Eks-prezidentlər haqda qanun təhlükəsi

Illərdir ki, Azərbaycanda eks-prezidentlər haqda qanunun qəbul olunması gündəmə gəlir, müzakirələr aparılır və həmişə qeyri-müəyyən sözlərlə qeyri-müəyyən müddətə təxirə salınır. Niyəsini yəqin ki, çoxları təxmin edir. Bu qanundan kim bəhrələnə bilər?
Ölkənin cəmi 3 prezidenti olub – Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev. Sonuncu ikisi dünyasını dəyişib və onların “Eks-prezidentlər haqqında” Qanundan bəhrələnmə imkanları yoxdur. Uzaqbaşı adlarının tarixləşməsi ola bilər ki, bu da sonuncuya – hazırkı, 4-cü prezidentin atası 3-cü prezidentə – ümumiyyətlə, lazım deyil. Zatən, ölkənin hər tinində, hər buccağında adamın adına bir muzey, park var, sosialist Leninin adını daşıyan bütün küçələr, prospektlər, müəsisələr indi “ümumilli”nin adına transfer olunub, Fondu fəaliyyət göstərir, heykəlləri, büstləri, şəkilləri ölkə boyu hər addımda gözə girir, məşhur “Yeddi müdrik”i bir qəpiklik eləyən dahiyanə, fəlsəfi və ibratamiz sözləri (məsələn, “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” kimi) mümkün olan və gözəgələn hər yerə yazılıb, dərsliklərə salınıb… Leninin “Seçilmiş əsərləri”nin bağrını partladan cild-cild, yüzminlərlə tirajla ölçülən kitablarının əlindən tərpənmək olmur…
Deməli, qalır Ayaz Mütəllibov. Belə çıxır ki, bu vaxta qədər qanunun gecikməsinin tək səbəbi ilk prezidentlə bağlıdır.
Amma deyəsən, buz sınmaqdadır. Çünki Ayaz Mütəllibov ölkəyə buraxıldı və haqqında başlanmış cinayət işinə görə həbsə atılması müvəqqəti olaraq “donduruldu”. Hətta onun ümumiyyətlə, 19 ildən sonra öz vətənində yaşaması üçün “hüquqi bazanın” – eks-prezidentlər haqqında qanunun da qəbul edilməsi gözlənilir. Necə?
Prezident Aparatının hüquq şöbəsinin rəisi F.Ələsgərov deyir ki, “2009-cu ildə keçirilmiş referendum nəticəsində Konstitusiyanın 108-ci maddəsinə edilmiş əlavəyə əsasən, əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilməlidir. Hazırda həmin qanun layihəsi üzərində iş aparılır. Layihədə keçmiş prezidentlərin təhlükəsizliyinin təmin edilməsi, maddi, sosial, tibbi təminat məsələləri, habelə prezident səlahiyyətlərinin həyata keçirilməsi zamanı etdikləri əməllərə görə cinayət və inzibati məsuliyyətə cəlb edilməmələri barədə müddəalar nəzərdə tutula bilər”.
Siz elə bilirsiniz ki, bu sayılanlar A.Mütəllibova lazımdır? Ayaz Mütəllibov faktiki olaraq bu hakimiyyət üçün heç bir siyasi təhlükə yaratmayan şəxsdir və 19 ildən sonra oğlunun hüzr mərasiminə gələrkən tərəfdarlarının verdiyi dəstəkdən də göründü ki, adamın sosial elektoratı “dəhşətli” səviyyədə deyil. Elə Mütəllibov da iddiasızlığını vaxtaşırı olaraq açıq-aşkar dilə gətirib. Bu “eks”in ən böyük iddiası ömrünün ahıl çağını vətəndə keçirməkdən ibarətdir, vəssalam! Bir siyasi iradə ilə A.Mütəllibov pasportsuz ölkəyə gələ bilirsə və həbs olunmursa, onda onun bir neçə illik ömrünü başa vurmasına da problem yaratmamaq olar. Bəs, F.Ələsgərovun dediyi “prezident səlahiyyətlərini həyata keçirilməsi zamanı etdikləri əməllərə görə cinayət və inzibati məsuliyyətə cəlb edilməmələri barədə müddəalar” kimə lazımdır?
Ümumiyyətlə, bu nə deməkdir? Adam prezident olanda çoxsaylı cinayətlər törətməli və buna görə heç bir məsuliyyət daşımamalıdır?
Bu ki tiraniyaya zəmin yaratmaqdır! Deməli, illər uzunu milləti zəlil et, rüşvət yığ, korrupsiya ilə xalqın taleyini oğurla, nahaqdan kimlərisə tutub türmələrə soxdur, şərlə, insan haqların boğ, dillənənin dilini, düşünənin başını kəs və əmin ol ki, “eks”ə çevriləndə heç bir məsuliyyət daşımayacaqsan? Belə qanunmu olar?
Kimliyindən asılı olmayaraq hamı tarix və xalq qarşısında məsuliyyət daşıyır – kimsə belə qanunlarla özünü aldatmağa və sakit gələcək düzəltməyə çalışmasın! Hər kəs etdiyinin cavabını verməlidir – nə vaxtsa!
Necə ki Səddam Hüseyn cavab verdi!
Necə ki Ben Əli və Hüsnü Mübarək cavab verir!
Necə ki, Qəzzafi və Bəşər Əsəd cavab verəcək? 
Allah kimsəni üstün yaratmadığı kimi, qanun da kimsəyə başqasını öldürmək, cinayət etmək və məsuliyyətdən yayınmaq fürsəti verə bilməz və belə qanunsuz qanunun işləməyəcəyinə şübhəniz olmasın.