Bilirəm, hamı bircə mövzudan yazacaq. Mən mövzuya toxunmaq istəmirəm, çünki ağrılı məsələdir. Həm də mən tarixin səhifəsini çevirmək istəyirəm, o günlərə qayıtmaq, yenidən nəyisə araşdırmaq – bunu heç ürəyim də istəmir və mən elə bu bir – iki sətirlə mövzunu qapamaq istəyirəm. Sadəcə, burada yazının əvvəlindəki suala toxunmaq istərdim. Çox adamlar bağışlanıb, daha bir adamın bağışlanması elə böyük problem olmazdı. Həm də indi çox adam təqsirsiz – filansız gəzirsə, özünü nəinki təqsirli, heç məsuliyyətli bilmirsə, başqa bir adamın on illərlə iztirab və əzab çəkməsinin nə mənası var? Bəli, siyasətdə qalibləri mühakimə etmirlər, məğlubları isə həmişə təqsirli bilirlər.
Bu günün hakimiyyəti qalibdir, ona görə də bütün ittihamlar onlara dəyərək geri qayıdır. Bununla barışmaq çətin olsa da müvvəqqəti olaraq alışmaq və mənəvi iztirabları azaltmaq olardı, çünki yaşamaq əmr edilib, məşhur filmdə deyildiyi kimi. Siyasət çox az adama xoşbəxtlik gətirir, xüsusən də ürəyində böyük hisslərə yer tapılan adamlara. O kəslər ki, böyük hissləri özlərinə heç yaxın buraxmırlar, özlərini etik və mənəvi prinsiplərlə məhdudlaşdırmırlar, onlar üçün siyasətdə asan olur, çünki bu insanlar əvvəlcədən özlərinin arzu və istəklərini dəqiq müəyyən edir, öz “tavan”larını yaxşı bilirlər, hamı da bu adamları anlayır və başa düşür. Böyük siyasətin böyük predmeti olur. Əgər sən bu predmetdən kənardasansa, yalnız sərvət toplamaq istəyirsənsə, elə də problem deyil, bunun üçün sadə bir ticarət yapırsan, öz millətini hərraca çıxarırsan və işlər də başlayır çox rəvan getməyə…
Siyasi kurortologiya
Bəli, mən bu Soçi görüşlərini ancaq belə adlandırardım. Onların bir faydası varmı? Məndə bu görüşlər keçmiş siyasi büro təəssüratı yaradır. Medvedev iki Qafqaz respublikasının prezidentlərini hesabata, özünün dediyi tək, dərs verməyə çağırır. Medvedevin son müsahibəsi mənə, az qala sillə kimi dəydi.Mən başa düşdüm ki, bizim hərbi ritorikanın da sonu çatıb. Bundan sonra camaatın başını nə ilə aldadacağıq, onları nə ilə məşğul edəcəyik? Özü də çox qəribədir. Əvvəlki görüşlərin mövzusu Qarabağ problemi olurdu, indi bu görüşlərdə Rusiya ilə münasibətlər çözülür. Axı əvvəldə dedim ki, bu, sadə bir hesabatdır! Rusiya öz əyalətlərindəki vəziyyəti bilmək istəyir. Nə etməli? Rusiyanı rədd etməlimi? Bəli, dövlətlər qonşularını seçmirlər, bu baxımdan Rusiya da, Iran da həmişə bizim qonşumuz olacaq. Sadəcə, miflərdən yaxa qurtarmaq, ölkənin əvvəlki strategiyasına qayıtmaq, Avropa strukturları ilə son illərdə ləngiyən inteqrasiya prosesinin sürətini artırmaq lazımdır. Hətta köməksiz və aciz Avropa bizim üçün böyük Rusiyadan daha məqbuldur və təhlükəsizdir. Rusiyanın böyüklüyü bizim yalnız əleyhimizə işləyir, həqiqət budur ki, bu dövlətdən bizə nicat olmayacaq. Ona görə də vaxt itirməyə və milli enerjini hədər yerə xərcləməyə ehtiyac yoxdur. Rusiya Qarabağı bizə qaytaracaq? Bunun ehtimalı Rusiyanın bizə Marsı hədiyyə etməsi qədərdir!
Sadəcə, bədbəxtlikdən Rusiya bu siyasi rejimə lazımdır, çünki Avropa və ya ABŞ – la yaxınlıq bizə perspektivdə demokratiya və Qarabağ vəd edirsə, bu hakimiyyətə müxalifətçilik vəd edir. Buna görə də bunlar siyasətin kursunu dəyişiblər, yalnız özlərinə sərf edən Rusiya ilə əlaqələr qururlar.
Dövlətlərin rəğbətini qazanmaq məharəti
Bir dəfə yazmışdım, yenə də mövzuya qayıdıram. Hətta Medvedev də etiraf edir ki, M.Saakaşvilinin arxasında ABŞ dayanır. Deməli, Saakaşvili xarici və eləcə də daxili siyasətdə müəyyən nəticələrə nail olub. Hə, bunu Yuşşenko haqqında, Ukrayna ilə bağlı demirdilər. Bəs bu 18 ildə biz nəyə nail olmuşuq və nələrə imza atmışıq? Kimdir bizim millətin arxası və dayağı?.. Bunlar hər an deyirlər ki, bəs bizim təhlükəsizliyimizi kim təmin edəcək? Buyurun, indi Gürcüstanın təhlükəsizliyini ABŞ təmin edir! Rusiya da bununla hesablaşır.
Saakaşvili özünü də, Gürcüstanı da illüziyalardan qurtardı. Bizə isə hələ də illüziya yedizdirirlər – Rusiya belə gəldi, elə getdi… Bəlkə qurtarmaq və bu nağıla da son demək vaxtıdır?



