Sabiq dövlət müşavirindən şok açıqlamalar
Vəfa Quluzadə: «Azərbaycanın Amerika və NATO-dan başqa xilas yolu yoxdur»
Son günlər Azərbaycan regionun bütün qalmaqallarında iştirak edir. Rusiya prezidenti Dmitri Medvedevin Ilham Əliyevi şantaj edən müsahibəsinin ardınca Iran generalının Azərbaycan dövlət başçısını açıq hədələyən bəyanatla çıxış etməsi vəziyyəti gərginləşdirib. Bu və ya başqa məsələlərlə bağlı müsahibimiz keçmiş dövlət müşaviri Vəfa Quluzadədir.
– Son vaxtlar belə bir tendensiya müşahidə olunur ki, həm Rusiya, həm də Iran Azərbaycanla təhdid dilində danışmaq üsulu seçiblər. Bu qənaətə həm Medvedevin Rusiya mətbuatına verdiyi müsahibədən, həm də Iran generalının son açıqlamasından gəlmək olar. Sizcə, nə baş verir? Azərbaycan hökumətinin zəif anını yaxalayıb ondan nəsə qoparmaq niyyəti var, yoxsa qonşularla münasibətdə yeni mərhələ başlayır?
– Hesab edirəm ki, Azərbaycan regionda öz geostrateji mövqeyinə görə olduqca önəmli bir dövlətdir. Azərbaycan həm Rusiya üçün, həm Iran, həm də ABŞ üçün önəmlidir. Bu regionda böyük döyüşə hazırlıq gedir. Döyüş hələ başlamayıb. Amma başlayacaq. Bu döyüş Amerika-Iran, Amerika-Rusiya arasında olacaq. Bu döyüşlərin nəticəsi regionun gələcəyini tamamilə müəyyənləşdirəcək. Iran bizimlə təhdidlə danışır. Məsələ ondadır ki, Iran Azərbaycanı ya öz tərkibində, ya da özünün tam nəzarəti altında görmək istəyir. Azərbaycanda Iran-islam şəbəkələrini yaymaq istəyir, bunun da qarşısı alınır. Üstəlik, Azərbaycan Avropa və Amerika ilə əməkdaşlığını davam etdirir. Eyni zamanda da Rusiya. Qarabağ məsələsi, erməni təcavüzü – bunlar hamısı uydurma şeylərdir. Bu, Rusiya təcavüzüdür. Rusiya Azərbaycanı öz tərkibində görmək istəyir. Ona görə ki, Azərbaycandan bütün Xəzər hövzəsinə yaxşı nəzarət etmək mümkündür. Azərbaycan Rusiyaya ram olunsa, ölkədən neft-qaz ixracatı Gürcüstan vasitəsilə Türkiyəyə gedib çıxmayacaq. Rusiya Gürcüstanı da, Türkiyəni də düşmən dövlət hesab edir. Hesab edir ki, gələcək döyüşdə Gürcüstan da, Türkiyə də Amerikanın, Qərbin tərəfində olacaq. Əvvəl Gürcüstanı dağıtmaq istədi, bacarmadı. Məqsəd, Saakaşvilini yıxmaq, Georqadzeni qaytarmaq və Gürcüstanı yenidən kaloniya etmək idi. Lakin Amerika yumruğunu stola vurdu. Rusiya da Abxaziya ilə Osetiyada dayandı. Gürcüstandakı bu müharibəni Rusiya uzun müddət hazırlayıb. Rusiya kəşfiyyatını, ordusunu elə hazırlayıblar ki, Saakaşvilini təqsirkar çıxarsınlar. Elə də oldu. Çünki Saakaşvili təxribatlara cavab verəndə rus ordusu onun qapısında idi, o dəqiqə daxil olurdu. Amma Tiflisə daxil olmağı bacarmadı. Gürcüstan heç nə itirməyib. Çünki Abxaziya ilə Osetiya onsuz da Rusiyanın nəzarəti altında idi. Rus sülhməramlılarını nəzərdə tuturam. Ona görə Gürcüstan daha da gücləndi. ABŞ Gürcüstana daha da önəm verdi və daha böyük yardımlar ayırdı. Bu da, Rusiyanı çox qıcıqlandırır.
