Vidadi İsgəndərliyə qarşı ittihamlar alt-üst oldu

Məhkəmədə şahidlər Şəmsəddin Hacıyevin saxtakarlıqla deputat olduğunu bəyan etdilər

Ictimai Palatanın Təhqiqat Qrupunun sədri, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin işi üzrə Göyçay Rayon Məhkəməsində proses davam edir. Dünənki məhkəmə iclası başlayan kimi Vidadi Isgəndərli çıxış edərək, ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu bildirib. Qeyd edib ki, iş üzrə zərərçəkmiş qismində tanınan 11 nəfərdən 5-ni hələ də məhkəməyə gətirmək mümkün olmayıb:

Çürümüş sistemə sübut etmək istəyirəm ki…

– Azərbaycan tarixində belə məhkəmə olmayıb ki, zərərçəkmişlər prosesdə iştirak etməsin. Ittiham tərəfi çıxılmaz vəziyyətdə qalıb. Çünki zərərçəkmişləri məhkəməyə gətirə bilmirlər. Gətirdikləri də məhkəmədə ittiham tərəfi biabır eləyir.
Mən qondarma ittihamlarla həbs edilmişəm, siyasi sifarişlə mühakimə edilirəm. Iş materiallarına baxın, məni tutandan 24 gün sonra zərərçəkmiş axtarırlar. Bu, biabırçılıqdır. Inzibati qaydada müvəqqəti saxlanıldığım yerdə mənə narkotik maddə vuraraq, huşsuz vəziyyətdə prokurorluğa aparıblar.  Bundan sonra barəmdə 2 aylıq həbs qərarı seçiblər. Bu qondarma ittihamlarla üzümə durğuzduqları adamları məhkəmədə dindirə bilmədilər. Bu şəxslər əleyhimə ifadə veriblər. Gəlsinlər məhkəməyə, bizim onlara veriləsi suallarımız var. Çürümüş sistemə sübut etmək istəyirəm ki, onların ittihamları saxtadır. Barəmdə cinayət işi başlamaqla prokurorluq faktiki cinayət törədib.

Ziya Məmmədov kimilər azadlıqda gəzir…

Bundan başqa, hüquq müdafiəçisi yalançı şahidlərin həbsini tələb edib. Deyib ki, hətta barəsindəki hökmün nə vaxt elan olunacağını da bilir:
– Mən bilirəm ki, barəmdə nə vaxt hökm çıxarılacaq, nə vaxt da azadlığa buraxılacağam. Bu gün Ziya Məmmədov kimi cinayət törədən nazirlər azadlıqda gəzir, Vidadi Isgəndərlini isə həbs edirlər.
Hüquq müdafiəçisinin çıxışından sonra onun vəkili Xalid Bağırov vəsatət qaldıraraq, məhkəmə prosesinin audio və videolentə alınmasına şərait yaradılmasını istəyib. Vəkil bu vəsatəti məhkəmədə səslənən bütün fikirlərin protokolda öz əksini tapmasına şübhə etməsilə izah edib.
Dövlət ittihamını müdafiə edən prokuror Nəriman Ələkbərov vəsatətin əleyhinə çıxıb. Vidadi Isgəndərli isə prokurorun bu mövqeyini onun ehtiyatlanmasıyla izah edib. Hüquq müdafiəçisi deyib ki, hətta Afrika ölkələrində belə bu məhkəmə prosesini izləyən olsa, deyəcək ki, Azərbaycan yüz illərlə geridə qalıb.
Hakimin bu vəsatətə münasibəti prokurorun mövqeyinə uyğun olub – vəsatət təmin olunmayıb.
Daha sonra vəkil Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bu məhkəmə prosesi barədə mediaya yanlış məlumat verməsindən şikayətlənib:
– Deyir ki, guya, prokuror bu məhkəmədə elə çıxış edir ki, vəkil utandığından başını aşağı salır. Belə həqiqətə uyğun olmayan informasiyalarla bağlı məhkəməyə sübutlar təqdim edəcəyik. Prokurorluq işçisinin hakimiyyətin qanadı altında   olan mətbuat orqanlarında belə həqiqətə uyğun olmayan informasiyalar yayması məhkəmə iclas protokolunu da şübhə altına alır. Bu günə kimi 11 məhkəmə iclası keçirilib. Həmin iclasların protokolları ilə tanış olmaq istəyirik.
Xalid Bağırovun növbəti vəsatəti isə hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə idi:
– Ittiham tərəfin sübutlarının araşdırılması, şahid və zərərçəkmişlərin dindirilməsi başa çatıb. Bu baxımdan hesab edirik ki, Vidadi Isgəndərlinin daha artıq həbsdə saxlanılmasına prosessual zərurət qalmayıb, ittiham tərəfin və məhkəmənin sonuncu bəhanəsi aradan qalxıb. Buna görə də müdafiə etdiyim şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edirəm.
Lakin vəkilin bu vəsatəti də təmin olunmadı.
Vidadi Isgəndərliyə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 159.2.4-cü və 160.2.1-ci maddələrilə ittihamlara xitam verilməsinə dair vəsatətlər də nəticəsiz qaldı.

