yap-bina-emblem

YAP İctimai Palatanın dəvətindən imtina etdi

Nurəddin Məmmədli: «Hakimiyyətə demokratiya ilə bağlı problemləri müzakirə etmək sərf etmir»

Xəbər verildiyi kimi, Ictimai Palata avqustun 17-də “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” layihəsini müzakirəyə çıxaracaq. Ictimai müzakirəyə hakim partiya da dəvət olunub. Amma YAP mətbuat vasitəsilə bu dəvətə artıq münasibət bildirib. YAP-dan olan millət vəkili Aydın Mirzəzadə belə bir tədbirdə, dəvət etsələr belə, iştirak etməyi lazım bilməyib.
A.Mirzəzadə mövqeyini belə arqumentləşdirməyə çalışıb ki, IP demokratiyaya yumşaq keçiddən danışsa da, kütləvi aksiyalar keçirir. Bundan başqa A.Mirzəzadənin sözlərindən belə çıxır ki, normal cəmiyyətin qurulmasını, korrupsiyaya qarşı real mübarizənin aparılmasını tələb etmək demokratik düşərgənin yanlışıdır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli vurğuladı ki, A.Mirzəzadənin mövqeyi bir daha göstərir ki, hakimiyyət ideoloqları dünyada baş verən proseslərdən nəticə çıxarmaq iqtidarında deyil. YAP-ın bu kimi sənədlərin müzakirəsinə hazır olmadığını deyən N.Məmmədli, həmçinin bildirib ki, iqtidarın bu cür müzakirələrdən yayınmasını anlamaq olar: “Ictimai Palata demokratiya ilə bağlı problemləri müzakirəyə təqdim edir. Bu problemlər bütün dünya tərəfindən qəbul olunur və beynəlxalq ictimaiyyət onların çözülməsini tələb edir. Bütün dünya dəyişir, demokratikləşir Azərbaycan hakimiyyəti isə bu standartlara uyğunlaşmaq istəmir. Beynəlxalq ictimaiyyətdən gələn təpkini, tövsiyələri qəbul etmir. Aydın Mirzəzadə tədbirə qatılacağı halda, demokratiya ilə bağlı problemləri müzakirə etməli və çıxış yolları ilə bağlı üzərinə öhdəliklər götürməlidir. Bunu isə hakimiyyət edə bilməz”.
N.Məmmədlinin sözlərinə görə, ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərin birində hakimiyyət üzərinə müəyyən öhdəliklər götürsə də, sonradan onlardan imtina etməli oldu. Bu baxımdan IP-in keçirəcəyi ictimai dinləmə də istisna olmamalıdır. N.Məmmədli A.Mirzəzadənin IP-in icazəsiz aksiyalar keçirməsi ilə bağlı fikrinə də münasibət bildirdi: “Aksiyalar, piketlər vasitəsilə insanlar hakimiyyətdən narazılıqlarını çatdırırlar. Bütün dünya bu tədbirləri qəbul edir. Ona görə vətəndaşların fundamental hüquqlarına qarşı çıxmaq tədbirə qatılmamaq üçün sadəcə olaraq bəhanədir”.

Hikmət