“Azadlıq”ın şifahi köşə yazarları-3

Artıq üçüncü gündür onlardan yazıram. Onlar bunu haqq edirlər.

Mən onlara “Azadlıq”ın şifahi köşə yazarları deyirəm. Onlar bizim kimi əldə-ovucda qalan bir-iki azad tribunadan birbaşa tənqidlər yazmasalar da, heç olmasa susmurlar da. Gileylənirlər. Qəzəblərini dilə gətirirlər. 
Onların varlığı bizə güc verir. Onların varlığı bizi daha çox ümidləndirir. Onlar olmasa, daha pis olardı. Sıfırdan başlamaq məcburiyyəti yaranardı. Amma indi heç olmasa qət edilmiş müəyyən yol var. Müəyyən yolçular da hələ qalır. 
Bəlkə biz onlardan başqa fədakarlıqlar, qəhrəmanlıqlar gözləyirik. Rejimə qarşı açıq çıxışlar, qiyamlar gözləyirik. Amma indiki halları ilə belə, onların mövcudluğu adamı ürəkləndirir. Hiss edirsən ki, yazdıqların boşuna deyil. Ölkənin ucqarlarında da səninlə eyni qayğını, eyni narahatlıqları, eyni nigarançılıqları, eyni etirazları bölüşən adamlar var.

Mən bunu bəlkə də çox şişirdirəm, amma Əliyevçi kimi rejimlərdə intuisiyası ilə də olsa, Azərbaycanda yaxşı şeylərin baş vermədiyinin fərqinə varan, bunu dilə gətirən sadə vətəndaşların varlığı vacib məsələdir.

Günlərdir əyalətdəyəm. Saysız-hesabsız insanla görüşmüşəm. Qənaətlərimi də əvvəlki iki yazıda paylaşdım. Bu günsə ümumi düşüncələrimi yazıram. Vəziyyət ağırdır, amma çıxılmaz deyil. Ölkə boyu nəhəng bir etirazçı potensial var. Adamlar başa düşürlər ki, bəli, bu hakimiyyət yollar çəkir, amma Azərbaycanın özünün yolu doğru olmadığı üçün heç bir mənası qalmır.

Rejimin heç bir təbliğat silahı işləmir. Televiziyalarla bağlı vəziyyət aydındır, əvvəlki yazılarda qeyd etdim. Zəlimxan Yaqub da işləmir – onun pafosu, populizmi barədə insanlar sadəcə ikrahla danışırlar. Və mənə düşündürücü gəlir: əgər xalq rejimi doğrudan da sevirsə, bəs onun simvollarını niyə sevmir? Ağstafada olarkən bir tanışımla maraq üçün kiçik bir eksperiment apardıq. Bir neçə nəfərə yaxınlaşıb burada “Heydər Əliyev muzeyi”nin harada yerləşdiyini soruşduq. Hamı çiynini çəkdi. Yalnız bir nəfər “”Fuad” şadlıq evinin yanında elə bir şey olmalıdır” cavabını verdi. Allahın şadlıq evi “Heydər Əliyev muzeyi”ndən daha funksional, daha yaddaqalandır. Tanışımla bir-birimizə baxıb gülümsədik. Hər şey aydın idi. 
Bəlkə də mən həddən artıq optimistəm. Ya da boğulan adam kimi saman çöpündən yapışıram. Bilmirəm. Amma ona əminəm ki, sistemin yerlərdəki dayaqları düşünüldüyündən də zəifdir. Adamlar bundan qat-qat yaxşı yaşamağa layiq olduqlarının fərqindədirlər. Bu gününə də şükr edənlərin sayı əvvəlki qədər çox deyil.

Bir neçə il əvvələdək hər iki adamdan biri deyirdi: “Eybi yox, neftin pulunu oğurlasınlar, amma xalqa da bir gün ağlasınlar”. Mən xeyli sadə insanla söhbət etdim, ancaq bir dəfə də belə mövqe eşitmədim. 
Rejimin ən işlək klişeləri əlindən çıxıb. “Bunlar yeyib doyublar, gələnlər isə ac olacaqlar” kimi sarsaqlamalar ömrünü başa vurub. Hər halda, mən eşitdiklərim və gördüklərim əsasında deyirəm. Adamlar başa düşməyə başlayıblar ki, boş şeydir, bunlar doymayıblar. Və heç vaxt da doymayacaqlar. Gələnlərin ac olmağından isə qorxmağa dəyməz. Eyni məntiqlə, Saakaşvili də ac idi. Bir də ki, yeni gələnlər doğrudan da ac olurlar – ancaq yeniliyin, dəyişikliyin acları.

***

Il ərzində başda Prezident Administrasiyası olmaqla dövlət qurumlarına üst-üstə 200 mindən çox şikayət göndərilir. Bunun üzərinə KIV-lərə ünvanlanan on minlərlə şikayət məktubunu əlavə edin. 

Deməli, xalq da, bizim qədər də olmasa, hər halda yazır. Hər halda xalqın da qələmi  işləyir. Xalq da şikayətlənir. Xalq da ağrılarını kağıza köçürür. Cəmiyyətin küncə sıxışdırıldığı ölkələrdə, əslində, şikayət məktublarının özü də bir cür köşə yazarlığıdır. 
Hər şeyə rəğmən xalqın yazmağa davam etməsinin  özü də ümidverici bir göstəricidir. 
***
Son nöqtə: şablon səslənəcək, amma bir neçə günlük əyalət səfərimin səmimi sonucudur bu – xalq doğrudan da rejimə müxalifətdədir.Hər bir müxalifətə isə sabahkı hakimiyyət kimi baxmaq lazımdır. Bu, qaçılmazdır. Ilham Əliyev nahaq dirəşir.