Başıkəsiklər ölkəsində oxumağa dəyərmi?

Ali məktəblərə qəbul imtahanları sona çatdı. Valideynlər övladlarının ballarını qoltuqlarına vurub “Təhsil bazarı”nı ucuz fakültə üçün ələk-vələk etdilər. Amma çoxu cibindəki paranı, aylıq, illik gəlirlərini hesablayıb bazardan əliboş qayıtdı. Ən aşağı təhsil haqqı 900 manat, ən yuxarı təhsil haqqı isə 4500 manat olan “bazardan” axı necə bazarlıq etmək olar? Tutalım, ağzında dişi, ayağında ayaqqabısı olmayan valideyn övladının təhsil haqqını birtəhər borc-xərc edib düzəltdi. Bəs tələbə bala harada qalacaq? Bu hakimiyyət camaatın halal ev-eşiyini uçurub-dağıdır, əlindən alır, onun övladına yataqxanada yer verərmi? Normal şəraiti olan ev kirayələmək 250-300 manata başa gəlir. Bu xərclərin üstünə tələbənin yemək-içmək pulunu, imtahanlarda məcburi alınan rüşvətin, müəllimlərin zorla satdıqları dəyərsiz kitabların haqq-hesabını gəlsək ən azı 15-20 min manat edəcək. Hələ uşaqların aldığı mənəvi zərbələri də nəzərə alsaq, bu ölkədə oxumağa dəyərmi? Elə isə təhsil alverçiləri niyə xaricdə təhsil verən agentliklərlə əlaqə qurmağın qorxulu olduğunu deyirlər? Axı sizə nə dəxli var camaatı türkiyəli Ahmet aldadır, yoxsa ukraynalı Ivan və ya amerikalı Con? Milləti azərbaycanlı Misir aldadanda yaxşıdır, əcnəbi aldadanda pis? Imkan verin, heç olmasa BIZi aldadanları seçməkdə müstəqil olaq, aldanmağın kefini azad yaşayaq. Valideynlərin aldanmasından narahat olan TQDK sədri Məleykə Abbaszadə son vaxtlar tez-tez mətbuat konfransları keçirir, vətəndaşları ayıq-sayıq olmağa çağırır: “Indi də Ukrayna universitetləri bizim tələbələrin ovuna çıxıb. Valideynlər belə məsələlərdə ehtiyatlı olmalı, tədbirli davranmalıdırlar. O gün mənim telefonuma bir mesaj gəlib. Mesajda yazılıb ki, Türkiyə universitetində rahat ali təhsil almaq mümkündür. Bakıda hazırlıq kursunu keçin və universitetə qəbul olun. Hər kəs bilir ki, Türkiyə ali təhsil ocaqlarına qəbul olmaq nə qədər çətindir. Belə olan halda, necə ola bilər ki, Bakıdan Türkiyə universitetinə qəbul bu qədər asan olur?”. Kim bilir, bəlkə ölkə prezidentinin də telefonuna Qarabağla bağlı mesajlar gəlir, ona görə də o, xalqı ehtiyatlı olmağa səsləyir. Heç kəs ovunu başqası ilə bölüşmək istəmir, yaraladığını tək yemək istəyir…
Məktəbli həyatı yaşamayanlar, gecə-gündüz repetitor tapşırıqları içində vurnuxanlar əsl tələbə ömrü yaşamaq üçün nəyin bahasına olursa-olsun ölkədən getmək istəyirlər. Axı indiki uşaqları attestat almaq üçün zorla məktəbə yollamaq olsa da, diplom almaq üçün dilə tutmaq mümkün deyil. Indiki vaxtda başsız ölkədən qaçmaq üçün xaricdə təhsil almaq əla fürsətdir. Bu fürsəti yüksək bal toplayan, hətta ali məktəblərin yuxarı kurslarında oxuyan gənclər də əldən buraxmaq istəmir. Inanmayanlar, xarici səfirliklər qarşısına yığışanları sorğu-sual etsin. Bu arada direktorlar, müəllimlər isə ali məktəbə uğurla imtahan verən, lakin xaricdə oxumaq istəyən və ya ödənişli fakültədə oxumağa gücü çatmayan abituriyentlərdən xahiş edir ki, ixtisas seçimi ərizələrini təsdiqləsinlər, yoxsa məktəbin qəbul faizi aşağı düşər, biabırçılıq olar. TQDK sədri Məleykə Abbaszadə avqustun 5-də keçirdiyi növbəti mətbuat konfransında bildirib ki, qəbul planı 93 faiz dolub, 2 mindən çox boş yer qalıb. Yəqin ki, boş qalan yerlər üçün keçirilən müsabiqədən sonra qəbul planı 1-2 faiz də artar və hamı rahat nəfəs alar. Əsas qəbul planını yüksəltməkdir, uşaqların qazandığı “puan” aşağı ensə də eyib etməz. Ölkədə keçirilən parlament, prezident seçkilərində də eyni ilə elədir: başıkəsik bülletenlərin planı dolur, amma xalqdan “puan” almayan başıkəsiklər, saxtakarlar deputat, prezident olur. Bu ölkədə başıkəsik şeylər çox dəyərlidir. Misal üçün, hüquq müdafiəçisi Vidadi Isgəndərli 2010-cu ildə seçki məntəqəsindən 7-8 başıkəsik bülleteni götürdüyünə görə Başıkəsiklər Məclisinin qəzəbinə gəlib, həbs olunub. Bir ildir 7-8 başıkəsik bülletenin üstündə adamların başında min bir məhkəmə qurulur. Başsız ölkədə başlı adamların yaşaması çox zordu: tələbatlar çox fərqlidir…
P.S. Son günlər camaatın ən çox işlətdiyi cümlə: “Uşaq ödənişliyə düşüb, başımızı itirmişik”. Şərhsiz.