Gürcüstan ordu baxımından regionun ən güclü dövləti olmağa doğru gedir, özü də Amerikanın köməyi ilə. Amerikanın donanması, raket daşıyıcıları Gürcüstan sərhədlərində, sularında Gürcüstanı qoruyur, qoruyacaq da. O ki qaldı Azərbaycana, burada vəziyyət daha gərgindir. Çünki Gürcüstana rusların açıq təcavüzü varsa, Azərbaycanda bu, pərdələnmiş şəkildədir. Gürcüstandan açıq da cavab aldılar, amma burada bunu ermənilərlə pərdələyiblər. Ruslar Erməniləri idarə edə-edə Azərbaycana təzyiqi artırırlar. Elə rəy yaradırlar ki, guya Ermənistan sülhə hazırdır, amma Azərbaycan deyir müharibə edəcəm, torpaqlarımı hərb yolu ilə qaytaracam. Azərbaycan hətta referendum məsələsinə, Madrid prinsiplərinə də razı olmuşdu. Ona görə razı olmuşdu ki, Azərbaycanın ən böyük qazancı sülhdür. O sülhü Rusiya bizə vermək istəmir. 99-cu ili yada salın. Mən o vaxt istefa verdim. Əgər o zaman Ermənistan parlamentində təxribat olmasaydı, artıq regionda sülh müqaviləsi imzalanacaqdı. Düzdür, bu müqavilə bizim xeyrimizə olmayacaqdı. Amma biz sülhə nail olacaqdıq, 7 rayonun hamısı ermənilər tərəfindən azad olunacaqdı.
“Azərbaycan hər tərəfdən xofludur”
– Vəfa müəllim, bir müddət əvvəl Amerika Xəzər bölgəsində müəyyən risklər olduğunu dedi və Azərbaycana öz köməyini təklif etdi. Rusiya və Iranla münasibətlər bu qədər gərgindirsə, o zaman Azərbaycan niyə ABŞ-ın kömək təkliflərini qəbul etmir?
– Azərbaycan hər tərəfdən xofludur. Azərbaycan gərək birdəfəlik düzgün seçimini etsin. Düzgün seçim Amerika və NATO-dur. Azərbaycanın bundan başqa xilas yolu yoxdur. Azərbaycanla heç kim hesablaşmır. Nə Iran, nə Rusiya, nə də Türkiyə. Türkiyə qardaş, dost dövlətdir. Amma Azərbaycan gərək Türkiyənin söykəndiyi dayağa söykənsin ki, qardaşlığımız bundan da artıq olsun. Türkiyə ilə əməkdaşlıq edirik. Amma biz çox balaca dövlətik. Saakaşvili Medvedevə bəyanatında çox ağıllı sözlər deyib. Dedi, Medvedev bapbalaca Gürcüstana görün, nə qədər vaxt itirib. Amma bu balaca ölkələr gələcək siyasətdə olduqca önəmlidir.
Bu region strateji regiondur. Rusiya bu regionun sahibi olub, indi də əlindən vermək istəmir. Ortaya çıxan yeni qüvvələr həm Türkiyə, həm Irandır. Onların da təmənnası var. Indi Azərbaycan seçim etməlidir. Bu seçimdən də Azərbaycanın taleyi asılıdır. Regionda onsuz da söz sahibi ABŞ olacaq. Bunu hesablamaq, görmək çətin məsələ deyil. Amma Amerika biz darmadağın olandan sonra gəlib söz sahibi olacaq. Amerika üçün fərqi yoxdur. Amma, Azərbaycan darmadağın ola bilər. Mən istəyərdim ki, biz sağ-salamat, çiçəklənən vəziyyətdə gəlib bu regionda Amerikanın müttəfiqi olaq.
Islam inqilabı təhdidi çox real hesab edilir”
– Dediniz ki, yeni peyda olan və regional münasibətlərdə təsir imkanlarını artırmış qüvvələr Türkiyə və Irandır. Bugünlərdə Iran ordusunun baş qərargah rəisi birbaşa Ilham Əliyevə təhdid ünvanladı. Bu, bütövlükdə Azərbaycana bir təhdid idi və aydın məsələdir ki, ölkədə yeni bir situasiya ilə bağlıdır. Iran Azərbaycanı sistemli şəkildə hədələdi ki, yeni bir dəyişiklik ola bilər. Bir qədər açıq desək, bu, Islam inqilabının təhdidi idi. Azərbaycan hökuməti bunu nə dərəcədə real qiymətləndirir?
