“Heç bir işgəncə Nehrəmin qürurunu sındıra bilməz”

Məşədi Nehrəmli: “Onlar Yaşar bəyə etdikləri vəhşiliklə əksinə, camaatda özlərinə qarşı qəzəb yaradıblar”

“Naxçıvan zülm içindədir, onun bir parçası olan Nehrəmə isə başqa cür sitəm edirlər. Nehrəmin qüruru ilə oynamaq istəyənlər hələ anlamırlar ki, bu, Andranikin dəstəsinin qarşısında mərdliklə duran kənddir”, – deyə dünən “Azadlıq”ın redaksiyasına gələn Məşədi Nehrəmli kimi tanınan Rzaqulu Həsənov bildirir.

“Yaşar xalqın adamıdır”

Məşədi Nehrəmli mayda kəndlərində sosial problemlərin həlli məqsədilə yaradılan Müdafiə Komitəsinin sədridir. Onu “Azadlıq”a gətirən iki səbəb var. Birincisi, kəndin fəlakət həddinə çatan sosial dərdləri, ikincisi isə, elə bu problemlərin üstünə getdiyinə görə vəhşicəsinə döyülüb həbs olunan AXCP-nin Naxçıvan MR şöbəsinin rəhbəri Yaşar Bağırsoyun vəziyyətidir.
Məşədi Nehrəmli deyir ki, Yaşarın işgəncələrə məruz qalması və ona qarşı başlanmış cinayət işi şəxsən onu çox sarsıdıb: “Bu, bütün Nehrəm camaatına qarşı zorakılıq idi. Çünki Yaşar bəy tək öz probleminə görə deyil, bütün kənd əhalisinin dərdinə əlac tapılması üçün çalışırdı. Onu bütün nehrəmlilər ziyalı və mədəni adam kimi tanıyır, hörmət edir. Yaşarın istədiyi Nehrəm camaatının istəkləridir. O, nə deyirdi ki?! Deyirdi ki, kənd təsərrüfatını məhv etməyin, su verin. Deyirdi ki, kəndlilərə qaz, işıq pulu adı altında olmazın zülm verməsinlər. Deyirdi ki, insanların texnikasını zorla alıb ”metallom”a aparmasınlar”.

Futbol oynayana həbs hədəsi

Məşədi Nehrəmli deyir ki, kənd sakinləri kommunal problemlər üzündən dəfələrlə təhqir olunub, döyülüblər. Kəndin mədəni həyatının tamamilə və məqsədli şəkildə dağıdılmasına diqqət çəkən həmsöhbətimiz buna misal kimi kənddəki stadionun yerlə yeksan olunmasını göstərir: “Prezident ayda azı bir rayona gedib stadion, idman mərkəzləri açır. Bəs biz hansı dövrdə yaşayırıq? Stadionu söküblər. Bu yaxınlarda stadion ərazisində 5 nəfər uşaq futbol oynayırmış. Polis onlardan ikisinin valideynini tutub deyib ki, uşaqlarınızın ağlını başına yığın, əks halda, onların özünə sutka veriləcək”.

Insanların birgəliyindən qorxu

Həmsöhbətimizin xəbərinə görə, yerli hakimiyyət stadionun yerində ev tikmək üçün çox canşəfanlıq edib, amma əhali bu təşəbbüsün reallaşmasına hələ ki, imkan verməyib. Nehrəmlilər hesab edir ki, stadionun sökülməsi ictimai fəaliyyətin, cəmiyyətin birgəliyinin qarşısını almaq məqsədindən qaynaqlanır: “Onlar istəmirlər ki, insanlar stadionda bir yerə yığışsın, dərd-sərini danışsın. Elə çayxanaları da bu məqsədlə yığışdırıblar”.

Polisə çağırış

“Azadlıq”ın qonağı maraqlı fakt da açıqlayır. Deyir ki, ötən ilin yanvarında baş vermiş Bənənyar faciəsinin əsas “qəhrəmanlarından” biri olan polis zabiti Cavid Qasımov indi onların rayonunda polis rəisidir: “Bu adamı sanki Naxçıvanda dirənişilə fərqlənən kəndləri sındırmaq üçün seçiblər. Hamı bilir ki, Nehrəm də, Bənənyar da seçilən kəndlər olub. Cavid Qasımov ola bilsin ki, xəyalən nehrəmlilərin qürurunu sındıracağını düşünür. Amma o bilsin ki, bu, elə düşüncə olaraq da qalacaq. Onlar Yaşar bəyə etdikləri vəhşiliklə əksinə, camaatda özlərinə qarşı qəzəb yaradıblar. Belə kobudluqla Nehrəmdə heç nəyə nail olmayacaqlar”.

Onların xahişi və tələbi

“Azadlıq” vasitəsi ilə dövlət başçısına müraciət edən Rzaqulu Həsənov Nehrəmin problemlərinə biganəliyə son qoyulmasını xahiş edir. Bununla yanaşı, o, kənd camaatının əsas tələbini də səsləndirir: “Tezliklə Yaşar bəyə qarşı qaldırılan cinayət işinə xitam verilməlidir. Əks halda, biz kütləvi aksiyalara başlayacağıq”.

Natiq