Səidə Qocamanlı: «Bilərəkdən kiçik zallar verirlər ki, prosesdə izdiham olmasın»
Siyasi motivli işlər üzrə keçirilən bütün məhkəmə proseslərində iclas zalı ilə bağlı süni problem yaradılır. Bu cür işlərin geniş ictimai maraq doğurduğunu bilə-bilə məhkəmə prosesləri üçün olduqca kiçik zallar ayrılır. Elə 2 aprel məhbuslarının məhkəmə iclaslarında da eyni problem yaşanır. Prosesi izləməyə gələnlərin böyük əksəriyyəti yerin olmaması bəhanəsiylə qapı arxasında qalır.
Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, belə işlərdə bilərəkdən kiçik zallar verirlər ki, prosesdə izdiham olmasın: “Ictimaiyyətin diqqətini cəlb edən elə məhkəmə prosesi xatırlamıram ki, orada zallar geniş olsun. Bilərəkdən kiçik zallar verirlər ki, prosesdə izdiham olmasın. Dəfələrlə müraciət etmişik ki, belə proseslərə böyük zallar verin. Demirsiniz ki, açıq prosesdir, qoyun, istəyən gəlib baxsın da. Deyirlər olanımız budur.
Elə olur ki, təqsirləndirilən şəxslərin qohumları da içəri girə bilmir. Blogerlərin məhkəməsində gənclərin yaxınlarına yer yox idi. Deyirdilər ki, bizim əvəzimizə siz girin, hüquq müdafiəçilərinin iştirakı daha vacibdir. Bu belə olmamalıdır axı. Indi də 2 aprel məhbuslarının məhkəməsində eyni hal təkrarlanır”.
S.Qocamanlının sözlərinə görə, Azərbaycanın məhkəmə sisteminin köklü müalicəsinə ehtiyac var: “Bunu hamı bilir. Hətta dövlət başçısı da bilir. Nə qədər ki, hakimlər asılı olacaq, saxta qərarlar çıxarıb kimlərinsə evini yıxacaqlar, bu zal problemi də həllini tapmayacaq”.
Gültəkin


