İslam Partiyasının sədri məhkəmədə özündən getdi

Mövsüm Səmədov: «Bu hakimiyyət tarixdən silinəcək»

«Düşünməsinlər ki, xalq mübarizəyə qalxmayacaq»

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Islam Partiyasının (AIP) sədri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, qardaşı oğlu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun məhkəməsi davam edib.

“Səmədovun həbsdə qalma müddəti bitib”

Prosesdə əvvəlcəÿMövsüm Səmədovun vəkili Anar Qasımov vəsatət qaldırıb. O bildirib ki, Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Aprelin 15-də bu müddət avqustun 8-dək uzadılıb və 3 gün əvvəl başa çatıb.
Vəkil: Faktiki olaraq avqustun 8-dən bu günə kimi Mövsüm Səmədov qərar olmadan qanunsuz həbsdə saxlanılır. Avropa Məhkəməsinin presedentlərinə, həmçinin Avropa Konvensiyasının 5-ci maddəsinin tələbinə görə, şəxsin barəsində məhkəmə qərarı olmadan o, həbsdə saxlanıla bilməz.
Prokurorÿ Vüqar Quliyev: Vəsatət təmin olunmasın.
Hakim: Bu vəsatət təmin olunmur.

“Biz cihad sözü deməmişik”

Sonraÿ Mövsüm Səmədovÿ tərəfindən vəsatət qaldırıldı: “Ittiham aktı mənə aydın deyil. Xahiş edirəm, prokuror mənə aydınlaşdırsın ki, ittiham aktında yazılan ”Quba rayonunda yaşayan digər dini təriqətlərin üzvlərini öldürmək istəyiblər” deyəndə, kimləri nəzərdə tutublar”.
Hakim vəsatəti tərəflərin müzakirəsinə buraxdı.
Prokuror: “Digər dini təriqətlər” deyəndə, Islam dinindən başqa nə din varsa, onlar nəzərdə tutulub. Dini savadı olan bilər ki, burada söhbət nədən gedir.
Hakim: Əslində, bu vəsatətin müzakirə olunması yolverilməzdir.
Vəkil: Bir vəsatəti özünüz müzakirəyə verirsiniz, sonra da deyirsiniz müzakirəsi yolverilməzdir.
Məhkəmənin vəsatəti təmin etməməsindən sonra M.Səmədov ÿifadə verdi. O, məhkəməni “siyasi oyun” adlandıraraq bütün bunların onun bu il yanvarın 2-də AIP qərargahında etdiyi çıxışı ilə bağlı olduğunu bildirdi: “Biz bilirik ki, bu məhkəmə sizin ixtiyarınızda deyil. Biz orada ”cihad” sözü deməmişik. Hakimiyyət fikirləşməsin ki, xalq ayağa qalxmayacaq. Bu hakimiyyət xalqı kommunist rejimi ilə idarə edə bilməyəcək. Məni çıxışıma görə tutmusunuz, bəs bu adamların günahı nədir ki, evlərinə silah atıb tutmusunuz? Elə silahı evimə atıb təkcə özümü tutardınız”.
Hakim: Səmədov, ittihamın mahiyyəti üzrə danışın.

“Hakimiyyət ”zalım Qərbin” və “sionistlərin” təsiri altındadır”

M.Səmədov bildirdi ki, Azərbaycan hakimiyyəti “zalım Qərbin” və “sionistlərin” təsiri altındadır. O, hakimiyyəti kor-koranə Qərbə inteqrasiya etməkdə, siyasi əqidəsizlikdə ittiham edib: “Bu məhkəmə siyasi oyundur. Bilirik ki, məhkəmə burada heç nəyi həll etmir. Lakin qoy, hakimiyyət düşünməsin ki, xalq mübarizəyə qalxmayacaq. Bu hakimiyyət xalqı kommunizm metodları ilə idarə edə bilməyəcək. Bu hakimiyyət tarixdən silinəcək”.
Hakim Səmədovun sözünü kəsərək, mahiyyəti üzrə danışmağı tələb edib. Buna cavabda AIP lideri dedi ki, həbsinin ilk günündən qanunsuzluqla üzləşib, onun həbsi yanvarın 2-də Partiyanın Ali Şurasının iclasındakı çıxışı ilə əlaqədardır.

“Demişəm ki, camaat iş tapa bilmir”

Ifadə verərkən M.Səmədovun halı pisləşdi. Hakim fasilə elan etdi və təcili yardım çağırıldı. Tibbi yardımdan bir saat sonra proses M.Səmədovun ifadəsi və tərəflərin sual-cavabıyla davam etdi.
Prokuror: Partiyanızın neçə üzvü var?
Səmədov: 5000.
Prokuror: Onların hamısını tanıyırsınız?
Zaldan səs: Zakir Qaralovun neçə min prokuror işçisi var. Hamısını tanıyır?
Köməkçi hakimÿ Əlisultan Osmanov: Çıxışınızda demisiniz ki, məscidlər sökülür. Hansı məscidlərin sökülməsini nəzərdə tutursunuz?
Səmədov: Təəssüf ki, sizin bundan xəbəriniz yoxdur. Uzun müddətdir mətbuat da yazır bu barədə. Məsələn, “Fatimeyi-Zəhra” məscidi və başqaları.
Prokuror: Siz çıxışınızda demisiniz ki, Azərbaycan övladları ölkəni tərk edir, gedib xaricdə işləməyə məcburÿ olurlar.
Səmədov: Bəli, mən orada demişəm ki, camaat iş tapa bilmir.
Prokuror: Bu məlumat sizdə haradandır?

“Məgər siz qəzet oxumursunuz?”

Səmədov: Məgər siz qəzet oxumursunuz? Mətbuatdandır.
Köməkçi hakimÿ Cavid Hüseynov: Ümumiyyətlə, “cihad” sözünün mənası nədir?
Səmədov: “Cihad” “cəhd” sözündəndir. Nəyəsə cəhd göstərmək mənasını verir. Insan öz nəfsinə qarşı da cihad edə bilər, cəhd göstərər ki, nəfsinin qarşısını alsın.
Vəkil: Islam və terror nə deməkdir?
Səmədov: Islam terrora müxalifdir. Terror insanların həlak olması və başqa zərərlər almaları ilə nəticələnən aksiyadır. Ona görə də Islam terroru heç vaxt yaxına buraxmayıb.
Mövsüm Səmədov tərəflərin suallarını cavablandırdıqdan sonra hakim növbəti məhkəmə iclasını avqustun 15-ə təyin etdi.
Ittiham aktına əsasən, M.Səmədov Islam Partiyası adı altında rəsmi dövlət qeydiyyatı olmayan quruma daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib. Istintaq orqanı cinayət işinin başlanmasına əsas kimiÿM.Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. Ittiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib, bu silahların terror məqsədilə istifadə üçün əldə olunduğu sübuta yetirilib. Islam Partiyası fəallarına qarşı bu ittihamlar sübut olunsa, onlar 10 ildən 15 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər(“Azadlıq” radiosu).
M.Səmədov bu il yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə hicab geyməyin qadağan edilməsinə görə hakimiyyəti sərt tənqid etmişdi. Tərəfdarları onun və partiya fəallarının əslində bu çıxışa görə həbs olunduqlarını deyirlər.