Iki gün əvvəl Azərbaycanın istedadlı şairi Salam Sarvanın ad günüydü. Salam ölüm, kəfən, qəbir haqda çoxsaylı şeirlərin müəllifidir. Buna görə onun haqqında, hətta lətifə də düzəldiblər. Deyirlər ki, Salam avtoqrafı oxuculara baş daşının üstünə yazıb verir.
Salam dostum Ceyhun Nağının bacısının həyat yoldaşıdır. Ceyhunun Salama hörməti çox böyük idi. Onu tərifləyib gözümüzə soxmazdı, ancaq Salamı anlayan, onun poeziyasına vurğun olan 3 oxucusu vardısa, biri şəksiz Ceyhun idi.
Iki gün əvvəl Ceyhun gənc yaşında vəfat etdi. Bu ölüm Salama Ceyhunun özünəməxsus hədiyyəsi oldu…
Ceyhun min bir dərdi ürəyində səssiz yaşadan insanlardandı. Onun həyatı hər birimizinki kimi ağır cığırlardan keçmişdi. Bizi onunla birləşdirən nə qədər ortaq qüssəli nöqtələr tapmışdıq…
Onunla görüşümüz il yarımdan çoxdur planlaşdırılsa da, heç cür alınmırdı. Elə “facebook”da hal-əhval edirdik. Onda zərrə qədər pessimizm görmüşdümsə, elə bu an Əzrayıl mənə də salam versin.
“Facebook”dakı son yazışmamıza baxıram. Avqustun 3-də ənənəvi zarafatlarımızdan sonra o, məndən soruşur ki, “kefin niyə pisdir?” “Yaxşıyam”, deyirəm. “Amma fotoşəklindən problemin olduğu görünür”, – deyə Ceyhun davam edir. Vəd verirəm ki, fotomu dəyişərəm. Mən fotomu dəyişməyə macal tapmamış dostum dünyasını dəyişir…
Sən demə, ən böyük problem ondaymış.
Mən çox ağır, çox gözlənilməz ölümlər görmüşəm. Ən sevimli dostum qucağımda keçinib, əzizlərimi erkən itirmişəm. Etiraf edirəm, ölüm ancaq iki gün əvvəl məni qorxutdu. Ölümün dəhşətli gücünü, mənə nə qədər yaxın olduğunu o gün hiss etdim.
“Ölüm nə vaxt gəlsə, tezdir”, deyirlər. Razıyam, ancaq mənə elə gəlir ki, ölüm son zamanlar lap qudurğanlıq edir, lap ağını çıxarıb. Ceyhunun nə yaşı vardı ki…
Dəhşətə gəlməyə bilmirsən. Bu adamın bütün həyatı son anına qədər gərginlik, çətinlik içində keçdi. Yetimliklə böyüdü, atasını səhv etmirəmsə, 10 yaşında itirmişdi…
Məhrumiyyətlə təhsil aldı, gözünü qaralda-qaralda bu qəzetdən o qəzetə, o qəzetdən bu qəzetə keçdi. Ağır iş saatları ona heç bir qazanc da verə bilmədi. Ceyhunun ali təhsili, işgüzarlığı, yüksək mədəniyyəti “analoqsuz inkişaf edən” ölkədə ona bir balaca evə yiyələnməyə imkan vermədi. Bəli, pafoslu olsa da, mən yaza bilərəm ki, Ceyhun evi çoxsaylı dostlarının qəlbində qurdu. Bunu inkar etmək olmaz. Ancaq nə edəsən, Ceyhunun qurduğu o evlərdə onun körpə balası nə yaşaya bilər, nə də böyüyə.
Ölüm bir çox hallarda problemlərə nöqtə qoyan hadisədir. Insan ölümü ilə həlledilməz nə qədər problemi də torpağa gömür. Bizim ölkədə isə, adam tərəddüd içindədir – yaşamaq da zülmdür, yaşamamaq da. Ceyhunun geridə qoyduğu ailəsini düşünəndə çox əlacsız, çarəsiz olduğumuzu anlayıram. Bizi çox aciz vəziyyətə salıblar. Bu günlərin bitməsini istəyirəm…
Diləyirəm ki, Ceyhunun, onun atasının yarıda kəsilən ömrünü onun balaca qızı Zəhra uzun və xoşbəxt həyatı ilə yaddaşlardan çıxarsın.
Və cahillik…
“2 aprel” aksiyasına görə həbs edilənlərin işi üzrə sonuncu məhkəmə iclasında siyasi məhbuslara qarşı şahidlik edən 8 nəfərdən 6-sı nə yeni, nə də köhnə əlifba ilə yazıb oxuya bildiklərini dedilər.
2 nəfər isə balaca bir məhkəmə andını elə oxudu ki, oxumasaydılar, ondan yaxşı olardı.
Indi aydındırmı ki, Ilham Əliyev niyə təhsil sistemini çökdürməkdə canfəşanlıq edir?
Indi bildinizmi, nə üçün təhsil haqqını sadə camaatın əli çatmayan həddədək artırırlar?