– Azərbaycan hökuməti islam inqilabı təhdidini çox real hesab edir. Sözsüz ki, biz sözdə bu barədə çox danışmamalıyıq. Amma gərək Azərbaycanın bütün qüvvələri buna hazır olsun. Bizim Iranla böyük sərhədimiz var. Üstəlik də Iran son illər Azərbaycanda özünə bazalar yaratmaqla məşğul olub. Iranı bizim bir çox regionlarda dəstəkləyirlər. Iran qüvvələri Azərbaycanda bütün başqa qüvvələrdən güclüdür. Türkiyə ilə bağlı eyni sözü demək olmaz. Çünki bu qüvvələri Azərbaycanda görmürəm. Türkiyə demokratik dövlətdir, burada aqressiv siyasət aparmır. Amma iranlılar pul xərcləyirlər, dini baxımdan adamları, qrupları hazırlayırlar. Iranın Azərbaycanda çox güclü dayaqları var. Bunu nəzərdən qaçırmaq olmaz. Heydər Əliyev hakimiyyətə gəlmə ərəfəsində Iran burada nümayiş təşkil etdi. Bakıya Azərbaycanın bütün rayonlarından qara paltarlı, yaşıl bayraqlı, “Allahu Əkbər” qışqıran nümayişçilər gəldi. Mən eyvanda dayanıb onlara ağzıaçıq baxırdım. Amma Heydər Əliyev onları dağıtmağı bacardı. Şəxsən mənə çoxlu müraciətlər gəlirdi ki, filankəs xəfiyyə deyil, tacirdir, onu tutub MTN-in təcridxanasına salıblar və s. Heydər Əliyev o zaman Islam Partiyasını dağıtdı, partiyanın rəhbərliyini həbs etdirdi. Azərbaycanda olan bu qüvvələrin çoxunu sıxışdırdı.
“Nicat yolu, xofu qırağa atıb demokratiyaya addımlamaqdı”
– Belə görünür ki, vəziyyət yenidən 92-93-cü il status-kvosuna qayıdıb, Iran yenidən Azərbaycanda aktivləşib. Iran vaxtilə Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa cəhd etdi, biz Şuşanı və Laçını itirdik. Kazan görüşü ərəfəsində yenidən Əhmədinejadın Ilham Əliyevə zəng etməsi, müəyyən vasitəçilik təklif etməsi və münaqişənin yalnız regional dövlətlərin müdaxiləsi ilə həll oluna biləcəyini deməsi, bunun ardınca bu cür hədələr və təhdidlər… Bunlar o qənaət yaratmırmı ki, Azərbaycan hakimiyyətində yenidən idarəetmə boşluqları yaranıb?
– Iranla müqayisədə biz bapbalaca bir ölkəyik. Mən bunu dəqiq deyə bilmərəm ki, Azərbaycan güclənib, yoxsa zəifləyib. Çünki iqtidarın içərisində deyiləm. Məsələ ondadır ki, Iran özünü provokativ formada aparır. Buna qarşılıq olaraq tədbirlər görülməlidir. Azərbaycan özünə dayaqlar axtarmalıdır. Birdən bir hadisə baş verdi. Birdən həqiqətən də Iran burada Islam inqilabı etmək istədi. Belə hadisələr ola bilər. Azərbaycan iqtidarı bunların hamısını yaxşı bilməlidir. Dayaqları tapıb, onlarla əməkdaşlıq etməlidir. Sözsüz ki, bizə ən yaxın ölkə Türkiyədir. Amma Türkiyənin də şərtləri var. Biz o şərtləri yerinə yetirməmiş Türkiyə bizim müttəfiqimiz ola bilməz. ABŞ-ın da şərtləri var. Biz onun da şərtlərinə əməl etməliyik. Biz təcili tədbirlər görməsək, Iranın təpiyi altında qala bilərik.
Mən bunu real sayıram.
– Iran və Rusiyanın təhlükə, Qərbin və Türkiyənin təbii müttəfiq olduğunu görə-görə bizə nə mane olur ki, onların şərtlərini yerinə yetirməyib Rusiya-Iran təhdidlərinin altında qalaq?
– Açıq danışaq. Azərbaycan Sovet Ittifaqı çökənə qədər totalitar bir sistemin parçası, sovetlər kimi totalitar bir dövlət idi. Totalitarizmdən demokratiyaya sıçramaq olduqca çətin və ağrılı məsələdir. Totalitarizmdən yalnız avtoritarizmə sıçraya bilərik. Keçmiş sovet ölkələrinə fikir verin. Rusiya avtoritar rejimdir, Qazaxıstan avtoritar rejimdir, Türkmənistan, Tacikistan da eynilə. Saakaşvili Qərbdə təhsil almış, ingiliscə danışan, bütün demokratik məfhumlardan istifadə edə bilən və demokratiyaya can atan bir şəxsiyyətdir. Amma biz hələ deyə bilmərik ki, Gürcüstan avtoritarizmdən tamamilə demokratiyaya keçib. Avtoritar dövlətlərdə demokratiya qarşısında xof olur. Bu xofu atmaq üçün də siyasi iradə lazımdır. Başa düşmək lazımdır ki, nicat yolu xofu qırağa atıb ciddi surətdə demokratiyaya addımlamaqdır. Və bu yolda da istədiyimiz müttəfiqləri inandırmaqdır. Amerika inanmalıdır ki, biz həqiqətən demokratiyanı, qanunun aliliyini istəyirik. O zaman situasiya tezliklə dəyişəcək. Biz bunu çoxdan etməli idik. Onda bu hədələri də eşitməzdik.
Seymur Həzi,
Gültəkin Knyazqızı



