ABŞ Suriyaya yeni qadağalar tətbiq etdi; BƏƏS rejimi təhdid olundu
Suriyada Əsəd rejiminin əmrindəki əsgərlərin hakimiyyət əleyhinə etiraz aksiyalarının keçirildiyi bölgələrdə qanlı əməliyyatları davam edir. BƏƏS qüvvələri Livanla sərhədə yaxın ərazilərdə əməliyyatlara başlayıb. Tank və zirehli texnikanın dəstəyi ilə Suriya-Livan sərhədinə yaxın bölgələrə girən təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlar nəticəsində ən azı 5 nəfər dünyasını dəyişib.
Hökumət qüvvələri Həmada kütləvi qırğın törətdikdən sonra Humus şəhərinə keçiblər. Əsgərlər Həmadan geri çəkilərək yolüstü Humus şəhərinə daxil olaraq hakimiyyət əleyhdarlarına divan tutublar. Suriyadakı insan haqlarını müdafiə edən fəallar Humus vilayətinin Kuşeyri qəsəbəsində 5 mülki şəxsin öldürüldüyünü bildirib.
Təhlükəsizlik qüvvələrini daşıyan avtobuslar və tanklar Idlib bölgəsindəki rejim əleyhdarının keçirdiyi Sarakib qəsəbəsinə girib. Qəsəbədən partlayış və silah səslərinin eşidildiyi, təhlükəsizlik qüvvələrinin təxminən 100 adamı həbs etdiyi bildirilib. “Reuters” agentliyinin xəbərinə görə, əməliyyatlarda yalnız Humus şəhərində ən az 17 nəfər qətlə yetirilib.
Bu arada ABŞ administrasiyası Suriya diktatoru Bəşər Əsədin maliyyə qaynaqlarını hədəfləyən yeni sanksiyalar paketi barədə qərar çıxarıb. Budəfəki qadağalar Suriyanın ən böyük ticarət bankına və mobil telefon şirkətinə sanksiyaları nəzərdə tutur. ABŞ Maliyyə Nazirliyinin rəsmiləri Bəşər Əsədin maliyyə qaynaqlarını hədəflədiklərini söyləyiblər. ABŞ sanksiya siyahısına daxil edtiyi Suriya Ticarət Bankını qanuni olmayan silah istehsalı və alışını maliyyə cəhətdən dəstəkləməkdə günahlandırır. Sanksiyaların hədəfinə çevrilən mobil rabitə şirkəti “Syriatel” Suriyanın ən nüfuzlu iş adamlarından biri kimi tanınan, Bəşər Əsədin dayısı Rami Mahlufa aiddir.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Suriya diktatorunun iqtidardan getməsi istiqamətində açıq çağırış etmiş olmasa da, bu addımın yaxın günlərdə atılması real görünür. Ağ ev rəhbəri çərşənbə günü verdiyi açıqlamasında “Bəşər Əsədsiz Suriya daha yaxşı bir yer olacaq” cümləsini də işlədib.
Bundan başqa, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bəşər Əsədlə keçirdiyi görüşlərin ardından avqustun 11-də bir qrup jurnalist Suriyanın Hama şəhərinə yola düşüb. Jurnalistlər Türkiyənin Hatay vilayətindən Cilvəgözü sərhəd keçid məntəqəsini keçməklə Hamaya gedib. Suriya hökuməti ordunun və ağır texnikanın Hama şəhərindən çəkildiyini açıqlayıb. Suriyada baş verən iğtişaşlardan sonra bu ölkəyə gedən ilk qrupda Türkiyə və xarici ölkələrin media qurumlarını təmsil edən 10 jurnalist təmsil olunur.
BMT Təhlükəsizlik Şurasının Avropadan olan üzvləri də Suriyanı zorakılıqları dayandırmasa daha sərt tədbirlər görməklə hədələyiblər. Qərb diplomatlarının sözlərinə görə, Dəməşqə qarşı növbəti addım sanksiyalarla bağlı olacaq. Ingiltərənin BMT-dəki səfirinin müavini Filip Parham Təhlükəsizlik Şurasının qapalı iclasından sonra jurnalistlərə açıqlamasında Suriyada vəziyyətin qorxunc və ürəkağrıdıcı olduğunu bildirib: “Suriyada indiyə qədər 2000 mülki şəxs qətlə yetirilib. Onların böyük əksəriyyəti silahsız adamlar olub. 3 min mülki şəxs yoxa çıxıb. 13 min adam həbs edilib”. Lakin Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Avropa ölkələrinin tənqidini qəbul etməyib. O, ölkəsindəki etiraz aksiyalarını Böyük Britaniyadakı iğtişaşlarla müqayisə edib və Londonun mövqeyini ikiüzlülük adlandırıb.
ABŞ-ın BMT-dəki səfiri Syuzan Rays Vaşinqtonun indiyə qədər Əsəd rejiminə qarşı ən sərt bəyanatını səsləndirib: “Biz aydın vurğulamaq istəyirik ki, Bəşər Əsədin hərəkətləri qətiyyən qəbuledilməzdir. Onun ölkəni idarə etmək üçün artıq legitimliyi yoxdur”.
Elxan