yardım üçün verilən pul deyil, diktator Lukaşenkonu bacardıqca ayaqda saxlama yardımıdır. I.Əliyev gərəkərsə, belə pullardan diktator dostu Əhmədinecata, qatı düşmənimiz, cırtdan diktator Sərkisyana da çaparaq yetirəsidir.
Sərkisyan dedim, yadıma Qarabağ düşdü. Köçəryanla Sərkisyan Qarabağı bizdən qanlı qırğın yoluyla alan Rusiya agentləridir. Onlar Xocalı soyqırımını birlikdə törədiblər, Ağdam boyda şəhəri Yer üzündən birgə siliblər. Heydər Əliyevin Köçəryanla çoxillik sevincək, ürəkdən gələn gülüşlərlə zəngin görüşləri tele-foto arxivlərdə bol-boldur. Oxşar görüşləri Sərkisyanla oğul Əliyev sürdürməkdədir. Bizlər H.Əliyev dönəmindən üzü bəri bu görüşlərin yalançı xarakter daşıdığını, xalqı aldadıb başının altına balış qoymaq üçün olduğunu illərlə dönə-dönə yazmışıq. Bizim bir başlıca arqumentimiz olub: H.Əliyev gizli danışıqlar yoluyla, Qarabağı, Azərbaycan neftini düşmən güclərə boyun olmaqla hakimiyyətə gəlib, gətirilib. Politoloq Zərdüşt Əlizadənin bu fakta özümlü, eləcə də çox sanballı yanaşması var: “Heydər Əliyev neft oğurluğuna gəlmişdi” – Ilham Əliyev prezidentlik yolunda bəlli ilkin addımını atarkən ata kursunu “davam” etdirəcəyini demişdi. Budur, ata kursu sürdürülməkdədir: Qarabağla bağlı yalançı danışıqlar, “lazım gələrsə”, “Ermənistanın büdcəsindən qat-qat artıq büdcəsi olan” ordumuzun gücünə Qarabağı “işğaldan azad etmək” kimi söyləmələr uzanıb gedir. Bir daha deyirəm: biz bunların hamısının yalan olduğunu, xalqı aldatmaq üçün deyildiyini dönə-dönə yazmışıq. Bunun üstündə bir sıra satqın, qarınqulu “xalq” şair-yazıçıları tülüngü televiziyalara qoşularaq bizi hakimiyyətə qara yaxmaqda suçlayıblar.
Sağ olsun Rusiya prezidenti Medvedevi: açdı sandığı, tökdü pambığı. Sən demə, 2008-in yayında Rusiyanın Gürcüstanı bombalamasından sonra Ilham Əliyev qorxuya düşərək Medvedevə bildirib: “Savaşdan illərlə uzanıb gedən barış danışıqları daha yaxşıdır”. Onda soruşulur: 2008-dən bu yana I.Əliyevin dönə-dönə “bizim güclü ordumuz var, lazım gəlsə, işğal altındakı torpaqlarımızı ordumuzun gücüylə azad edəcəyik” deməkləri nə deməkdi? Bir belə yalanlar nə üçündür? Xalqın başını yalançı barış-savaş danışıqları ilə qataraq, rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu DÖVLƏT SIYASƏTINƏ çevirməklə, milyonlara, milyardlara yiyələnib xalq diz çökdürməklə uzun illər bu ölkədə ağalıq eləmək-hakimiyyət sürmək üçün! Qarabağın – ölkəmizin bir bölgəsinin – işğal altında olması elə də böyük faciə deyil, bizim başlıca faciəmiz bütövlükdə Azərbaycanın Əliyevlər ailəsi kimi xalqımıza düşmən bir ailənin IŞĞALI altında olmasıdır! Problem bundadır!!!
Bakıdan Göyçayadək hər yerdə bir tip məhkəmələr gedir – müxalifət məhkəmələri. Ayrı-ayrı hakim, prokuror adları altında keçirilsə də, bu məhkəmələrin hamısının bir başlıca hakimi, bir başlıca prokuroru var – Ilham Əliyev. Bunlar I.Əliyevin antidemokratiya məhkəmələridir. Mübarək! Sonra da… Hüsnü Mübarək!..