Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi “12 Avqust Beynəlxalq Gənclər günü: həbsdə olan gənclər” mövzusunda dəyirmi masa keçirdi.
Bu gün “Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi” “12 avqust Beynəlxalq Gənclər Günü” ilə bağlı tədbir keçirib. Tədbir Müsavat partiyasının qərargahında keçirlib. Tədbirdə Müdafiə Komitəsinə daxil olan AXCP GK, Müsavat , ADP, Ümid partiyası GT-ları, Azad Gənclik təşkilatı və Nida Vətəndaş hərəkatının üzvləri, hüquq müdafiəçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Müsavat partiyasının Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı Müdafiə Komitəsi həbsdə olan gənclərin qanunsuz həbsini ictimailəşdirmək, yerli və beynalxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün Beynalxalq gənclər günündə dəyirimi masanın keçirlməsini vacib bildi. Biz hüquqları pozulmuş bütün gənclərin hüquqlarını qorumağa hazırıq.
Sonra çıxış üçün söz AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya verildi. ”Müdafiə Komitəsi bütün dünyanın gəncləri üçün əlamətdar olan bir gündə bir araya gəlmişik. Dünyanın sivil ölkələrində 12 avqust gənclərin müxtəlif sahələrdə inkişafını sürətləndirən tədbirlər keçirilir, müzakirə aparılır, təkliflər verilir. Bu gün dünyada gənclər arasında, gənclər və yaşlı nəsil arasında “qarşılıqlı anlaşma və dialoq günü” kimi yadda qalır. Təəssüf ki, Azərbaycanda bu mümkün deyil. Keçən il bu vaxt Xalq Cəbhəsinin Gənclər Komitəsi həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadə ilə bağlı tədbir keçirlimişdi. Bu il yenə də Beynalxalq gənclər gününu fikir müxtəlifliyinə, azadlıqlar və bütün azərbaycanlıların hüquqları uğrunda həbsə düşmüş gənclərə həsr olunan tədbirin iştirakçısıyıq.Müdafiə Komitəsi indiyə qədər bir sıra tədbirlər keçirib. Gənclərin həbsxanadkı durumu ilə bağlı İctimai Komitəyə, Monitorinq Qrupuna, Ədliyyə Nazirliyinə və digər qurumlara müraciət etmişik. Çox istəyərdik ki, komitədə təkcə gənclər təşkilatlarının üzvləri deyil, həm də müstəqil gənclər və beynəlxalq gənclər təşkilatları birləşsin və bu istiqamətdə iş aparmağı nəzərdə tuturuq.”
ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev 12 avqustun 1998ci ildən “Beynəlxalq gənclər günü” qeyd olunduöunu xatırladaraq Müdafiə Komitəsinin bu dəyirmi masasının sırf həbsdəki gənclərlə bağlı olduğunu bildirdi. Müdafiə Komitəsinin araşdırmaları nəticəsində məlum oldu ki, gənclərin cəzaçəkmə müəssisələrində vəziyyətləri o qədər də yaxşı deyil. Bu cəzaçəkmə müəssisələri bağlanmalıdır. Həmçinin, Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq. Onlar bizə bildirdilər ki, siz bizim apardığımız siyasətə qarşı gəlirsiniz. Nazirlik yalnız İrəli və digər hakimiyyətə yönəlik siyasət aparır.”
Dəyirmi masada iştirak edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru, hüquq müafiəçisi Anar Məmmədli təklif etdi ki, gənclərin həbsdən azad olması üçün dünya səviyyəsində kampaniya aparılmalıdır. Avropa Şurasına daxil olan gənclər təşkilatları ilə işləmək lazımdır. Tədbirlərə BMT-nin nümayəndələri dəvət olunmalıdır . A.Məmmədli bildirdi ki, onun özünün də gənclər təşkilatlarında təmsil olunduğu vaxtlarda ilk gənc siyasi məhbus olan AXCP üzvü Fuad Qəhrəmanlının hüquqlarını müdafiə komitəsində fəaliyyət göstərib. “O zaman müxtəlif partiyalar, gənclər həmin müdafiə komitəsində birləşərək çox güclü kampaniya aparmışdı. Indi də o dövrlə müqayisədə müəyyən sosial, maddi resursların çatışmazlığı olsa da hazırda həbsdə olan gənclərlə bağlı yüksək səviyyədə kampaniya aparmaq mümkündür.”
AXCP Gənclər Komitəsinin sədr müavini Ramil Qafarov çıxış edərək qeyd etdi ki, məhkəmələrdə iştirak edirik amma audio-video çəkilişə icazə verilmir. “Təklif edirəm ki, müdafiə komitəsində xarici dil bilən gənclərdən ibarət qrup məkhəmələrdə baş verən və mətbuat səhifələrində öz əksini tapan epizodik, gülünc məqamları tərcümə edib, xarici qəzetlərə, xarici mətbuata göndərək.”
Nida Vətəndaş Hərəkatının təmsilçisi Etibar Salmanlı bildirdi ki, MK-si həbsdə olan gənclərlə bağlı sayt hazırlayır və yaxın müddətdə sayt ictimaiyyətə təqdim olunacaq. Həmçinin qeyd etdi ki, MK-si gördüyü işlərdən biri də yerli ictimaiyyəti gənc məhbuslarla bağlı məlumatlandırmaq olub. Belə ki, MK-si müxtəlif ünvanlara xeyli sayda məktublar göndərib.
Tədbirdə Bəxtiyar Hacıyevin təmsilçisi Rəşad Həsənov, müstəqil gənc Rafiq Abdulla müxtəlif təkliflərlə çıxış etdilər.
Bəyim Həsənli


