Rusiyadan Azərbaycana pul axını təhlükədə

Böhran Rusiyadan Azərbaycana vəsait göndərənlərin qohumlarını çətin vəziyyətdə qoya bilər

Məhəmməd Talıblı: «Böhranın Azərbaycana təsiri həm Rusiya iqtisadiyyatı vasitəsilə, həm də birbaşa ola bilər»

Dünya birjalarında yaşananlar artıq bir sıra dövlətlərin iqtisadiyyatına neqativ təsir edib. Iqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, ilkin hesablamalara görə, indekslərin qiymətinin düşməsi yalnız bir gündə dünya iqtisadiyyatına 100 milyard dollardan artıq ziyan vurub.
Hazırda hələ ki, böhranın birinci mərhələsi yaşanır. Yəni bu sıraya qiymətli kağızların dəyərinin aşağı düşməsini, birjalardakı həyəcanı aid etmək olar. Ekspertlər hesab edir ki, bütövlükdə böhranın ikinci mərhələsi başlayarsa, bu, dünya, həmçinin Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək. Çünki Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin əhəmiyyətli hissəsi ABŞ-ın dövlət istiqrazlarının alınmasına yönəldilib. Dövlət istiqrazları az riskli hesab edilsə də, “Standard and Poors” reytinq agentliyinin son qiymətləndirmələri Amerikanın dövlət istiqrazlarının da gəlirlik səviyyəsinin aşağı düşdüyünü göstərir. Bu, ARDNF-nin aktivlərinin idarə edilməsindən əldə etdiyi vəsaitlərin azalmasına gətirib çıxara bilər. Azərbaycan üçün təhlükə yalnız bununla bitmir.
Proseslər belə deməyə əsas verir ki, ikinci mərhələdə böhranın vuracağı ölkə daha çox Rusiya olacaq. Bu zaman isə Rusiyadan Azərbaycana daxil olan vəsaitlər azalacaq. Rusiya mətbuatının hesablamalarına əsasən, il ərzində Azərbaycana 5 milyard dollara yaxın vəsait göndərilir. Həmin vəsaitlər regionlarda yaşayan əhali üçün sosial baxımdan böyük dəstəkdir. Bunları nəzərə alsaq, Rusiyadakı böhranın Azərbaycandakı sosial vəziyyətə təsiri qaçılmaz olacaq.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının da fikrincə, böhranın Azərbaycana təsiri həm Rusiya iqtisadiyyatı vasitəsilə, həm də birbaşa ola bilər. Azərbaycanın Neft Fondunun vəsaitlərinin 20 milyarddan artığının xaricdə yerləşən banklarda olduğunu deyən M.Talıblı vurğuladı ki, ona görə bu vəsaitlər dünyadakı böhrandan istər-istəməz təsirlənir: “Böhranın ölkə iqtisadiyyatına təsirinə gəlincə, bu zaman iqtisadiyyatda tənənzzül elementləri güclənir, istehsal tempi aşağı düşür. Rusiya iqtisadiyyatı da böhrandan təsir görən zaman oradakı şirkətlər, iş adamları tənəzzülə məruz qalırlar. Məhz bu, şirkətlərdə çalışan Azərbaycan vətəndaşlarının gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edir. Bu zaman təbii ki, ölkəyə daxil olan vəsaitlər azalacaq. Ona görə də yaranmış situasiyalarda Azərbaycan valyuta ehtiyatlarını müxtəlif valyutalarda saxlamalıdır”.

Hikmət