Seçki məntəqəsində saxtakarlığa etiraz

Xalid Bağırov həmçinin 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 13 saylı seçki məntəqəsinin parlament seçkisinə dair protokolunun cinayət işinə əlavə edilməsi, həmin seçki məntəqəsində tərtib edilmiş əlavə seçicilərin siyahısının DSK-dan tələb olunması barədə vəsatət qaldırdı. Vəkil vəsatətini onunla əsaslandırdı ki, guya, 2 saylı seçki məntəqəsində Vidadi Isgəndərli seçkinin gedişinə mane olub və Əlican Cəfərova zərər çəkib. Halbuki, Ə.Cəfərov 13 saylı seçki məntəqəsində katib olub və orada da səs verib.
Hakim vəkilin bu vəsatətini təmin etdi.
Daha sonra müdafiə tərəfin vəsatəti əsasında AXCP üzvü Şahverdi Mikayılov ifadə verdi. O bildirdi ki, seçki zamanı namizəd Səmid Məmmədovun səlahiyyətli nümayəndəsi olub. Onun sözlərinə görə, seçki günü müşahidə aparmaq məqsədilə günün ikinci yarısında 2 saylı seçki məntəqəsinə gəlib. Həmin vaxt məntəqədə səs-küy olub. Neyman Əsgərov adlı şəxs seçkinin saxtalaşdırılmasına etirazını bildirib:
– Məntəqənin veb-kamerası var, həmin kameraya baxış keçirilsə, bu açıq-aydın görünər. Daha şahidlərə də ehtiyac qalmaz. Həmin səs-küy zamanı Vidadi Isgəndərli orada olmayıb. Neyman Əsgərov seçkinin saxtalaşdırılmasına, kəsilmiş bülletenlərin gizlədilməsinə etiraz edirdi. Vidadi Isgəndərli isə bir qədər sonra gəlmişdi.

Göyçayda kütləvi seçki saxtakarlığı

Şahid uzun illərdir seçki təcrübəsi olduğunu qeyd edərək, hələ 2005-ci ildə Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin saxta yolla deputat seçildiyini bildirdi. Onun sözlərinə görə, həmin il seçkidəki qanunsuzluqlar barədə Göyçay rayon Prokurorluğuna şikayət ediblər. Amma nəticəsi olmayıb. Odur ki, 2010-cu ilin parlament seçkisində də kütləvi saxtakarlıq təkrarlanıb:
– Bu seçkidə Vidadi Isgəndərli qanuni yolla seçilsə də, deputat təyin edilmədi. Onun yerinə Şəmsəddin Hacıyev təyin edildi.
Seçkini müşahidə etmiş Elnur Rəhimli də dünən ifadə verib. O da seçki zamanı saxtakarlığa yol verildiyini təsdiqləyib.
Parlament seçkisində namizəd Ilqar Yusiflinin nümayəndəsi olmuş Müsavat partiyasının üzvü Əlirasim Əliməmmədli də 2 saylı seçki məntəqəsində müşahidə aparıb. O da ifadəsində əvvəlki şahidin söylədiklərini təsdiqləyərək bildirib ki, Neyman Əsgərov əvvəlcədən topa ilə kəsilmiş bülletenlərə etirazını bildirib. Özü də həmin vaxt Vidadi Isgəndərli orada olmayıb.
Seçki məntəqəsindəki səs-küy başa çatandan sonra Vidadi Isgəndərlinin gəldiyini deyən şahidin sözlərinə görə, hüquq müdafiəçisi orada cəmi 2-3 dəqiqə olub. Şahid onu da qeyd edib ki, məntəqə sədri seçki günü müşahidəçilərə normal şərait yaratmayıb:
– Bu il keçirilən seçkidə saxtakarlıq çox olub. Qutudan Şəmsəddin Hacıyev çıxmayıb. Mənim müşahidəçi olduğum məntəqədə bülletenlərin açılması zamanı seçicilərin Vidadi Isgəndərliyə səs verməsinin şahidi olmuşam. Lakin sonda saxta yolla Şəmsəddin Hacıyev deputat oldu.
Şahidlərin dindirilməsindən sonra vəkil Xalid Bağırov 2 saylı seçki məntəqəsindəki veb-kameranın seçki günü lentə aldığı kadrların Mərkəzi Seçki Komissiyasından tələb edilməsi barədə vəsatət qaldırıb. Hakim bildirib ki, artıq veb-kameranın məhkəməyə təqdim edilməsi üçün MSK-ya sorğu göndərilib.
Məhkəmə prosesi bu gün davam etdiriləcək.

Ramin Deko