Aqil Dadaşov: «McDonald’s»da həmkarlar təşkilatına üzv olan işçilər işdən çıxarılmaqla hədələnir»
«Coca-Cola», «Pepsi-Cola», «Bakcell» və «Azercell»də hələ də həmkarlar təşkilatı yaratmaq mümkün olmayıb»
Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlər burada həmkarlar təşkilatlarının yaradılmasına mane olur, bunu etmək istəyən işçiləri isə işdən çıxaracağı ilə hədələyir.
Bunu Həmkarlar Ittifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov bildirib. O, deyib:”Xarici şirkətlərdə Azərbaycanın atributlarına hörmətsizlik göstərən adamların aqibətini bilirik, Əmək Məcəlləsinə əməl etməyən xarici şirkətlərdə də bu gün böyük problemlər yaşanır.
Bəzi şirkətlərdə işçilərin əmək hüquqları pozulur və burda həmkarlar təşkilatının yaradılmasına maneələr yaradılır. Bu təşkilatlardan biri “McDonald’s” restoranlar şəbəkəsidir: “Azərbaycanda fəaliyyət göstərən ”McDonald’s” restoranlar şəbəkəsində həmkarlar təşkilatı yaratmışdıq, təşkilatın 70-dən çox üzvü vardı. Amma son vaxtlar – 1 ildir bu təşkilata qarşı böyük müharibə başlayıb. Onlar ümumiyyətlə dünyanın heç bir yerində həmkarları sevmirlər, Azərbaycanda da biz bununla bağlı onlarla məhkəmə çəkişmələrindəyik”.
AHIK-in sədr müavini bildirib ki, adı çəkilən şirkətdə həmkarlar təşkilatına üzv olan işçilər işdən çıxarılmaqla hədələnir:”Belə ki, orada həmkarlar ittifaqlarının üzvlərindən birbaşa tələb edirlər ki, əgər işdə qalmaq istəyirsinizsə, həmkarlar ittifaqlarının üzvlüyündən imtina eləməlisiniz. Bundan başqa, digər bəzi transmilli şirkətlərdə, o cümlədən “Coca-Cola” və “Pepsi-Cola” şirkətlərində, eləcə də “Bakcell” və “Azercell”də hələ də həmkarlar təşkilatı yaratmaq mümkün olmayıb: “Biz bununla bağlı uzun müddət danışıq aparsaq da, hələ orada həmkarlar təşkilatı yaratmaq mümkün olmayıb”.
A.Dadaşov bunun səbəblərini həmin şirkətlərdə maaşların nisbətən yüksək olması ilə izah edir. Işçilərin iş yerini itirməkdən çəkinməsi şirkətlərə bundan sui-istifadə etməyə şərait yaradır. “Xarici şirkətlərdə baş verən ən çox pozuntu halları işçilərin normadan daha çox vaxt işlədilməsidir: ”Məsələn, işçilərin məzuniyyətdən istifadə etmək hüquqları çox yerdə pozulur. Qanuna görə işçilərin ildə 20-45 günə qədər məzuniyyət götürmək hüququ olduğu halda, xarici şirkətlərdə onlara 5-10 gün istirahət verilir. Bundan başqa, milli bayramların qeyd olunduğu günlər istirahət günləri sayılsa da, xarici şirkətlərdə işçiləri həmin günlər də işlədirlər. Digər tərəfdən gecə növbələri və uzadılmış iş növbələri zamanı onların əmək haqları düzgün hesablanmır”.


