Üsyançılar Qəzzafi üzərinə əks hücuma keçdi

Müxaliflər neft şəhəri Breqanın bir hissəsinə nəzarəti ələ aldı, sırada Zaviyyə şəhəridir

Medvedev Qəzzafi rejiminə sanksiyalar tətbiq etdi

Liviyada üsyançılarla Müəmmər Qəzzafiyə bağlı silahlılar arasında qarşıdurmalar davam edir. Benqazi şəhərində qurulmuş Milli Keçid Şurasının əmrindəki silahlı üsyançılar Liviyanın əsas neft yataqları və emalı zavodlarının yerləşdiyi Breqa qəsəbəsinin bir hissəsini ələ keçirdiklərini açıqlayıblar.

Müxalif qüvvələrin sözçüsü Musa Mahmud əl Məqrabi Breqadakı neft müəssisələrinin olduğu qərb hissəsinin hələ Qəzzafiyə bağlı silahlıların nəzarətində qaldığını söyləyib. Onun sözlərinə görə, üsyançılar qəsəbənin əsasən mülki əhali yaşayan bölgələrinə nəzarət edirlər. Sözçü qəsəbədə Qəzzafiyə bağlı 100 əsgərin olduğunu və Breqa uğrunda qarşıdurmaların davam etdiyini bildirib.

Məqrabi üsyançıların şəhəri tamamilə nəzarətə götürməyi və neft ixracatına yenidən başlamaq niyyətində olduqlarını vurğulayıb. “Əl Cəzirə” kanalına danışan mənbələr son əməliyyat zamanı üsyançıların 7 nəfər itirdiyini bildirib. Mənbə Liviya diktatoruna bağlı 12 silahlının üsyançılarla təslim olduğunu da açıqlayıb. Üsyançılar Breqadan sonra Zaviyyə qəsəbəsini ələ keçirməyə hazırlaşır. Müxaliflərin əsas hədəfi isə Qəzzafinin son qalası adlandırılan paytaxt Tirpoliyə daha da yaxınlaşmaqdır.

Bu arada BMT-nin baş katibi Pan Gi Mun yazılı açıqlamasında Liviyadakı böhranın silahlı yolla həll edilməsinin mümkün olmadığını bildirib. Baş katib tərəfləri atəşkəs élan etməyə və danışıqlar aparmağa çağırıb. Rusiya prezidenti Dmitri Medvedev isə BMT Təhlükəsizlik Şurasının bu ilin martında qəbul etdiyi Liviyaya sanksiya qərarını təsdqiləyib. Medvedev yeni göstərişlə Liviyaya istiqamətlənən və ya bu ölkənin Rusiya üzərində təyyarələrinin uçuşunu qadağan edilib. Eyni zamanda Müəmmər Qəzzafinin ən yaxın qohumlarının, onun ətrafındakı şəxslərin və Liviya şirkətlərinin maliyyə vəsaitələri və aksiyaları ilə bağlı əməliyyatlar da qadağan olunub.

İnformasiya şöbəsi