“Rəsmi Ankara Azərbaycan hökumətinə güvənməyin mümkün olmadığı qənaətindədir”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri Türkiyədə gözlənilən etimadları doğrultmadı. Yaxud, bəlkə də, doğrultdu demək olar, çünki, ekspertlər bu səfərin ənənəvi səfər olacağını və iki ölkə arasındakı həlli vacib olan problemlər üzrə heç bir ciddi anlaşmanın baş tutmayacağını bildirirdilər. Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Turqut Ər “Azadlıq”ın bu səfərin nəticələri ilə bağlı suallarını cavablandırır.
“Azərbaycan parlamenti PKK-nı terror təşkilatı kimi tanımalıdır”
– Baş bakan Ərdoğan seçimlərdən sonra ilk səfərini Kiprə və Azərbaycana etdi. Onun Azərbaycan səfəri diqqəti çox çəkirdi. Az əvvəl, hətta bəzi ehtimallar da vardı ki, bu səfər baş tutmaya və ya, ən azı ardıcıllıq pozula bilər. Görünür, iki ölkə arasında yığılıb qalmış problemlərin həcmi bəzi ekspertləri də belə mülahizə bildirməyə vadar edir ki, Türkiyə və Azərbaycan arasında münasibətlər yetərincə qaydasında deyil.
– Artıq uzun illərdir ki, Türkiyənin demokratik qaydada seçilən dövlət və hökumət başçıları ilk səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana edirlər. Bu, heç bir halda dəyişməyəcək bir ənənə halını alıb. Bu ənənənin arxasında həm də o dayanır ki, Türkiyə zaman-zaman qonşuları tərəfindən təhdidlərlə üzləşən Azərbaycanın bu coğrafiyada yalnız olmadığını, Azərbaycanın milli məsələlərinin Türkiyənin də milli məsələsi olduğunu nümayiş etdirir.
– Bu səfərdən bir çox gözləntilər vardı. Rəcəb Tayyib Ərdoğanın bu səfəri həmin problemlərin həllini sürətləndirə bildimi? Hesab etmək olarmı ki, bu səfər iki ölkə arasında həll olunası problemlərin sayını azaltdı?
– Azərbaycan istiqlaliyyətini əldə edən gündən indiyə qədərki bütün zamanlarda Türkiyə qardaş dediyi bu ölkəyə qarşı xüsusi diqqət yetirib. Ən çətin zamanlarda bu dövlətin yanında olub. Azərbaycan ordusunun qurulması və təhsili, xarici siyasətinin qurulmasında, Naxçıvanın bütün problemlərinin gözə alınmasında bütün zəruri və üzərinə düşən addımları atıb. Bir zamanlar, hətta Rusiyanın müdafiə naziri Pavel Qraçovun 60 nəfərlik bir general heyəti ilə Tiflisə gəlib Heydər Əliyevi təhdid etdiyi də olmuşdu. Bir anlıq yadınıza salın, Iran dəniz gücləri, hava qüvvətləri Xəzər dənizi zonasında hansısa manevrlər edəndə, hərbi əzələ göstərmək fikrinə düşəndə Türk pilotları Bakıda sülh göstərisi olan bir əzəmətlə Türkiyənin həmişə Azərbaycanın yanında olacağını necə bildirmişdi. Hətta Türkiyənin kənardan borc pul alaraq Azərbaycana verdiyi hal da olub. Amma Türkiyə dövləti bütün bunları heç bir qarşılıq gözləmədən, təmənnasız etdi və bundan sonra da edəcək. Amma Azərbaycan da gərək Türkiyə ilə qarşılıqlı münasibətlərdə Rusiya, Iran və başqa dövlətləri örnək kimi, şərt kimi, bəhanə kimi irəli sürməsin. Regionda da, bütün dünyada da hər kəs Türkiyə və Azərbaycan arasında münasibətlərin hansı müstəvidə dayandığını çox yaxşı bilir. Azərbaycanın yürütdüyü siyasətdə Türkiyəyə ağırlıq verilməsi kimsəni təəccübləndirməz, təəccübləndirməməlidi. Bu baxımdan, Azərbaycanla Türkiyə arasında viza məsələsinin bu şəkildə saxlanılması, hətta ayıb sayıla bilər.
Türkiyənin Azərbaycandan təbii gözləntiləri var. Məsələn, Türkiyə tam haqlı olaraq gözləyir ki, Azərbaycan parlamenti PKK-nı terror təşkilatı kimi tanıyan bir qanun qəbul etməli və Azərbaycan hökuməti də bundan irəli gələn fəaliyyətləri aparmalıdır. Bu fəaliyyətlərin əsasında PKK-nı örgütləndirən, bu örgütə maliyyə yardımı edən quruluşların soruşdurulması dayanmalıdır.
Azərbaycan prezidenti illər öncə bəyanat verib ki, Quzey Kıprıs Türk Cümhuriyyətini dövlət olaraq tanıyacaq, amma bu sahədə heç bir addım atılmır.
“Türkiyə iş adamları Bakıda davamlı olaraq təqib olunur”
– Amma bizim ölkələrimiz arasında ticari-iqdisadi əməkdaşlığın səviyyəsi də yetərincə deyil. Dövlət və hökumət başçılarının müntəzəm xarakter alan görüşləri belə, bu əməkdaşlıq səviyyəsini qaldıra bilmir.
– Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq ildən-ilə sanki geri gedir. Indi Azərbaycanın Türkiyəyə ixracının miqdarı ildə 7 milyard dollardan artıqdır, amma bu, petrol və qazın hesabına belədir. Türkiyənin Azərbaycana idxalının həcmi 1994-96-ci illərdə 240-250 milyon dollara çatırdı, indi isə 225 milyon dollardır. Amma bunlar, sadəcə olaraq rəqəmlərin ifadə etdiyi nəticələrdir. Rəqəmlərlə ifadə edilməyən göstəricilər də var. Bizim hamımız bilirik ki, Türkiyə iş adamları Bakıda davamlı olaraq təqib olunur. Heç kimə sirr deyil ki, Azərbaycana yük daşıyan TIR sürücülərindən davamlı olaraq rüşvət tələb edilir və görün, vəziyyət hansı həddə gəlib çatıb ki, iki ölkənin hökumət başçılarının ardıcıl görüşmə və müzakirələrindən sonra da bu məsələ həll edilə bilmir. Bizim orada iş qurmaq istəyən, yatırım yapmaq istəyən vətəndaşlarımız ağlagəlməz şərtlərlə üzləşirlər. Onlardan, nəinki rüşvət, hətta aylıq ortaqlıq haqqı da tələb olunur. Türkiyə Cümhuriyyəti dövlətinin rəhbərləri Azərbaycanda qarşılaşdığımız bu əngəllərin ortadan qaldırılmasını istəyirlər, hesab edirlər ki, bu şərtlər iki ölkə arasındakı münasibətlərin bəyan edilən səviyyəsinə uyğun deyil. Amma problemlər ciddi imiş və qalırmış. Azərbaycan Türkiyəyə ixrac etdiyi petrol və qazla bağlı müntəzəm olaraq hansısa problemlər yaradır. Əsasən, qiymət anlaşmalarında şantaj siyasəti hiss edilir. Amma Azərbaycan tərəfi onu qiymətləndirmir ki, bağımsızlıq və strateji güvən qaz və petrolla əvəz olunmaz. Türkiyə Azərbaycanı birtərəfli qaydada Iran və Rusiya kimi iri dövlətlərin təzyiqləri altına düşməkdən qoruyan böyük bir zəmanətdir.
“Azərbaycan vətəndaşları bu durumun uzun müddət davam etməsinə dözməz…”
– Bu arada Azərbaycan və Türkiyənin bir nəhəng geosiyasi proyektə münasibətlərindəı ciddi fərqlər də yaranıb. Bu, “Nabukko” ilə bağlıdır. Müşahidəçilər Rəcəb Tayyib Ərdoğanın son səfərində “Nabukko” ilə bağlı ciddi irəliləyişin qeydə alınacağını ehtimal edirdilər. Amma deyəsən, heç nə olmadı…
– Mən düşünürəm ki, “Nabukko” ilk növbədə Azərbaycanın özü üçün çox əhəmiyyətli geosiyasi proyektdir. Bu proyekt Azərbaycanın Orta Asiyadakı Türk Cümhuriyyətlərindən gələrək Türkiyə üzərindən keçməklə Avropaya ulaşan böyük bir enerji və eyni zamanda təhlükəsizlik koridorunun içində yer alması deməkdir. Doğrudur, bu layihə Azərbaycanın bəzi qonşularının, məsələn, Rusiyanın mənafelərinə uyğun olmaya bilər, amma Azərbaycan öz siyasətini Rusiyanın maraq və təhlükəsizliyi üzərində niyə hesablamalıdır ki?
– Türkiyənin baş naziri bölgədə sülh və demokratikləşmə problemlərinə çox fəal müdaxilə edən bir siyasət yürüdür. Lap bu günlərdə xarici işlər naziri Əhməd Davudoğlunun Suriya diktatoru Bəşər Əsədlə son görüşməsi də bütün dünyanın nəzərlərini Türkiyəyə cəmləşdirmişdi. Necə düşünürsünüz, baş bakanın Azərbaycan səfərində demokratiya və təhlükəsizlik problemləri də müzakirə edilmişdirmi və bunun hansısa nəticələri ola bilərmi?
– Sayın Baş bakan Türkiyə cümhuriyyəti dövlətinin təmsilçisi olaraq bölgə dövlətlərində demokratiyanın inkişafında maraqlı olduğunu dəfələrlə və birmənalı olaraq bildirib. Türkiyə Misir, Suriya, əvvəllər də Iraq kimi bölgə dövlətlərinin idarəçilərinə səslənərək onları dövlət terrorundan əl çəkməyə, vətəndaşların azadlıqlarını təmin etməyə, reformalara çağırıb. Zaman-zaman Azərbaycandakı yönətimlərə də bu məsələlər kübarcasına çatdırılmışdır. Çox təəssüf ki, Azərbaycanı yönətən insanlar tək Türkiyənin deyil, bütün mütərəqqi dünyanın bu cür çağırışlarını qulaqardına vurur, üstəlik özünün avtoritar siyasətini yürütərkən, Rusiya kimi avtoritar rejimlərə güvəndiyini aşkar şəkildə ortaya qoyur. Amma dünyadakı mütərəqqi proseslərə can atan vətənpərvər Azərbaycan insanlarının bu durumun uzun müddət davam etməsinə dözəcəyini güman etmirəm. Şübhə etmirəm ki, adil seçim, insan azadlıqları kimi məsələlər sayın baş bakan Ərdoğanın Azərbaycanda müzakirə etdiyi əsas konulardan biri olub. Indi bu cür məsələlərə münasibətin köklü şəkildə dəyişdiyinin fərqində olmalıyıq: Türk ictimai rəyi və rəsmi Türkiyə Azərbaycanı yönətən hökumətə çox da güvənmək mümkün olmadığı qənaətindədir.
Azad Akifoğlu