Leyla Yunusun ofisini sökdülər (FOTO/VİDEO)


Sülh və Demokratiya İnstitutunun paytaxt Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisini dünən axşam saatlarında söküblər. Ofis SDİ-nin əməkdaşları içəridə ola-ola sökülüb.

SDİ əməkdaşlarının və ətrafdakıların etirazlarına baxmayaraq ofis yerlə yeksan edilib. Söküntü
polis və mülki şəxslərin nəzarəti altında həyata keçirilib.
Sülh və Demokratiya institutunun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunus bildirib ki, ofisi sökməyə gələnlər qaz sayğacına baxmaq istədiklərini deyiblər. Amma içəri girən kimi ofisin pəncərələrini sökməyə başlayıblar.

Ofisin işçilərindən Azad İsazadə “Azadlıq” radiosunun kamerasına deyib ki, söküntü zamanı əksər texniki avadanlıqlar və sənədlər içəridə qalıb.
Ərazidə olan Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsi isə baş verənləri şərh etməkdən imtina edib.