Kameron anarxistləri hədələdi

Polislərə əlavə səlahiyyətlər veriləcək, iğtişaşçıların internetdən istifadəsi isə məhdudlaşdırılacaq

Ingiltərə paytaxtında başlanan və ölkənin iri şəhərlərinə yayılan iğtişaşlarla bağlı ölkə parlamentində keçirilən fövqəladə iclasda çıxış edən baş nazir Devid Kameron anarxistlərə güzəşt edilməyəcəyini bildirib. Onun sözlərinə görə, hökumət kütləvi qarışıqlıq iştirakçılarına qarşı təmkinli davranmayacaq.
Devid Kameron polis əməkdaşlarına daha çox səlahiyyətlərin veriləcəyini, o cümlədən qarışıqlıq baş verə biləcəyi ehtimal olunan yerlərdə insanların üzlərindəki maskaların məcburi çıxarılacağını söyləyib. Hökumət başçısı anarxistlər arasında məlumatların sosial şəbəkələr vasitəsilə yayılmasının qarşısının alınması üçün də mümkün tədbirlərin görüləcəyini bildirib.
Bu arada “France Presse” agentliyi Ingiltərənin London və digər şəhərlərində baş vermiş iğtişaşların ölkəyə 150 milyon funt (170 milyon avro) ziyan vurduğunu açıqlayıb. Bu məbləğ sığorta işçiləri və iş adamlarının birgə hesablamalarının ilkin nəticəsidir. Amma ekspertlər hesab edirlər ki, bu göstərici tezliklə artacaq. Çünki itkilərlə bağlı yeni məlumatlar daxil olmaqdadır.
Böyük Britaniyanın Sığorta Şirkətləri Assosiasiyasının yaydığı açıqlamada deyilir ki, dəymiş ziyanı sığorta şirkətləri ödəyəcək. Bunun üçün iki həftə ərzində polisə müraciət etmək lazımdır. Ancaq Sığorta Şirkətləri Assosiasiyası bu cür müraciətlərin təqdim olunması müddətinin 14 gündən 42 günədək uzadılması xahişilə Daxili Işlər Nazirliyinə müraciət edib. Ziyan dəymiş evlər və mağazaların bərpası isə polisin onlardan cinayət yeri statusunu geri götürməsindən sonra başlayacaq.

Informasiya şöbəsi