Suriyalı nümayişçilər diktatorla sona qədər vuruşacaqlarını bəyan etdi; yüz minlər «Diz çökməyəcəyik» Cüməsinə qoşuldu
ABŞ Əsəd rejiminə daha bir zərbə vurdu
Suriyada Əsəd rejiminin kütləvi qətliamlarına və repressiyalarına baxmayaraq, insanlar hakimiyyət əleyhinə etirazlarını davam etdirir. Ötən gün cümə namazından sonra yüz minlərlə insan küçələrə axışaraq, Bəşər Əsədin istefasını tələb ediblər. Ölkənin müxtəlif bölgələrində keçirilən etiraz aksiyaları “Diz çökməyəcəyik” Cüməsi” adlandırılıb.
“Əl-Cəzirə” telekanalının xəbərinə görə, yüz minlərlə insan paytaxt Dəməşq başda olmaqla, Humus, Dəraa, Lazkiyə, Hələb, Idlib və Qamışlı kimi iri şəhərlərdə küçələrə axışaraq hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar Əsəd rejiminin zorakılıqlarına baxmayaraq, geri çəkilməyəcəklərini bildiriblər. Hökumət qüvvələri yenə də mitinqlərin dağıdılması üçün etirazçılara qarşı odlu silahdan istifadə edib. Açılan atəş nəticəsində Hələb, Həma ilə paytaxt Dəməşqin Duma və Harəstə bölgələrində, eləcə də Humus şəhərində 10 etirazçı həlak olub.
Həma şəhərində məscidin önündə keçirilən etiraz aksiyası hökumət qüvvələri tərəfindən zorakılıqla dağıdılıb. Əsgərlər, hətta məscidi də atəşə tutublar. Məscidin minarələrindən biri dağıdılıb. Təhlükəsizlik qüvvələri məscidə daxil olaraq hökumət əleyhdarlarını həbs ediblər.
Bu arada, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Türkiyə baş nazirinin mətbuat xidmətinin məlumatına görə, tərəflər regional məsələləri və Suriyadakı vəziyyəti müzakirə ediblər. Rəsmi Dəməşqin yaxın günlərdə atacağı addımları yaxından izləmək, bununla bağlı qarşılıqlı məsləhətləşmələri davam etdirmək qərara alınıb.
ABŞ prezidenti və Türkiyənin baş naziri Suriya hökumətinin mülki əhaliyə qarşı silahdan istifadə etməsindən narahatlıqlarını ifadə ediblər. Hər iki lider bu ölkədə axan qanın kəsilməsi və xalqa qarşı zorakılığın dayandırılmasının zəruriliyini vurğulayıb.
ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq enerji korporasiyalarını Suriyadakı fəaliyyətlərini dayandırmağa çağırıb. O, Çin və Hindistanın Suriyaya qarşı sanksiyalara qoşulmasını, Rusiyanın isə bu ölkəyə silah satışını dayandırmasını istəyib: “Bizim Bəşər Əsədə təzyiq göstərmək üçün atmalı olduğumuz addım Suriyanın neft-qaz sənayesinə qarşı sanksiyalar tətbiq etməkdir. Biz istəyirik ki, Avropa bu istiqamətdə əlavə addımlar atsın. Istəyirik ki, Suriyanın enerji sektoruna iri investisiyalar qoymuş Çin və Hindistan bizimlə birlikdə bu addımları atsınlar”.
Hillari Klintondan ABŞ-ın niyə Bəşər Əsədi açıq şəkildə istefaya çağırmadığı da soruşulub. Amerika diplomatiyasının rəhbəri bildirib ki, hazırkı mərhələdə Ağ evin səyləri Suriyadakı hakim rejimi siyasi və iqtisadi cəhətdən təcrid etmək və daha çox ölkəni öz tərəfinə çəkməkdir: “Bəşər Əsədin legitimliyini itirdiyini bəyan etdikdə bizim mövqeyimiz aydın idi. Biz bunu ilk deyənlərdən olmuşuq. Lakin səsimizin yeganə olmaması vacibdir. Istəyirik ki, belə səslər bütün dünyadan gəlsin”.
Elxan



