Masallı ziyalıları deputatın cavabını verdi

«Elmira Axundovanın danışmağa haqqı yoxdur»

Bir neçə gündən sonra rayonda kütləvi aclıq aksiyasına start veriləcək

Masallı Ziyalıları Ictimai Birliyi avqustun 11-nə təyin etdiyi aclıq aksiyasını müvəqqəti olaraq təxirə salıb. Bu barədə “Azadlıq”a birliyin sədri Məmmədağa Eynullayev məlumat verib. Onun sözlərinə görə, aclığın təxirə salınmasının səbəbi rayon hüquq-mühafizə orqanlarının təzyiqləri və aksiya üçün yerin olmamasıdır:
“Biz aksiya ilə bağlı Masallı Rayon Icra Hakimiyyətinə müraciət edərək yer istəmişdik. Aksiyada 10 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Biz istəyirdik ki, aksiya qrup halında keçirilsin. Lakin təəssüf ki, icra hakimiyyəti bizim müraciəti polis şöbəsinə göndərərək, onlara barəmizdə tədbir görməyi tapşırıb. Masallı Rayon Polis Şöbəsi də dünəndən etibarən məni və digər aksiya iştirakçılarına müxtəlif vasitələrlə təzyiq edir. Hətta mənim şərlənərək tutulmağımla bağlı plan da var. Ona görə də düşündük ki, ayrı-ayrılıqda aksiya keçirsək, polis etirazımızın qarşısını daha asan şəkildə alar. Və qərara gəldik ki, aksiyanı müvəqqəti təxirə salaq. Lakin bu o demək deyil ki, biz məhz təzyiqlərdən ehtiyatlanaraq geri çəkilirik. Xeyr, biz hazırda yer məsələsinin həlli ilə məşğuluq. Güman ki, 2-3 gün ərzində yer məsələsi həll ediləcək və biz aksiyaya başlayacağıq. Özü də bu dəfə aksiyada iştirak edənlərin sayı daha çox olacaq. Biz həmçinin rayon sakinlərinə müraciət edəcəyik ki, hər kəs öz evində aclıq aksiyası keçirsin”.
Məmmədağa Eynullayev bildirib ki, aksiyaya səbəb rayona ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi, sahibkarlara qarşı icra başçısının təzyiqlərinin davam etməsi, onun öz şəxsi biznesi üçün çalışmasıdır. Rayon sakinləri, həmçinin rayonun sosial-iqtisadi, təhsil, səhiyyə, su, yol sahələrindəki çatışmazlıqlarından, işsizlik, ünvanlı sosial yardım ala biləcək vətəndaşların kənarda qalması kimi problemlərdən də şikayətçidirlər.
Birlik sədri Masallı rayon 71-ci kənd seçki dairəsindən deputat olan Elmira Axundovanın, barəsində söylədiklərinə də münasibət bildirib. Məmmədağa Eynullayev deyib ki, Elmira Axundovanın icra başçısını müdafiə etməsi başadüşüləndir: “Elmira Axundova heç zaman seçicilərin hüquqlarını müdafiə etməyib. Deputat olduğu müddətdə yalnız öz adamları ilə görüşüb, amma seçicilərin problemləri ilə maraqlanmayıb. Ona görə də Elmira Axundovanın danışmağa haqqı yoxdur”.
Masallı Ziyalıları Ictimai Birliyinin Məmmədağa Eynullayev tərəfindən ələ keçirilməsi barədə deputatın dediklərinə gəlincə, müsahibimiz bunun həqiqətə uyğun olmadığını bildirib: “Elmira Axundovanın dediyi Novruz Novruzov adlı şəxsin birliyə heç bir aidiyyəti yoxdur. O, vaxtilə bu birliyin üzvü olub. Heç vaxt qurumun rəhbərliyində təmsil olunmayıb. Indisə səhhətində ciddi problemlər var və onun ictimai fəaliyyətlə məşğul olması mümkün deyil. Elmira Axundovanın onun adını çəkməsi təsadüfi deyil. Bu adam vaxtilə Elmira Axundovanın köməkçisi işləyib”.
Məmmədağa Eynullayev, həmçinin əlavə edib ki, Elmira Axundovanın dediklərinin əksinə olaraq, o Masallı Rayon Icra Hakimiyyətində çalışanda da icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməllərinə qarşı mübarizə aparıb: “Elmira Axundova deyir ki, mən işdən çıxandan sonra müxalif mövqedə dayanmışam. Lakin hər kəs bilir ki, mən icra hakimiyyətində çalışanda Qəzənfər Ağayevin qanunsuz əməlləri ilə bağlı ölkə başçısı Ilham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət etmişəm. Və bu gün də mübarizəmi davam etdirirəm”.

Seyid