İlham Əliyev merin boynuna 10 məktəb qoyub

Hacıbala Abutalıbov qısa müddətdə tədris ocaqlarının təmirini başa çatdırmalıdır

Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun üzərinə ağır yük qoyulub. “Azadlıq”a daxil olan məlumatlara görə, mer yeni tədris ilinə kimi 10 məktəbi əsaslı təmir etməlidir. Bu göstəriş Ilham Əliyevdən gəlib. Bu məktəblər Bakı kəndlərini əhatə edir.
Məlumatlarda bildirilir ki, Ilham Əliyev məktəblərin təmirini Hacıbala Abutalıbova tapşırmaq qərarına Təhsil Nazirliyində bu sahədə ciddi korrupsiya faktlarının aşkar edilməsindən və yeni təmir edilən məktəblərin qısa müddətdə yararsız hala düşməsi faktı üzə çıxdıqdan sonra sonra gəlib. Hacıbala Abutalıbova məktəb təmiri ilə bağlı göstəriş elə qəfil olub ki, hətta görüləcək işlərin smeta dəyəri tutulmayıb. Məlumatlarda o da bildirilir ki, Ilham Əliyev merin işi ilə şəxsən maraqlanacağını deyib. Təsadüfi deyil ki, dövlət başçısı bu günlərdə bir neçə məktəbdə gedən təmir işlərilə maraqlanıb. Görülən işlər barədə isə dövlət başçısına Hacıbala Abutalıbov məlumat verib.

Informasiya şöbəsi