Desəm ki, onun üzündən təbəssüm əskik olmazdı, heç yanlış olmaz. Həm də təkcə təbəssüm deyil, əməlli-başlı gülərdi, uzun-uzun, şaqqanaq çəkərək, qəhqəhəylə. Salamı belə gülüşlə başlayardı. Elə bil qarşısına məqsəd qoymuşdu ki, bütün dostlarını salamla qarşılayacaq, eynlərini açacaq, üzümüzə alın yazısı kimi yazılmış kədəri pozan misalı gülüşüylə silib təmizləyəcək, yenidən üzümüzün qırışlarını ütüləyəcək, cizgilərimizi şənlik havasına doğru kökləyib qırışığını açacaq. Google axtarış sisteminin yaddaşı da onun gülüşlərilə zənginlik sərgiləyir – 0,12 saniyəyə 160000 nəticə.
Nazim Hikmət demiş: “Şərab çəlləyi kimi şən…”. Bu qədər şən adamın bu qədər də erkən ölümünü anlamaq olmur. Həm də bu şən adam ürəyindən gedib. Yoxsa bu şoğərib ürək şənliyə də dözə bilmir? Daha bunun nəyi ürək oldu? Yoxsa Azərbaycan insanının orqanizmi dəyişib? Daha insan qəlbi kədərə, qəmə, ələmə öyrəşib… Bəlkə yüzillərlə çəkdiyi sitəmlərə adaptasiya olunub, mutasiya baş verib hətta. Yoxsa daha bundan sonra adamlara həkim şən ovqatı yox, kədəri məsləhət görməlidi, nə bilmək olar: “Çalışın, şənlənməyin,- deməlidi,- bir az bədbin olun, niyə bu qədər ruh yüksəkliyi içindəsiz? Şükür Allaha nə olub ki, özünüzü bu qədər şən aparırsınız? Baxın böyür-başınıza, doğmalarımızın, vətənimizin, Qarabağımızın, gün-güzəranımızın, mənəviyyatımızın halına. Maşallah, kədərlənmək, yasa batmaq üçün bu qədər səbəb varkən, özünüzü yalançı şənliyə niyə təslim edirsiz?”. Qardaş, xoşbəxtliyə yadırğamış ürəyimiz götürmür də xoş ovqatı, şənliyi; çəkə bilmir, zora düşür…
Insanımızın ürəyini bir də sevincə, nəşəyə, xoşbəxtliyə uyğunlaşdırmaq, öyrətmək, kökləmək üçün görəsən bizə bundan belə hələ nə qədər zaman gərəkəcək? Yeni mutagen dəyişikliklərəcən hələ nə qədər şirin canlar erkən-erkən dünyaya vida deyəcək?..
Onun ölümü də elə ən şən günündə baş verdi. Salam Sarvanın doğum günündə – 45 yaşının tamam olduğu gün. Salamı, onun poeziyasını nə qədər sevdiyini anlatmam imkansız. Onu hərfbəhərf bilirdi. Hələ özü qəzetçiliyə baş vurmadığı vaxtlarda bütün qəzetləri oxuyar, Salamla bağlı hansı qəzetdə bir kəlmə gözünə dəysə, yığıb Salama gətirərdi. Sözü bu qədər anlayan oxucu təsəvvür eləmək çox çətindi. Bir ara mənə də qismət oldu – hekayələrimi birinci ona verərdim oxumağa. Onun ilk oxucum olmasıyla fəxr edərdim – axı o Salamın ilk oxucusuydu!
Bizlər adətən, qəzetçi dostlarımız həbsə düşəndə, döyüləndə, oğurlananda, öldürüləndə onlara hansısa həftəni həsr edir, “Filankəs həftəsi” elan eləyirik. 3-4 gün qabaq, “valı dəyişək”,- dedik və Əvəz Zeynallının təşəbbüsü ilə son həftəni Salam Sarvan həftəsi elan elədik; bir dəfə də həftəmiz kefimizdən olsun,- dedik: “Sənin dərdindən də kefnən içirəm, Axşam kabab ilən, səhər xaş ilən”,- kədəri bu qədər şən yola verə-verə…
O, Salamın düz 45 yaşının tamam olduğu gün, 45-ci ildə bəşəriyyət II Dünya Savaşının bitməsinə nə qədər sevinmişdisə, nə qədər şənlənmişdisə, o qədər də sevinəcəkdi. O qədər sevinirdi də. Yəqin ki, Salamın 45 yaşına alacağı hədiyyəni də düşünürmüş…
Bilmirəm, fikrimi doğru çatdıra biləcəm, ya yox. Bəlkə Seyid Əzimin bu misrası yardımçım ola: “Sizə qurban özüməm, ta sizə qurban nə kəsim?..”. Adam adama deyir: “Canımı sənə qurban verərəm”. Mənə elə gəlir, o, doğum günündə Salama öz canını hədiyyə elədi. Ölüm şəklində. Dünyanın ən şən adamının ən kədərli hədiyyəsi. Salama verilən bütün hədiyyələr it-bat olacaq, onun hədiyyəsi isə hər il avqustun 10-da yaş günü yenidən diriləcək, təzədən çiçəkləyəcək, ta ki Salamın yaşı bitənə kimi.
Kimi bir qəzetçini, kimi gözəl bir oğlanı, kimi dostunu, kimi… kimi… mən isə Böyük bir Oxucunu itirdik deyirəm. Bu oxucu sarıdan qıtlıq ilində… Başın sağ olsun, Ədəbiyyat! Ruhun şad olsun, qardaş!